11 iyun 2019 11:17
292

Azərbaycan ən çox turist cəlb edən ölkəyə çevrilir

Uğurla reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafına da ciddi təkan verib. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin ayrı-ayrı regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə başçısı 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum 3 saat ərzində verilməsinə dair sərəncamlar imzalayıb, həmin vaxtdan “ASAN viza” sistemi yaradılıb. Həmçinin Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Ötən ilin may ayından etibarən Azərbaycana səfər etmək istəyən 702 min 282 nəfərə viza “ASAN Viza” sistemi vasitəsilə verilib. Bunun 566 min 709-u “ASAN viza” portal, 135 min 523-ü isə həmin ayın ikinci yarısından etibarən hava limanlarında fəaliyyətə başlayan özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.

Ölkəmizə gələn turistlərin sayı qeyri-neft sektorunun gəlirlərini daha da artırır, iqtisadi potensialımızı möhkəmləndirir. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-əmanlıq,  yüksək səviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, ölkəyə gəliş-gedişi, viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Turist axını həm də pul axını deməkdir.

Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib ki, Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir: “İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Ölkəmizdə turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə, qurulan infrastruktur Azərbaycanı daha da cəlbedici edib. Qətiyyətlə demək olar ki, qarşıdakı illərdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevriləcək. Bu gün  ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur.  2018-ci ildə respublikamıza gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Belə ki, ötən il ölkəmizə əvvəlki illərdən daha çox -2 milyon 850 min turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib.

Bu ilin may ayının 29-da UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkəmizə gələn əcnəbi vətəndaşların sayı 60 000 nəfəri ötmüşdü.

Bütün bunlar onu deməyə əsas verir ki, respublikamızda davamlı xarakter alan genişmiqyaslı islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulub.  Bütün bunlar iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradaraq qarşıda duran  vəzifələrin uğurla icra olunmasına, qeyri-neft sektorunun mühüm sahələrindən olan, kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyan turizmin inkişaf etdirilməsi sayəsində yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, respublikamıza valyuta axınının güclənməsinə, xalqın rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”