15 iyul 2019 10:32
1080

Azərbaycan dünyaya günəş kimi doğdu

1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ilə bu günümüz üçün möhkəm baza formalaşdıran ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu istəyini gerçəkləşdirdi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə dövlət başçısının söylədiyi “Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq.

Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox” fikirlər Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların aydın mənzərəsini yaratdı.

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük səylərin və qətiyyətin nəticəsidir. 1993-cü ilin bu günlərini yada salaq. Həmin dövrdən bizi 24 illik zaman fasiləsi ayırır. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi xalqın sabaha ümidlərini heçə endirmişdir. “Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı vəziyyətdən çıxış yolu axtarırdı. Belə çətin məqamda  Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Məhz tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin uğurları daha aydın görünür, düzgün dəyərləndirilir.  Ulu öndər Heydər Əliyev üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. O, 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.” Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin  imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla müqavilə, Anlaşma Memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi deyilənlərin təsdiqidir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir. 

Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları dahi şəxsiyyətin uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxili və xarici qüvvələr hər vəchlə bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması yolunda hansı maneələrlə üzləşdiyini geniş şərh etməyə ehtiyac yoxdur.  Lakin ulu öndər Heydər Əliyev uğurlu addımları ilə bu maneələri dəf etdi, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu, həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu uğurumuzu şərtləndirən əsas amillər təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və s. kimi sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlətimizin başçısı 28 May- Respublika Günü münasibətilə rəsmi qəbulda da bu məqamı xüsusi qeyd etmişdir: “Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.”

Artıq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Azərbaycanın 155 ölkəninin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə keçirilən andiçmə mərasimində bu əsas məqamı da diqqətə çatdırmışdır ki, belə bir yüksək və məsuliyyətli vəzifəsini öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Məhz xalq-Heydər Əliyev birliyi, həmrəyliyi bugünkü uğurların təməlində dayanır. Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır.  Birinci hakimiyyəti illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar ölkəsinə çevirən  ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qüdrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələr yaradıldı.

Ulu öndər Heydər Əliyevin elə bir ölkəyə səfəri olmazdı ki, aparılan danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin.  Xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır. Bu təhlillər əsasında mütəmadi səsləndirilən “Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” tezisinə aydınlıq gətirir. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 

Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazı çərçivəsində uğurlarını əhatə etmək qeyri- mümkündür. Ümumiləşdirilmiş şəkildə desək, bugünkü güclü, qüdrətli Azərbaycan Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bu gün dünyanın xarici siyasəti ölkəmizdə müzakirə olunursa, bu, dahi şəxsiyyətin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin son 15 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar geniş şərh olunaraq bu fikir xüsusi qeyd olunur ki, ölkəmizin inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunur və yüksək dəyərləndirilir. Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın uğurları önə çəkildi, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu oldu. Bir daha qeyd olundu ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır.

Azərbaycanın bu günlərdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi də Heydər Əliyev siyasətinin uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ölkəmiz bir daha təsdiqlədi ki, hər sahədə nümunədir.

Uğurlarımız yeni-yeni hədəflərə yol açır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir. Bu yol uğurlu yoldur.

Yeganə Əliyeva, “İki sahil”