29 yanvar 2019 10:52
462

Azərbaycan etnik-mədəni sistemində “Köçəri” yallısı

Xalq oyun və rəqsləri Naxçıvan regionunda geniş inkişaf etmişdir. Məlum olduğu kimi,  oyun görünən dünyalarla görünməyən dünyalar, insanlarla ruhlar aləmi arasında bir körpüdür. İnsanın ilk sənəti olan oyun yaşamın əskik tərəflərinin tamamlanması, həyatın mükəmməlləşməsi, ritual dünyanın sirlərinin açılmasıdır.

Müşahidələr göstərir ki, xalq oyunlarının yaranma və inkişafının ilk mərhələsi rəqslərlə bağlı olmuşdur. Erkən dövrün oyunlarını ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb müstəqil şəkildə görmək mümkün deyildir. Çünki onlar rəqslər daxilində sinkretik xarakter daşımış, rəqs və oyun ünsürlərinin ayrılmaz sintezini yaradaraq müasir dövrümüzdə yallı kimi icra olunan rəqslərin timsalında özünü büruzə vermişdir.

Yallıların müxtəlif kultlar, törənişlərlə bağlı müxtəlif adda növləri vardır. Əcdadın dünyagörüşündə belə bir inanc hakim idi ki, insan nəyi arzulasa, nəyi diləsə, onun əldə olunmasını öz rəqsi, şənliyi ilə bəzərsə, onu asanlıqla əldə edər. Bu xüsusiyyətləri Yallı rəqsi özündə yaşadır. Xalqımızın bizə gəlib çatmış ən qədim yallı rəqslərindən “Köcəri”də yallı əlamətlərinin daha arxaik kökə malik izləri aydın görünməkdədir.

Bu baxımdan yaxın günlərdə nəşr olunmuş “Azərbaycanın ən qədim yallılarından biri - Köçəri” adlı kitab diqqəti cəlb edir. Naxçıvandakı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan bu kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşlarının “Köçəri” yallısı haqqında məqalələrinin yer aldığı həmin kitabda bu rəqsin milli xüsusiyyətləri, formalaşma məsələləri, qədim türk mənşəli bir rəqs növü, janrı olması ətraflı şəkildə tədqiq edilmişdir.

Akademik İsmayıl Hacıyevin “Xalq yaradıcılığının mükəmməl nümunəsi: Köçəri yallısı” başlıqlı məqaləsində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin yallı haqqında dəyərli fikirlərindən epiqraf verilir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallıları qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”. Məqalədə yallının türk tarixinin müəyyən faktlarını əks etdirməsi, etnik əzəli düşüncənin modellərini formalaşdıran bir rəqs olması haqqında maraqlı mülahizələr irəli sürülür. “Köçəri” yallısının isə köçəri türk tayfalarının oyunlarının bir hissəsi kimi yarandığını söyləyən alim haqlı olaraq qeyd edir ki, köçərilik Azərbaycan türklərinin həyat tərzinə çox yaxın olan məqamdır. Daha sonralar Azərbaycan türkləri bir xalq kimi formalaşaraq tarixin ən müxtəlif mərhələlərində müxtəlif həyat tərzi keçirib. Köçərilik də onlardan biridir. Alim vurğulayır ki, köçəriliklə əlaqədar yaranan yallılar türk xalqlarının rəqs sisteminə aid edilmiş və geniş yayılmışdır.

AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli bu kitabda yer alan “Azərbaycan xalqının Naxçıvanda “Köçəri” adı ilə yaşayan iki mədəni irsi haqqında” məqaləsində vurğulayır ki, “Köçəri” rəqsi bütün Azərbaycanda, xüsusilə, onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda çox geniş yayılan qədim “Yallı” rəqsinin növlərindən biridir. Qeyri-adi xüsusiyyətlərə malik olan bu rəqs növü haqqında Şərur rayonunda yaşayan əhali arasında maraqlı məlumatların yaşadığını söyləyən alim “Köçəri” sözünün Naxçıvanın toponimikasında da yer aldığı haqqında maraqlı mülahizələr irəli sürür. Naxçıvan MR-nın Ordubad rayonunun Məzrə və Üstüpü kəndləri arasında yerləşən qəbiristanlığın məhz “Köçəri” adlanması maraq doğurur. Məqalədə bütün bu faktlara aydınlıq gətirən alim bu sözün təkcə qədim rəqs növü yallının bir növü kimi deyil, həm də Naxçıvan ərazisində vaxtilə yaşamış tayfa adı kimi, kənd adı kimi, hətta soyad kimi işlənməsi haqqında tarixi mənbələrdə mövcud olan fikirlərə münasibət bildirir. Alim nəticədə haqlı olaraq qəti şəkildə söyləyir ki, “Köçəri” termini təmiz Azərbaycan mənşəli sözdür və bu adı daşıyan “Yallı” rəqsinin erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin sözügedən kitabda “Naxçıvanda “Köçəri” yallısı: adın mənşəyi, tarixi və əski inanclar” adlı maraqlı məqaləsi təqdim edilir. Alim özündə ən qədim tariximizi və inanc dünyamızı qoruyub saxlayan “Köçəri” yallısının ilk tunc dövründən də əvvəllərdə mövcud olduğunu söyləyir. “Köçəri” yallısının türk etnosunun əski inanc sistemi ilə bağlı ünsürləri özündə daşıdığını araşdıran F.Rzayev bu yallı növünün icrasındakı rəqs hərəkətlərində qədim kas tayfalarının mifik təfəkkürünün izlərinin qorunduğunu söyləyir. Məqalədə, ümumiyyətlə, yallıların dairəvi şəkildə qurulması Kas və Şumer inancında yer alan “Günəş, Ay Allahı” inancından qaynaqlandığı fikri böyük maraq doğurur. Müəllif müxtəlif elmi faktlara əsaslanaraq bir neçə elmi nəticəyə gəlir və “Köçəri” adı ilə tanınan bu yallı rəqsinin Kas tayfa adından götürüldüyünü, “Kasəri” formasından dialekt fərqləri ilə “Köçəri” şəklinə düşdüyünü deyir.

Kitabda tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Köçəri” yallısı milli-mənəvi dəyərlərimizdən biri kimi” adlı məqaləsi təqdim edilir. Məqalədə müəllifi topladığı çöl-etnoqrafik materiallara əsasən, məlumat verir ki, Şərur rayonunun bəzi kəndlərində köç mərasimi zamanı, köçü yola salanda və köçü qarşılayanda insanlar yığışıb “Köçəri” yallısı gedərdilər. Rəqsin adının bu məqamdan qaynaqlandığını ehtimal etmək olar. 

Filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu-Məmmədovun kitabda yer alan “Köçəri” yallısı Şərur xalq yallı ansamblının repertuarında” məqaləsində “yallının beşiyi” adlanan qədim Şərur torpağında, ümumiyyətlə, yallıların və bu kontekstdə də bu gün mənfur qonşularımız - ermənilərin mənimsəmək istədiyi “Köçəri” yallısının müasir dövrdəki yeri və hansı dərəcədə icrası haqqında maraqlı fikirlər söyləyir. Alim yallıları qədim türk tarixinə dair bir çox faktları qoruyub bu günümüzə gətirməsi baxımından dəyərli mənbə kimi qiymətləndirir. Qədim Şərur torpağında yallının istər tarixi dəyər daşıyıcısı olması xüsusiyyətindən, istər də xoreoqrafik quruluşundakı özəlliklərdən vəcdə gəlib bu müqəddəs el rəqsini vəsf edən şairlərin olduğunu məqalədə nəzərə çarpdırır. Həmçinin Şərur Xalq Yallı Ansamblının tərkibində fəaliyyət göstərən hər bir yallı qrupunun üzvləri ilə görüşüb söhbət aparan E.Məmmədov ansamblın bügünkü fəaliyyətindən də bəhs edir.

Yallı haqqında maraqlı araşdırmalar müəllifləri olan Əkrəm və Kənan Məmmədlilərin bu kitabda “Köçəri yallısının vətəni - Naxçıvan” adlı məqaləsi təqdim olunur.  Tədqiqatçıların bu məqalədə yallıların, əsasən, xoreoqrafik quruluşu ilə bağlı araşdırmaları diqqət cəlb edir. Maraqlı tərəflərdən biri odur ki, tədqiqatçıların da qeyd etdikləri kimi, bəzi yallı adlarında ondakı rəqs hərəkətlərinin icra formaları və ifa tərzi öz əksini tapır. “Köçəri” yallısını “yaylaq yallısı” adlandıran tədqiqatçılar məqalədə bu yallının metro-ritmik əsasını notlar vasitəsilə də təqdim edirlər.

Kitabda təqdim olunan “Xalqımız yallı ənənəsini heç vaxt unutmayacaqdır” adlı məqalədə müəllif Ədalət Kərimli “Köçəri” yallısını süjetli yallı qrupuna aid edir. Müəllifin fikrincə, yallının xoreoqrafik quruluşundakı aram tempdən sürətli tempə keçid məqamı etnosun köç haqqındakı düşüncələrini özündə ehtiva edir. Belə ki, qışdan çıxan, yaylağa yollanan köç yavaş-yavaş sürətini artıraraq öz aktiv fəaliyyətinə başlayır.

Topluda sənətşünaslıq üzrə fəlsəfə doktorları Günay Məmmədovanın “Naxçıvan musiqi folklorunda “Köçəri” yallısının yeri və əhəmiyyəti”, Aynurə Quliyevanın “Köçəri rəqsi etnik musiqi mədəniyyətimizin incisi kimi”, gənc tədqiqatçı Nuray Bəktaşinin “Naxçıvan yallıları: Köçəri yallısı” məqalələri də bu qədim Azərbaycan-türk yallısının ətraflı öyrənilməsində maraqla oxunan mənbələr kimi diqqəti cəlb edir.

İnanırıq ki, AMEA Naxçıvan Bölməsində hazırlanmış “Azərbaycanın ən qədim yallılarından biri: Köçəri” kitabı tədqiqatçı və geniş oxucu kütləsi üçün layiqli töhfə olacaqdır.

Əbülfəz Quliyev,
filologiya elmləri doktoru, professor

Aytən Cəfərova,
filologiya üzrə fəlsəfə doktoru