30 iyul 2020 18:14
407

Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir

Bu fakt bir çox beynəlxalq hesabatlarda da yer alıb. Təbii ki, ölkədə daxili sabitliyin mövcudluğu, onun qorunub saxlanılması Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan polisi ölkədə ictimai qaydanın və təhlükəsizliyin qorunması, cinayətkarlıqla mübarizə sahəsində uğurlu xidmət aparır. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr hər vasitə ilə polisin fəaliyyətini ləkələməyə çalışır.

Burada diqqəti bir məsələyə yönəltmək istəyirəm. Bu gün bir sıra ölkələrdə polis zorakılığı ilə müşayiət olunan hadisələri müxtəlif beynəlxalq və yerli xəbər saytlarından, sosial şəbəkələrdə izləyirik və şahidi oluruq.

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova "İki sahil"ə açıqlamasında söyləyib.

Deputat xatırladıb ki, ötən gün ABŞ-ın “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması ilə bağlı tənqidi məqalə dərc olunub.

Bundan öncə ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən zorakılığa məruz qalması onun ölümü ilə nəticələndi. Bu, Amerikada əsasən qaradərili icmaların narazılığına səbəb oldu və kütləvi nümayişlər başladı.

“New York Times” qəzetində dərc edilmiş digər bir məqalə də polisin açdığı atəş nəticəsində ölən afroamerikalı xanım Breonna Teylorla bağlı olub. Polisin evə zorakılıqla daxil olması və nəticədə evdə yaşayan insanın öldürülməsi insanlarda yenidən qıcıq yaradıb.

Maraqlı və diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələr Bakıda icazəsiz aksiya keçirərək təxribat törətməyə cəhd edirlər. Onların təxribatlarının qarşısı hüquq-mühafizə orqanları tərəfindən dərhal alınır. Belə olan halda öz vəzifə borclarını yerinə yetirən, qanun çərçivəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarımız ABŞ-da Azərbaycanı sevməyən və onu hər vasitə ilə pisləməyə çalışan qüvvələr tərəfindən pis yöndə təqdim edilməyə çalışılır. Həmin qüvvələrin nəzarətində olan kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları Azərbaycan hakimiyyətini tənqid edir, yalan informasiyalar yayırlar. Ancaq nədənsə vəziyyətin heç də yaxşı olmadığı ABŞ-da bu haqda danışmaqdan çəkinirlər. Biz onların hansı məqsədlərə xidmət etdiklərini yaxşı bilirik.

Ötən həftə Los-Ancelesdə həmvətənlərimizə qarşı erməni təxribatının qarşısının alınmasında ABŞ polisinin qətiyyətli addım atmaq istəmədiyini də gördük. Biz hazırda bu cür ədalətsizliklə mübarizə aparmalıyıq, bu halları tənqid etməliyik. Bu işdə gənclər aktiv olmalı, ölkəmizə qarşı aparılan çirkin kampaniyalara, yalan informasiyalara reaksiya verməlidirlər, ölkənin maraqlarını qorumalıdırılar.

Son hadisələrlə bağlı erməni təxribatlarına qarşı xaricdə yaşayan həmvətənlərimizin birliyi bizi qürurlandırdı. Biz vətənimiz, onun müstəqilliyi və bütövlüyü üçün bunu daha da gücləndirməli, davam etdirməliyik.

H.Hüseynova qeyd edib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza etdiyi müraciət mühüm əhəmiyyət daşıyır. Mehriban xanımın bir vətəndaş, ana-bacı, bir dost kimi xalqımıza çağırışı, istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və məsuliyyət hissi yaradır. Bilməliyik ki, ölkəmizin, Vətənimizin maraqları hər şeydən öndədir. Biz yoxlanılmamış xəbərlərə, sosial şəbəkələrdə yer alan məlumatlara inanmamalıyıq və onların yayılmasına imkan yaratmamalıyıq.