07 oktyabr 2019 19:57
117

Azərbaycan elmşünaslığına böyük töhfə

“Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni” monoqrafiyası işıq üzü görüb

Tanınmış alim, “Nanoelm və nano texnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutu direktorunun müşaviri, texnika elmləri doktoru, professor Eldar Şahbazovun və “Nanoelm və nanotexnologiyalar” sahəsində UNESKO mükafatı laureatı, Rusiya Təbii Elmlər Akademiyasının üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazma və sement məhlulları” laborotoriyasının müdiri, texnika elmləri doktoru Elçin Kazımovun birgə yazdıqları, akademik, AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin elmi redaktorluğu ilə nəşr edilən “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni” monoqrafiyası bu gün Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olub.

Mübaliğəsiz demək olar ki, Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərən, bütün dünyada tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanan, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi Azad Mirzəcanzadənin həyat və yaradıcılığından bəhs edən, azərbaycan, rus və ingilis dillərində nəşr olunan bu monoqrafiya qısa müddətdə özünə geniş oxucu auditoriyası toplaya bilib.

Gərgin əməyin bəhrəsi olan monoqrafiyanın böyük maraq doğuran ictimai, fəlsəfi və elmi məzmunu onun bu günümüz, müasirlərimiz üçün aktuallığını daha da artırır.

Universal zəka sahibi, akademik A.Mirzəcanzadə böyük Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi dühalardandır. Yüzlərlə elmi əsərin, ixtira və patentin müəllifi, elmlər doktorları və elmlər namizədlərinin elmi rəhbəri olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qazçıxarma proseslərinin qlobal optimallaşdırılmasına, quru və dəniz neft-qaz yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanıb, tətbiq edilməsinə, elmi yaradıcılığının son dövrlərində isə neft sənayesində nanotexnologiyaların tətbiq olunması ideyasına nail olaraq dünya neft elminə layiqli töhfələr vermişdir.

Monoqrafiyanın “Biz akademik Azad Xəlil oğlu Mirzəcanzadənin tələbələri olmağımızdan qürur duyuruq” sonluğu ilə bitən “Müəlliflərdən” bölməsində qeyd edilir ki, dünya şöhrətli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadə böyük Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi elə dühalardandır ki, onun dəst-xətti, fəlsəfi baxışları, düşüncələri bu gün də yaşayır və böyüklüyü-dahi alimin dünyasını dəyişməsindən sonra da ideyalarının çiçəklənməsində və inkişaf etdirilməsindədir.

Monoqrafiyanın “Akademik A.X.Mirzəcanzadə şagirdlərinin gözü ilə” bölməsində bu böyük alimin şagirdləri-məsləkdaşaları həm respublikamızda, həm də onun hüdudlarından kənarda yaşayıb-yaradan tələbələri bu dahi alimlə bağlı yaddaşlardan silinməz xatirələrini bölüşərək onun zəngin, bənzərsiz həyat və yaradıcılığı ilə bağlı maraqlı anları yada salıblar.

Monoqrafiyanın ən maraqlı bölmələrindən biri də “Azad müəllimin xatirələrindən”dir. Bu xatirələri oxuduqca böyük alimin keçdiyi mənalı, zəngin və bənzərsiz həyat yoluna, onun geniş erudisiyasına, elmi-fəlsəfi, riyazi-poetik təfəkkürünə sözün həqiqi mənasında heyrətlənməmək olmur.

Azərbaycanın görkəmli elm fədaisi, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin ömür yolu və zəngin yaradıcılığından bəhs edən, nəfis şəkildə və yüksək poliqrafik tərtibatla çap olunan monoqrafiya ictimaiyyətimiz tərəfindən çox haqlı olaraq Azərbaycan elmşünaslığına böyük töhfə kimi dəyərləndirilir.

Bu baxımdan inanırıq ki, tanınmış alim, professor E.Şahbazovun və texnika elmləri doktoru E.Kazımovun birgə qələmə aldıqları, gərgin əməyin, böyük zəhmətin bəhrəsi olan bu monoqrafiyada Vətənə, xalqa sədaqətlə, elmə şərəflə xidmət edən, əsl alim-vətəndaş nümunəsi olan “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir” deyərək hələ sağlığında ikən özünə əbədi abidə ucaldan Azad Mirzəcanzadənin əziz xatirəsinə əvəzsiz töhfə olan və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanan “Akademik Azad Mirzəcanzadə - neft elminin fenomeni” monoqrafiyası hər bir azərbaycanlının stolüstü kitabına çevriləcək.

Zahid Rza, “İki sahil”