01 iyul 2020 10:29
484

Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz

Bəzi ölkələrdə  məhdudiyyətlərin aradan qaldırılması daha çox iqtisadi faktorla bağlıdır

    Hər zaman qeyd etdiyimiz kimi, koronavirusa qarşı mübarizə bütün dövlətlərin malik olduqları imkanların, vəziyyətdən çıxmaq üçün tətbiq etdikləri təcrübənin təqdimatıdır. Ölkəmizdə ilk gündən  gigiyena və özünütəcrid qaydalarına lazımi səviyyədə əməl edilməsi bir tələbə çevrildi. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq,  sosial məsafəni qorumaq,  maska və əlcəklərdən  istifadəyə xüsusi diqqət yetirmək əsas tələblər sırasında oldu.  Günbəgün gözəlləşən Bakımızın hər addımlığında rast gəldiyimiz reklam lövhələrində dövlətimizin başçısı İlham Əliyevin «Biz birlikdə güclüyük!» çağırışının qarşıya qoyduğu vəzifələri özündə ehtiva edən  maarifləndirici fikirlər öz əksini tapdı, bir daha bu reallıq  aşılandı ki, hər birimiz özümüzün həkimi olmasaq, sağlamlığımızı qorumasaq COVID-19 qalib olacaq. Necə ki, dünya dövlətlərində yoluxma və ölüm halları pik həddə çatıb, artıq səhiyyə ocaqlarında yer çatışmazlığı qaçılmazdır, həkim heyəti vəziyyətdən çıxmaqda acizdir. Çünki  həmin ölkələr ilk gündən  seçim qarşısında qaldığı iki istiqamətdən iqtisadiyyatın geriləməsinin qarşısını almağı düşündü. Yəni insanların sağlamlığının təminatı arxa planda dayandı. Həmçinin  inkişaf etmiş dövlətlərdə səhiyyə sisteminin o qədər də ürəkaçan olmadığı özünü qabarıq şəkildə büruzə verdi. Nəzərə alsaq ki, heç bir dövlət  belə  hadisələrdən sığortalanmayıb kompleks tədbirlərin görülməsi mütləqdir. Azərbaycan dövləti  müxtəlif  sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası ilə ölkənin hərtərəfli inkişafına geniş imkanlar açıb.  

      Ölkəmizdə davamlı şəkildə gerçəkləşdirilən tədbirlər  infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıdı. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması,  ölkələrlə sərhədlərin bağlanması, gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir.  İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirdi. Kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi  üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi  koronavirusa qarşı mübarizədə uğurun ilkin əsasları oldu.  Ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması,  park və ictimai istirahət yerlərinə insanların girişinə qadağaların qoyulması da bu tədbirlər silsiləsindəndir. Sərt karantin rejimi dövründə  Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı.  Ölkədə hərəkət məhdudiyyəti tətbiq olunaraq bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.

  Təbii ki, bu kimi davamlı addımlar  koronavirusa qarşı mübarizənin ilkin mərhələsini az itki ilə başa vurmağa əsas yaratdı. Düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər yüksək dəyərləndirilir.

   Yoluxma hallarının  sağalmadan aşağı səviyyədə olması karantin rejimində yumşalmaları zərurətə çevirdi. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi,  Azərbaycanda da xəstələyin yayılma sürətini artırmışdır. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Ölkəmizdə iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlamış, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötmüşdür. Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilmişdir. Bununla yanaşı, hələ də  epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Əhalinin daha çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

    Ölkəmizdə sərt karantin rejiminin tətbiqi fonunda  bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması daha çox iqtisadi faktorla bağlıdır. Çünki məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır.

   Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi ölkəmizdə  mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Azərbaycan dövləti üçün heç bir səbəb  əhalinin sağlamlığından öndə ola bilməz.

    Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısamüddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur. Hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir. Karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

  Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün  iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə etməməlidirlər. Hazırkı vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir. Karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqi gücləndirilməlidir.

Vətəndaşlar birləşməlidilər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir.Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.

Yeganə Əliyeva,

«İki sahil»