05 avqust 2019 10:30
212

Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır

Son 16 ilin uğurları ölkəmizin  innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə addımladığını təsdiqləyir

Cənab İlham Əliyevin 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunmasından ötən 16 ildə ölkəmizin keçdiyi inkişaf yoluna, əldə etdiyi uğurlara bir daha nəzər salaq. Həmin ilin oktyabrın 15-də seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər addımı ilə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini təsdiqləməklə bugünkü reallıqlara yol açdı.

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbəsindən sonra keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış düşünülmüş və məqsədyönlü siyasəti Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalığından, iqtisadi tənəzzülündən xilas etdi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Məhz o dövrdə qoyulan möhkəm təməlin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 250 milyard dollardan artıqdır. Yenə də xatırlatma etməyə məcburuq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Lakin bu maraq müstəqilliyimizin ilk illərində ictimai-siyasi durumun gərginliyi fonunda çox zəif görünürdü. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər tərəddüd edir, qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildən sonrakı dövr artıq bu tərəddüdlərə son qoyulması ilə müşayiət olundu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində atəşkəs sazişinin imzalanması uğurlarımıza geniş yol açdı. Həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı bir daha ortaya qoydu. Artıq həmin dövrdən bizləri ayıran 25 ilə yaxın zamana diqqət yetirsək, əldə olunan uğurların miqyasının genişliyi bir daha bu reallığı ortaya qoyur ki, sabitlik bütün inkişafın əsasıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla başa çatması və yeni layihələrin gündəmə gətirilməsini şərtləndirməsi beynəlxalq aləmdə qazandığı etirbarlı tərəfdaş imicinin təsdiqidir. Xatırlasaq, “Əsrin müqaviləsi”nin 20 illiyi Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi isə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yadda qaldı. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP istifadəyə verildi. Dövlətimizin başçısı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir: “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir. “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi.” Son illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrasından xəbər verir.

“Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.

Məhz sabitlik fonunda Azərbaycan əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan Strateji Yol xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.

Cənab İlham Əliyev əsas diqqəti uğurlarımızın əsasında dayanan xalq-iqtidar birliyinə yönəldir. Hər bir çıxışında “Hakimiyyətin yeganə mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bu dayağa güvəndiyini, uğurlu addımlarda stimul olduğunu xüsusi vurğulayır. Bu birliyə, həmrəyliyə əsas verən amil isə təbii ki, dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayanmasıdır. Xalq hər addımda özünə diqqət və qayğının şahididir. Bircə faktı qeyd etmək kifayətdir ki, dünyanı bürüyən iqtisadi və maliyyə böranı dövründə dünya dövlətlərində sosial ödəmələr azaldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilmiş, sosial müdafiənin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb. Ən əsası Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Təkcə cari ilin ötən dövründə imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir. 6 ayda təsdiqlənən davamlı sosial paketlər insan amilinə verilən dəyəri bir daha ortaya qoydu. O da məlumdur ki, 2009-cu ildə keçirilən ümumxalq səsverməsi zamanı “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifahının təmin edilməsidir. Azərbaycanın hərtərəfli inkişafının bələdçisi olan xalqımız hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını görür, ən əsası Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.

İqtisadi tərəqqini sürətləndirən əsas amillərdən biri demokratikləşmə prosesinin olduğunu nəzərə alsaq, son 16 ildə Azərbaycanın bu sahədə əldə etdiyi uğurlara qısa nəzər salaq. Beynəlxalq təcrübələrin tətbiqinə verilən önəm Azərbaycanın təkmilləşmədə, yeniləşmədə marağının təsdiqidir. Seçki Məcəlləsinə zamanın tələbinə uyğun olaraq əlavə və dəyişikliklərin edilməsi beynəlxalq birlik tərəfindən təqdir olunur. Ən əsası Konstitusiyamıza son 16 ildə iki dəfə əlavə və dəyişikliyin edilməsi insan amilinə verilən dəyərin təsdiqi kimi beynəlxalq ictimaiyyətin marağında oldu. 2016-cı ildə keçirilən referendumda müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və sair kimi mühüm addımlar ölkəmizin təkmilləşməyə verdiyi önəmi nümayiş etdirdi.

Cənab İlham Əliyev daim çıxışlarında bəyan edir ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, hərtərəfli inkişafın əsasıdır. Siyasi və iqtisadi islahatların paralelliyi fonunda davamlı uğurlara imza atılır. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərləri, eyni zamanda, iştirak etdiyi beynəlxalq tədbirlər çərçivəsində keçirilən mətbuat konfranslarında Azərbaycan demokratik inkişafla bağlı suallara cavablarını xatırlayanda ancaq bir məqam daha çox diqqəti çəkir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. İlin əvvəlində ənənəvi keçirilən Davos İqtisadi Forumunun 49-cu iclası çərçivəsində jurnalistin “Gəlin, siyasi fəallıq və insan hüquqları ilə bağlı Avropa normasından danışaq. Bir çoxları hesab edir ki, bu, yalnız fərdlərin şəxsi inkişafına deyil, ümumi iqtisadi inkişafa da təsir edir. Yəni bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin ölkə mətbuat azadlığı ilə bağlı tənqid olunur” sualına cavabını xatırlayaq: “Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.” “O zaman necə olur ki, Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir” sualına gəldikdə isə “Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur” söyləyən cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub: “Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur.”

Demokratik cəmiyyətin əsas atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyəti, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz önündədir. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında dövlət maraqları öndə dayanır. Demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizin demokratiya təcrübəsi nümunə göstərilir. Bunu son 2018-ci il  11 aprel prezident seçkiləri də təsdiqlədi.

Cənab İlham Əliyev Azərbaycanın uğurları fonunda beynəlxalq münasibətlər sistemində artan yeri və roluna da diqqət yönəldir: “Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.”   Göründüyü kimi, daxili sabitlik xarici siyasət sahəsində də uğurlu addımlara stimul verir. Müstəqilliyimizin ilk illərini bugünkü Azərbaycanla müqayisə etdikdə fərqli baxışın, yanaşmanın şahidi oluruq. Həmin illərdə informasiya blokadasında olan Azərbaycan 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra öz varlığını, müstəqil dövlət kimi yerini və rolunu müəyyənləşdirdi, iki və çoxtərəfli çərçivədə əlaqələrini genişləndirməklə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu. Ümummilli Liderin xarici ölkəyə elə bir səfəri yox idi ki, əsas problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmasın, erməni yalanları ifşa olunmasın.

Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursu bütün istiqamətlərdə uğurla davam edir. Azərbaycanın xarici siyasəti açıqdır, aydındır. Beynəlxalq hüququn norma və prinsiplərini əsas tutan rəsmi Bakı daim bəyan edir ki, Azərbaycan siyasətində müstəqildir. Heç bir qüvvə Azərbaycanla diktat dilində danışa bilməz. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur.

Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada ki, bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz.”

Azərbaycan regionda sabitləşdirici rolunu uğurlu addımları ilə artırır. Bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olan ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi də bu istəyindən irəli gəlir. Dünyada cərəyan edən proseslərə, gərginliklərə, toqquşmalara diqqət yönəldən cənab İlham Əliyev İslam həmrəyliyinin vacibliyini, Azərbaycanın bu birliyə töhfələrinin davamlı olduğunu bildirir.

Ölkəmizin regional və beynəlxalq əməkdaşlığa töhfələri müxtəlif formatlarda yaradılan birliklərdən də aydın görünür. Cənab İlham Əliyev ötən il keçirilən andiçmə mərasimində bildirmişdir: “Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir.”

Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və digər formatların təşəbbüsçüsü kimi Azərbaycanın çıxış etməsi regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Ölkə Prezidenti daim bildirir ki, hər bir ölkə üçün qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, gerçəkləşdirilən layihələr haqqında heç danışmağa da dəyməzdi.

Cənab İlham Əliyev Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi ugurlara diqqəti yönəldərək bildirir ki, məhz 1993-2003-cü illərdə qoyulan möhkəm təməl Azərbaycanın bütün çətin sınaqlardan şərəflə çıxmasını və bugünkü sürətli inkişafa nail olmasını təmin edir. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Görülən işlər göz qabağındadır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında addımlar atmış və uğurlar əldə etmişdir. Məhz görülən işlərə əsaslanaraq, Azərbaycan inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyub. Bu hədəfimiz də xalq-iqtidar birliyinin möhkəmliyinə, sarsılmazlığına əsaslanaraq, keçilən yolun, uğurlarımızın zənginliyi fonunda reallıqdır. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə söylədiyi bu fikirlər son 16 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsidir: “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir.”

Yeganə Əliyeva, “İki sahil”