06 mart 2020 20:13
3894

Azərbaycan əsgəri vətənpərvər, mübariz, qorxmaz, cəsarətlidir

Prezident, Ali Baş Komandan İlham Əliyevin Ağstafada yeni inşa olunan Daxili Qoşunların, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin açılış mərasimlərində iştirakı ordu quruculuğuna göstərilən diqqətdir

Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsinin işğalçılardan azad edildiyi Aprel döyüşləri hərbi qələbəmiz olmaqla, Azərbaycan xalqının gücünü, yenilməz ruhunu, ordu quruculuğu siyasətinin düzgün davam etdirildiyini göstərdi.  Prezident, Ali Baş Komandan İlham Əliyevin “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır” sözlərinin “Clobal Fire Rower” Araşdırma Şirkətinin hazırladığı “2020: hərbi güc reytinqi”  sənədində də  əksini tapması ölkəmizin güclənən müdafiə qüdrətinin beynəlxalq səviyyədə dəyərləndirilməsidir.

 138 ölkənin Silahlı Qüvvələrinin  illik hərbi büdcəsi, orduda xidmət edən şəxsi heyət,  Hərbi Hava  Qüvvələrinə məxsus təyyarə,  pilotsuz uçan aparat və helikopterlərin, qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə  göstəricilərin diqqət yetirildiyi hesabatda  hərbi qüdrətinə   görə  Cənubi Qafqazda ən güclü  olan Azərbaycan Ordusu 63-cü yerdədir. Məlumat üçün bildirək ki,   siyahıda Gürcüstan 93-cü,  Ermənistan isə  112-ci yerdədir.   Milli Ordumuzun layiq görüldüyü  bu  dəyərlər illərdən bəri çəkilən zəhmətin, ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir.  Son illərdə uğurla nəticələnən  qələbə soraqlı hərbi əməliyyatların hər biri  zəfərə çağırışdır.

“Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq” söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu məsuliyyətli vəzifəni yerinə yetirmək şərəfi isə regionda ən güclü  Azərbaycan Ordusuna nəsib olacaq. Döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silah və sursatlardan -tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar,  avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatlarından istifadə olunması əsgərlərimizə həm də mənəvi güc verir.   “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələrinin müdafiə sərgilərində nümayiş etdirilməsi  ölkəmizə marağı artırdı. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimlərinin  keçirilməsi Ermənistanı  qorxu altında saxlayır.

Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu günlərdə Ağstafaya səfəri çərçivəsində  Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında  iştirakı, maddi-texniki baza və  kadr potensialı ilə tanış olması bir daha göstərdi ki, ordu quruculuğu sahəsində  böyük uğurlar qazanılıb. Belə güclü  potensiala malik, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən  cəbhə xəttində şərəfli döyüş yolu keçən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün qüdrətli Azərbaycan Ordusu ilə birgə döyüşən Daxili Qoşunların şəxsi heyəti  Ali Baş Komandanın əmrinə  hazırdır.

Prezident,  Ali Baş Komandan İlham Əliyevin Ağstafada yeni inşa olunan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin açılışında  iştirakı da  əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaratdı. Döyüş hazırlığının yüksək səviyyədə olması üçün  hər cür şərait yaradılan hərbi hissədə  müxtəlif  sosial obyektlər də  tikilmiş,  geniş abadlıq və yaşıllıq işləri görülmüşdür.

Müdafiə qüdrətimizin gücləndirilməsinə  göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri  dünyanın ən qüdrətli  orduları ilə eyni sırada yer alır.  Əsgərlərimiz  NATO qüvvələri tərkibində  münaqişə ocaqlarında sülhyaratma əməliyyatlarında Azərbaycanın adını, zabit şərəfini layiqincə doğruldurlar.  Bu fərqlənmənin açıqlaması budur ki, yenilməz və güclü ordumuzda xidmətləri ilə fəxr edən Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır.

Məlumat verildi ki, tank əleyhinə idarə olunan raket kompleksi “SPİKE-ER” qurğusu döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunmuş raketburaxıcı sistemdir. 122 millimetrlik “HAUBİTSA 2A18 D-30”, 122 millimetrlik “ÖAQ 2S1” və 122 millimetrlik “YARS BM-21 V” qurğuları düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. “RM-70 döyüş maşını m-21OF” qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir. Özüyeriyən top, haubitsa qurğusu 152 millimetrlik “DANA M1M” avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriya qurğularını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçündür. 306 millimetrlik “Ekstra” taktiki raket sistemidir. İqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub. Əməliyyat-taktiki raket kompleksləri “POLONEZ” və “LORA” düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək qüdrətinə malikdir. “MKAP-19” səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir.

Bu cür müasir hərbi arsenala, qüdrətə malik, Qələbə bayrağını Xankəndidə asmağa hazır olan rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrini gözləyirlər. O gün  uzaqda deyil. 

Xuraman İsmayılqızı, “İki sahil”