11 fevral 2020 20:13
684

Azərbaycan enerji təminatçısına çevrilib

Ölkə əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atıldı

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü qabarıq şəkildə göstərir. Elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilməklə bu proses davamlı xarakter alıb, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl, kompleks tədbirlər hazırda da davam etdirilir.

Fevralın 10-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışı da deyilənlərin təsdiqidir.

“Dübəndi” yarımstansiyası indi bütün yüksəkstandartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq” söyləyən Prezident İlham Əliyev bildirir ki, əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.

Açılış mərasimində bu statistikada açıqlanmışdır ki, yenidənqurma zamanı 63 MVA gücündə iki yeni transformator bina daxilinə yerləşdirilib ki, bununla həm də yarımstansiyanın gücü 126 MVA-ya çatdırılıb. Burada aparılan işlər zamanı Xəzər və Pirallahı rayonlarının perspektiv sosial-iqtisadi inkişafı nəzərə alınıb. İstehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün yenidənqurma işləri xüsusi rejimdə yarımstansiyanın fəaliyyəti dayandırılmadan icra olunub. Bu yarımstansiya Bakı ətrafı kənd və qəsəbələrin çox hissəsini, Pirallahı Sənaye Parkı, qaçqın və məcburi köçkün şəhərciyi, kabel zavodu, “Zirə Ekopark” kompleksi və digər yerlərin enerji təchizatını təmin edəcək.

Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları deyil, elektrik enerjisi təminatı səviyyəsində tam nail olmuşdur. Dövlətin enerji təhlükəsizliyi məsələsinə öz imkanları müstəvisində yanaşması Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəsini aradan qaldırır. Bununla da bir sıra elektrik stansiyalarının yenidən qurulması və müasir standartlara cavab verməsi sahəsində aparılan işlər öz bəhrəsini verir. Bu da ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir.

“2020-ci ilin “Azərenerji”, ümumiyyətlə, Azərbaycan energetikləri üçün uğurla başladığını” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, ilin əvvəlində iki böyük şirkət ölkəmizdə 440 meqavat gücündə yeni külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı Azərbaycanla müvafiq sazişlər bağlamışdır. İşlər bu il başlanacaq və beləliklə, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq. Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında bərpa işləri davam etdiriləcək. İlin birinci yarısında Mingəçevir İstilik Elektrik Stansiyası tam gücü ilə işləyəcək. Keçən il, ümumiyyətlə, 400 meqavat itirilmiş güclər bərpa olundu. Onun böyük hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşür. Bu ildə Azərbaycanda təqribən 300-400 meqavat itirilmiş elektrik enerjisi bərpa olunacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, son illər enerji təminatı sahəsinə göstərilən diqqətin sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı problemlər öz həllini tapmışdır. Ölkəmiz enerji təminatçısına çevrilib. Əvvəlki illərdə idxaldan asılı olan Azərbaycan bu gün əksinə özü enerji ixrac edir.

Mənsumə Babayeva, “İki sahil”