11 iyul 2020 13:55
430

Azərbaycan dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir

“Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olan Azərbaycan dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir

COVID-19 pandemiyası bütün dövlətlərin təcrübə və səylərini birləşdirmək zərurətini yaradıb. Bu baxımdan, Azərbaycanın Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması böyük önəm kəsb edir. Ölkəmizin BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Qürurverici haldır ki, Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkələrdən hesab olunur. Bu amil hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurur.

Bu sözləri Milli Məclisin deputatı Könül Nurullayeva AZƏRTAC-a açıqlamasında deyib.

Deputat diqqətə çatdırıb ki, hazırkı vəziyyətdə bütün dünya dövlətləri koronavirus pandemiyası ilə mübarizədə effektiv nəticələr, böhrandan çıxış yolları axtarırlar. Dövlətlər bir-birinin uğurlu təcrübəsindən bəhrələnməyə çalışırlar. Bunun üçün isə vahid müzakirə platformasına ehtiyac var. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısında da bunun şahidi olduq. 120 dövlət məhz bu platforma üzərindən mövcud vəziyyətlə bağlı təklif və tövsiyələrini bölüşdü, koronavirusla mübarizədə vahid yanaşma sərgilədi. Burada təbii ki, çox mühüm məqam Azərbaycanın beynəlxalq nüfuzu, onun liderinə - Prezident İlham Əliyevə olan etimaddır. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət, prinsipial və müstəqil siyasət hesabına qazanıb.

Ölkə rəhbərinin həyata keçirdiyi islahatların iqtisadiyyatın inkişafında, rentabelliyin yüksəldilməsində rolundan danışan K.Nurullayeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Ötən il həyata keçirilən sosial paketlər vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərib.

Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən təsdiq olunur. Məhz bunların nəticəsidir ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.

Deputat bildirib ki, BMT-nin hesabatına görə, ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olması qürurvericidir. Dövlətimizin apardığı islahatların, həyata keçirdiyi müvafiq tədbirlərin nəticəsində Azərbaycan qonşu ölkələri geridə qoyaraq 54-cü yerdə qərarlaşıb. Azərbaycanla müqayisədə Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü yeri tutur.

“Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Respublikamız bundan sonra da davamlı inkişaf yolunda inamla irəliləyəcək, postpandemiya dövründə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün problemlərimizi Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həll edə biləcək”, - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.