27 iyun 2019 18:53
994

Azərbaycan əsgərinin Ermənistana növbəti dərsi daha sərt olacaq

“Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib”

BMT-dən sonra üzvlərinin sayına görə  ən böyük , nüfuzlu təşkilat olan Qoşulmama Hərəkatında təmsil olunan Azərbaycanın  20 faiz ərazisinin Ermənistan tərəfindən işğalını beynəlxalq hüquq normalarının pozulması adlandıran Prezident İlham Əliyev bu sözləri ilə  Ermənistanın xalqımıza qarşı etnik təmizləmə siyasətini beynləxalq hüquq normalarına ədalətsiz yanaşma adlandırır. Xocalı soyqırımı da daxil olmaqla Dağlıq Qarabağ müharibəsi nəticəsində minlərlə soydaşımızın qətlə yetirilməsi, yaralanması, itkin düşməsi, əlil olması   beynəlxalq hüquq normalarına ikili standartlarla yanaşma metodunun nümunəsi, insanlığa qarşı  cinayətdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının,  Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qəbul etdikləri  qətnamələrin icra mexanizmi  olmadığı üçün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozan Ermənistan  hələ də  Azərbaycan torpaqlarını  işğal altında saxlayır. Münaqişənin Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həlli istiqamətində aparılan danışıqlara əhəmiyyət verməyən Ermənistan işğal olunmuş əraziləri tamamilə viran qoyub. ATƏT  Ermənistanın  işğal altında saxladığı Azərbaycan  torpaqlarında  törətdiyi  vəhşilikləri  araşdırmaq üçün həmin ərazilərə iki dəfə araşdırıcı missiya göndərib, hesabat hazırlansa da  bu sənədə də əhəmiyyət verilməyib. Halbuki   faktaraşdırıcı missiyanın hesabatında qeyd olunduğu kimi,  işğal altında qalan ərazilərdə  Azərbaycana məxsus  tarixi abidələr, məscidlər, məzarlıqlar və muzeylər erməni vandalları tərəfindən dağıdılıb. Multikulturalizm ənənələrinə sadiq Azərbaycandan fərqli olaraq  monoetnik dövlət olan Ermənistanda ksenofobiya hökm sürür. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın dəyişilməz, prinsipial mövqeyi ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. “Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi,  Dağlıq Qarabağ müharibəsi ilə bağlı  illərdən bəri davam edən iki və üçtərəfli  görüşlərin Ermənistanın qeyri -konstruktiv mövqeyi üzündən   nəticəsiz qalması regionda  siyasi sabitlik üçün də təhlükədir. 

Separatçı rejim  “Dağlıq Qarabağ respublikası”nda qanunsuz “prezident” seçkisi, qondarma rejimin “ müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə   Yerevanda , Xankəndidə  beynəlxalq gənclər konfransları  keçirməklə  dünya ictimaiyyətində  yanlış təsəvvür yaratmağa çalışan ermənilərin bütün cəhdlərinin qarşısı  Azərbaycanın məsələyə operativ müdaxiləsi nəticəsində alınıb. Ermənistanın özü də daxil olmaqla  heç bir dövlət, BMT, NATO,  AŞPA, ATƏT separatçı rejim olan “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımayıb.

Minsk qrupuna daxil olan  həmsədr ölkələrin qəbul etdikləri və Helsinki Yekun Aktının müddəalarına istinad olunan Dovil bəyanatında “status-kvo”nun yolverilməzliyi dəfələrlə bildirilib.  Rusiya, ABŞ, Fransa və Avropada söz sahibi olan Böyük Britaniya,  Almaniya, Litva kimi  dövlətlər də “Dağlıq Qarabağ respublikası”nda keçirilən seçkilərin, referendumun heç bir hüquqi əsasının olmadığını rəsmi qaydada bildiriblər. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün görüşlərdə ərazi bütövlüyümüzün müzakirə mövzusu olmadığını söyləməklə, Ermənistanla danışıqları ən  böyük  kompromis adlandıran Prezident İlham Əliyev  Azərbaycan  xalqının iradə və istəyinin dəyişilməz olduğunu  “O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır” sözləri ilə  bəyan edir.

Qətnamələrdə qeyd olunduğu kimi əsrlər boyu xalqımız əzəli  torpaqları olan Dağlıq Qarabağda yaşayıb. Dünya ictimaiyyəti  Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır.  Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası””nı tanımayıb.

Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək  kimi məkrli niyyətini bildirsə də,  Azərbaycanın birmənalı mövqeyi buna imkan verməmişdir. “Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi” söyləyən Ali Baş Komandan İlham Əliyev bildirir ki, biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi.

Haqq-ədalət, tarixi həqiqət, iqtisadi, hərbi güc Azərbaycan həqiqətlərini əks etdirir. Son illərdə müdafiə  sahəsində aparılan islahatlar, hərbi gücümüzün artırılması,  diplomatiyada,  döyüş meydanlarında qazanılan qələbələr  ölkəmizin iqtisadi, siyasi qüdrətini göstərir.

Münaqişə ilə əlaqədar   keçirilən danışıqlarda,  nüvə təhlükəsizliyinə həsr olunmuş sammitlərdə, NATO-nun zirvə görüşlərində    Azərbaycanın ədalətli  mövqeyinin dəstəklənməsi,  ərazi bütövlüymüzün qeyd-şərtsiz təmin olunması ilə bağlı   bəyanat və qətnamələrin qəbulu da  Ermənistanın təcavüzkar siyasətinin yolverilməz olduğunu təsdiqləyir. Bəzi hallarda saatlar içində icra edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrı ilə müqayisədə   Azərbaycanla bağlı  sənədlərin hələ də  kağız üzərində qalmasını   ikili standartlardan irəli gələn ədalətsizlik adlandıran Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, yalnız iqtisadi, hərbi gücümüzə, Azərbaycan xalqına, qüdrətli ordumuza arxalanmaqla ərazi bütövlüyümüzü təmin edəcəyik.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy”” adlı hesabat  BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb. BMT Nizamnaməsini pozan Ermənistan tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması, işğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi beynəlxalq hüquq normalarının  kəskin   pozulması deməkdir.

Aprel döyüşlərində, Günnüt əməliyyatlarında  aldığı zərbələrə baxmayaraq Ermənistanın “müharibəyə hazırıq” kimi gülünc bəyanatları istehza doğurur. Azərbaycan  Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında yer alması Ermənistana ən real mesaj olsa da   havardarlarına arxalanaraq öz kölgəsinə hürən köpək kimi qorxusundan quyruğunu  da  bulayan  işğalçı aydın başa düşür ki,    Azərbaycan əsgərinin Ermənistana növbəti dərsi daha sərt olacaq. 

Silahlı Qüvvələr Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olan Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi , ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı buna imkan yaradır: “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.”

Xuraman İsmayılqızı, “İki sahil”