22 fevral 2020 14:21
1544

Azərbaycan dəmir yollarının yükdaşıma imkanları İtaliyada təqdim edilib

İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim olunub.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, fevralın 21-də Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində iqtisadiyyatın bir çox sahələri ilə yanaşı, dəmir yolu ilə multimodal yükdaşımalar sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub. “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov forumda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən son dövrlər ərzində multimodal yükdaşımalar sahəsində həyata keçirilmiş infrastruktur və institusional inkişaf tədbirləri barədə iştirakçılara məlumat verib. Çıxışda Azərbaycan-Avropa istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-nin təqdim etdiyi son logistik məhsullar, İtaliya üçün daha çox maraq kəsb edən “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirlər iclas iştirakçılarının diqqətinə çatdırılıb. İtaliyanın Trieste və Bari limanlarından Türkiyənin əsasən Derince və Mersin limanlarına göndəriləcək yüklərin “Azərbaycan Dəmir Yolları” tərəfindən Türkiyə-Gürcüstan-Azərbaycan ərazisi, buradan isə Mərkəzi Asiya istiqamətlərində daşınması üçün imkanların olduğu qeyd edilib.