07 fevral 2019 11:31
154

Azərbaycan deyəndə gözümdə dövlət-xalq bütünləşməsinin parlaq örnəyi canlanır

Tanınmış şairlərimizdən olan Tofiq Bayramın məşhur “Azərbaycan   deyəndə...” başlıqlı şeirinin qəlbisidən  misralarının doğmalığından yola çıxaraq “İki sahil” qəzeti eyniadlı publisistik layihə həyata keçirir.

...Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr,

Azərbaycan deyəndə!

- sevgiqarışıq xitabına söykənib davam etdiyimiz  “Azərbaycan deyəndə...” layihəsinin əsas məqsədi ölkəmizdə yaşayan, çalışan, təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan haqqında ümumi təəssüratlarını, düşüncə və arzularını oxucularla bölüşməkdir.

Layihəmizin budəfəki qonağı Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemirdir.

Cismən gələ bilməsəm də, ruhən və xəyalən həmişə Azərbaycanda olmuşam

Müsahibimiz  Cihan Özdəmir özünün də qeyd etdiyi kimi, cəmi 13 aydır Bakıda məskunlaşsa da, qəlbi və canı ilə ölkəmizə ürəkdən bağlı olan Azərbaycan sevdalısıdır.  İlk gənclik xəyallarında, ümumiyyətlə, türk dünyası,  Azərbaycan, Bakı  özünəməxsus yer tutub. Bu xəyalları haqqında isə ən yaxşı özü  danışa bilər: “Azərbaycana fiziki olaraq ilk gəlişim keçən ilə təsadüf edir. Amma mən xəyali və ruhi olaraq buraya dəfələrlə gəlmişəm, həmişə Azərbaycanın həsrəti ilə yaşamışam. Mən Türkiyənin Kırıkkale bölgəsində doğulub böyümüşəm, orta təhsilimi də orada almışam. Qardaşım Ankarada tələbə ikən evimizə gələndə özü ilə o vaxtlar  türk dünyasına  aid çap olunmuş tarixi kitablar gətirərdi. 10-12 yaşlarımdan etibarən onun gətirdiyi bütün kitabları oxuyardım. Dostlarım yay tətillərində həyətdə futbol oynayanda mən bütün yayı kitabxanada keçirirdim. Kitabxana işçisi ilə bərabər səhər bir yerdə qapını açardıq, bir də axşam onunla bərabər kitabxananın qapısını  bağlayıb oradan çıxırdım. O dönəmdə  məndə bir türk dünyası fikri yaranmağa başlamışdı. Lisey illərimdə, -təxminən 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən  danışıram- o dönəmdə Türkiyədə siyasi olaylar gərginləşmişdi, ideologiyalar daha aydın şəkildə özünü büruzə verirdi. Milliyətçilik də o dönəmdə yayılmışdı. Təəssüf ki, həmin  vaxt sadəcə millətini, dövlətini sevən milliyətçi gəncləri “faşizm” adı ilə damğalayırdılar”.

Radioda xalq mahnılarını dinləyə-dinləyə Azərbaycan sevdalısı oldum

“O dönəmdə bir az daha aydın şəkildə türk dünyasını görməyə başladıq. Həmin vaxt türk dünyası bizim üçün SSRİ-yə bağlı türk cümhuriyyətləri və türk toplumları idi. O vaxtlar dalğalarını güclə yaxaladığımız  radioda sizin xalq mahnılarını dinləyə-dinləyə Azərbaycan sevdalısı oldum. O dönəm bütün türk gənclərinin tanıdığı Zeynəb Xanlarovanın mahnılarını əzbər bilirdik. Səhv etmirəmsə, 1976-cı ildə Ankarada bir idman sarayında Zeynəb Xanlarovanın ilk  canlı konsertində oldum, indiki kimi xatırlayıram, salonda nəinki oturmağa, hətta ayaq üstə dayanmağa belə yer yox idi, iynə atsan yerə düşməzdi. Bizdə Azərbaycanın elə bir sevdası vardı. Mən universitetdə oxumağa başlayanda bu sevda daha da böyüdü. Orada Azərbaycan ədəbiyyatdan tərcümələr edən ustadım Yavuz Akpınarla daha da yaxından dostlaşdıq. O, bizi həvəsləndirmək üçün Azərbaycan dilindən mətnlər verərdi, biz də onları kiril əlifbasından latına çevirib altına da bizim üçün çətin anlaşılan kəlmələrdən ibarət sözlük yaradardıq. 1977-78-ci illərdə universiteti bitirdikdə diplom işim Süleyman Rüstəmin yaradıcılığına aid idi. Ankara Qazi Universitetində magistrlik işimin mövzusu isə Azərbaycanın dahi romantik şairlərindən olan Hüseyn Cavidin tarixi dramları  idi.  O vaxtlar 1984-85-ci illər idi,  əlimizin altında Hüseyn Cavidin əsərləri yox idi. Yenə Yavuz Akpınarın şəxsi kitabxanası karıma gəldi. O vaxt Yavuz hocanın kitabxanasında bəlkə də bütün Türkiyədə tapılmayacaq kitablar vardı, kitabxanası Azərbaycan ədəbiyyatı ilə də çox zəngin idi. Bu kitabxanadakı kitablar vasitəsilə Hüseyn Cavidin yazı dilinin Türkiyə türkcəsinə nə qədər yaxın olduğunu, dahi romantikin İstanbula gəlib bizim məşhur ədiblərlə görüşdüyünü, onların tələbəsi olduğunu öyrəndim. Hüseyn Cavid də bütün romantiklər kimi əsərlərində çox həyəcanlı idi, təəssüf ki, o da öz Vətənini sevən bir çox qeyrətli vətən övladı kimi repressiyaya məruz qalmışdır...”

60-cı illərin Bakısını görməyi çox istərdim...

“SSRİ dağılıb sərhədlər açıldıqdan sonra Türkiyədə Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə  bəslənən böyük maraq aşkar şəkildə nümayiş etdirilməyə başlandı. Həmin dövrdə hətta tələbələrim belə dəfələrlə Azərbaycana gəldilər, amma  mən fürsət tapa bilmədim, nədənsə Bakıya gəlmək nəsib olmurdu. Yalnız 2018-ci ildə Azərbaycandakı Yunus Əmrə İnstitutunun rəhbəri vəzifəsi boşalan kimi bura gəlmək üçün Ankaradakı rəhbərliyimizə müraciət etdim, təklifim müsbət qarşılandı, tezliklə təyinatım bura verildi. Nəhayət ki, uzun illərdən sonra həsrətində olduğum, xəyalən fkrimdə yaşatdığım Azərbaycana cismən qovuşdum.

Yavuz Akpınarda 50-60-cı illərə aid Azərbaycanın, Bakının  fotoları  vardı, onlara baxıb heyran olurdum. 60-cı illərin Bakısını görməyi çox istərdim... O  fotolardakı Bakı artıq yoxdur.  Bəxtiyar Vahabzadənin, Anar Rzayevin, İlyas Əfəndiyevin gəncliyinin keçdiyi o Bakını görməyi, onların oturduğu kafelərdə oturub onların söhbətlərini dinləməyi, o vaxtkı Azərbaycan Yazıçılar İttifaqına baş çəkməyi çox  arzulayardım...  İndi Bakı bambaşqa bir şəhər olub - daha müasir, daha inkişaf etmiş və daha böyük. İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və onun bənzəri olan  tarixi məkanların qorunduğu bir şəhər olsa da, Bakı  indi modern bir meqapolisdir...”

Elm, sənət və ədəbiyyat xadimlərinə sahib çıxmaq hər bir millətin  başlıca inkişaf kriteriyasıdır

“Azərbaycanda ən çox təqdir etdiyim məqamlardan  biri də ədəbiyyat, elm və sənət adamlarına dövlətin və millətin sahib çıxması,  onları sevib saymasıdır. Prospekt, küçə adlarına baxıram, əksəriyyəti ədəbiyyat, sənət adamlarının adını daşıyır, binaların üzərində vaxtilə orada yaşamış sənət və ədəbiyyat adamlarına aid barelyefləri, mərkəzi meydanlarda yazıçıların, şairlərin  heykəllərini görürəm.  Elm, sənət və ədəbiyyat xadimlərinə bu şəkildə sahib çıxmaq xalqın bir millət  olaraq inkişafının göstəricisi, başlıca kriteriyasıdır.

Burada ədəbiyyat həyatın, məişətin   içinə çox nüfuz   edib. Burada taksi sürücüsü belə söhbət əsnasında hansısa klassikdən əzbər misralar, qəzəllər  söyləyə bilər. Təəssüf ki, biz Türkiyədə bunu itirdik. Bir dönəm Türkiyədə  məktəblərimizdə şeir əzbərlətməyi ortadan qaldırdılar, uşaqlar əzbərçiliyə öyrənməsinlər deyib onların şeir əzbərləməsini lazım bilmədilər. Halbuki şeirlər bir dilin ən gözəl örnəkləridir, dilin  süzülmüş şəklidir. Uşaqlarımıza şeir əzbərləməyi öyrətsək, onların beynində dilin doğru bazası formalaşar, nitqləri daha da gözəlləşər.”

Azərbaycandan başqa dünyanın heç bir yerində
özümü doğma vətənimdəki kimi  hiss etməmişəm

“Mən Azərbaycanda “Bir millət, iki dövlət” olmağın dəfələrlə canlı şahidi olmuşam. Azərbaycanda hara getsəm, öz ana dilimdə danışıram və məni anlayırlar, eləcə də buradakıların öz ana dilində danışdıqlarını başa düşürəm. Bu, çox xoş bir hissiyyatdır. Bu, öz millətimin arasında, öz vətənimdə yaşadığım duyğunu hiss etdirir.  Mən 20 il  xaricdə yaşamışam, amma  Azərbaycandan başqa dünyanın heç bir yerində özümü doğma vətənimdə, öz ana yurdumdakı kimi  hiss etməmişəm. Vərdişlərimiz, məsəllərimiz, zarafatlarımız, təfəkkürümüz, düşüncə tərzimiz, məişətimiz - hamısı bir-birinə bənzəyir. Azərbaycanda ən bəyənib təqdir etdiyim xüsusiyyətlərdən biri də  səmimiyyətdir.  İnsanlar iki dəqiqənin içərisində bir-birinə isinişirlər. Türkiyədə də bu var.  Bütün bunlar  bizim həqiqətən bir millət olduğumuzun göstəricisidir.

Azərbaycanın doğma Qarabağın işğalı ilə qətiyyən barışmaması
millət olmağın yaratdığı davranış biçimidir 

Azərbaycanda müşahidə etdiyim bir məqamı vurğulamasam olmaz. İstər sosial mediada, istər çap və online mətbuatda, istərsə də gündəlik yaşamda Qarabağ və şəhidlər mövzusu həmişə aktual olaraq qalır. Bu çox yaxşı məqamdı, bu, Azərbaycan xalqının haqsız durumu qəbul etmədiyini və heç bir zaman da etməyəcəyini göstərir. Bu nüans milli kimliyin inkişafı ilə bağlı məsələdir. Azərbaycan xalqı öz doğma torpaqlarının  işğalını qəbul etmir və etməyəcək. Həm dövlət, həm ziyalılar, həm də xalq Qarabağ münaqişəsini canlı bir şəkildə gündəmdə saxlayır. Bu anlamda mən Azərbaycan deyəndə dövlət-xalq bütünləşməsinin parlaq örnəyinin şahidi oluram. Bu çox önəmli məsələdir və demokratik yetkinlikdir, millət  olmağın yaratdığı bir davranış biçimidir.

Yunus Əmrə İnstitutu  olaraq biz burada gərgin və səmərəli fəaliyyət göstəririk.  Asudə vaxtlarımda “Ayrılıq”, “Sarı gəlin” mahnılarını,Üzeyir Hacıbəylinin bəstələrini, Rəşid Behbudovun mahnılarını dinləməyi sevirəm.  Anarın ssenari müəllifi olduğu “Dədə Qorqud”u izləmişəm, “Nəsimi” filmini sevirəm. Azərbaycanın gənc estrada müğənnilərindən Tünzalə Ağayeva, Çingiz  Mustafayevi dinləyirəm. Yeri gəlmişkən, institutumuz Çingiz Mustafayevlə Azərbaycan və türk ortaq mahnılarından ibarət repertuarla bir konsert layihəsi ərsəyə gətirməyi düşünür.

Məlum olduğu kimi, hörmətli Prezident İlham Əliyevin müvafiq Sərəncamı  ilə 2019-cu il Azərbaycanda “Nəsimi İli” elan  olunub.  Biz də Bakı Yunus Əmrə İnstitutu olaraq  “Nəsimi İli” çərçivəsində həm Türkiyədə, həm də Azərbaycanda dahi Nəsiminin qəzəllərinə bəstələnmiş mahnılardan ibarət bir konsert proqramı təqdim etməyi nəzərdə tuturuq.”

Tarixdən aldığımız dərsləri və milli kimliyimizi unutmamalıyıq

“Sonda demək istədiyim bundan ibarətdir ki, biz eyni millətin insanları olaraq çox çalışmalıyıq. Ölkələrimizin firavanlığı, qüdrəti və inkişafı onun fədakar övladlarının çalışqanlığına bağlıdır. Hamımız yaşadığımız cəmiyyətə, dövlətimizə qarşı dərin məsuliyyət hiss etməliyik. Türklərin qədim babalarından olan Bilgə Kağan deyir ki, ey türk, sən safsan, başına gələnləri tez unudursan, unutqan olma! Biz də babalarımızın bu dəyərli tövsiyəsinə əməl etməliyik, tarixdən aldığımız dərsləri, milli kimliyimizi unutmamalı və canımız-qanımız bahasına qorumalıyıq. İnanıram ki, Türkiyə və Azərbaycan bir - birinə dəstək verərək, bir- birinə sahib çıxaraq  bundan sonra da “Bir millət, iki dövlət” devizi ilə inamla  gələcəyə addımlayacaq!”.

Sevinc Mürvətqızı
Vüsal Cahanov (fotolar), 
“İki sahil”