10 mart 2020 20:40
1216

Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz sözünü deyir

Neft kapitalının insan kapitalına çevrilməsi bu günümüzün reallıqlarındandır

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu.  Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı etdi ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır.

Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna  uyğun olaraq  regional inkişaf proqramları qəbul olundu,  uğurla icra edildi.  Artıq 4-cü Dövlət Proqramın icrasının bir ili tamam oldu.    Dövlət Proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Hər zaman qeyd olunduğu kimi,  iqtisadiyyatın inkişafı  elmin və yeni texnologiyaların  inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizindən çoxu  internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda  internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni   4G, 5G  xidmətləri təqdim edilir. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir  ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin  Dünya İqtisadi Forumunun hesabatlarında  Azərbaycan bu sahədə də  liderliyini qoruyur.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlətimizin başçısı İlham Əliyevin  17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” nın uğurlu icrası  nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsinin nəzərəçarpacaq dərəcədə artmasını,   2013-cü ilin ölkəmizdə  “İKT ili” elan edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusi qeyd etməliyik. “İKT ili”ndə  ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti  İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.”  “Azərspace-1”  ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə  “Azərsky” müşahidə peyki və 2018-ci ildə  isə  “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır.  Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində  qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə  nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim  izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində  “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində  bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə  dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region  deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq  hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmiş, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi məsələsindən bəhs edərkən  bu mühüm  məqamı xüsusi qeyd edir ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində: “O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdi. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.” Bu mühüm hadisəni  Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən cənab İlham Əliyev ölkəmizin bu tədbirə  ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər böyük fürsət olduğunu  vurğulayır.

Hər zaman qeyd olunduğu kimi, dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. “XX əsr texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” deyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki,  genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  son illər ərzində  əldə edilmiş  təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə  keçirilsin. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq. 

Qeyd edək ki, Azərbaycanın qarşıdakı illərdə hədəflərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu,  potensialı önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev konsepsiyaya uyğun olaraq ölkədə  innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmaq üçün İKT sektorunun inkişafının prioritetliyini mühüm vəzifə kimi qarşıya qoyub.  Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün  İKT sektorunun həcminin 4 dəfədən çox  genişləndirilməsi  nəzərdə tutulub.  Bu mühüm addımlar  onu deməyə əsas verir ki,  müstəqil Azərbaycan dövlətinin gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.  Bu günümüzün əsas çağırışını-İKT sektorunun tərəqqisini sürətləndirmək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi, onların dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin potensial imkanlarından səmərli istifadə olunması istiqamətində atılan addımların davamlılığı da göz önündədir.  Cənab İlham Əliyev daim bildirir ki,  ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin  bölgələrə səfəri çərçivəsində Tovuz rayonunda “ASAN Həyat”  kompleksinin istifadəyə verilməsi mərasimində də bu fikirlər xüsusi vurğulanmışdır ki, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər: “Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur.” 

Yeganə Əliyeva, “İki sahil”