Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ildə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Bir dövlət başçısı və siyasətçi kimi, əminəm ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə təhlil edilməlidir. Çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq. Bu səbəbdən əməkdaşlıq dəyərlərinin təşviqi baxımından xəbər agentliklərinin və medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri dəyərlərin müdafiəsi üçün yeni imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin təşviqində bizə daha ardıcıl və fəal olmaq fürsəti verilmiş olur. Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq.”
Cənab İlham Əliyev bu günlərdə Real televiziyasına müsahibəsində də bu fikirlərin davamı olaraq, bəzən yaranan “Nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir?” fikrini belə cavablandırmışdır ki, bunun iki səbəbi var. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Ona görə xarici mediada mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. İkinci səbəb ondan ibarətdir ki, ölkə daxilində gedən işlərlə bağlı fikirlər müntəzəm olaraq müxtəlif formatda ictimaiyyətə çatdırılır: “Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq.”
Təbii ki, bu uğurların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Azad mətbuatın inkişafına dövlət dəstəyi davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi onun azad mətbuatın inkişafına diqqət və qayğısının göstəricisidir. Cənab İlham Əliyevin Sərəncamı ilə KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, sənədə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar da mətbuat nümayəndələrinə daha səylə çalışmağa, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməyə stimul verir.
İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Bu baxımdan yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində də vurğuladığı kimi, Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Bu gün mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Ölkə Prezidenti daim bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Tarixi paralellər fonunda müstəqillik illərində keçilən yol, əldə olunan uğurlar geniş şəkildə təbliğ olunmalıdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik, müstəqillik ənənələrimizin təbliğinə böyük töhfə kimi dəyərləndirildi, keçilən yolun təhlilinə geniş imkanlar açdı. Azərbaycan gənc müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. “Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük.
Dövlətimizin başçısı İlham Əliyevin Real televiziyasına müsahibəsi 27 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Ölkəmizin iqtisadi, siyasi uğurları, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxınlaşdığı bir daha əsaslı şəkildə diqqətə çatdırılır. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.
Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar.
Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətimizin siyasətinin əsasını təşkil edir. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir. Daim qeyd olunduğu kimi, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Vətəndaş amili dövlətin siyasətində prioritetdir. Ali qanunumuzda əksini tapan “Dövlətin ali məqsədi” maddəsinə diqqət yetirdikdə də bu diqqət və qayğı özünü qabarıq şəkildə büruzə verir. İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, demokratikləşmə prosesinin sürətləndirilməsinə yönələn davamlı tədbirlər və s. kimi biri-birindən əhəmiyyətli addımlar ölkənin hərtərəfli inkişafının başlıca məqsəd olduğunu açıqlayır.
İqtisadi tərəqqi mətbuatın inkişafına yönələn tədbirlərdən də sezilir. Jurnalistələrin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə iki binanın tikilib istifadəyə verilməsi, üçüncü binanın tikintisinin həyata keçirilməsi də deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev Real televiziyasına müsahibəsində bildirmişdir ki, Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm: “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.”
Bu məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev daim mətbuat nümayəndələri ilə görüşündə bildirir ki, xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik: “... daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik.”
Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir xarici ölkəyə səfəri, eyni zamanda, beynəlxalq səviyyəli tədbirlərdə iştirakı çərçivəsində müsahibələrinə də diqqət yetirdikdə hər biri Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rola malikdir. Bugünkü uğurlara söykənərək bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu və ya digər xarici ölkəyə germək zərurəti duyulurdusa, bu gün artıq ölkəmizin hər gün, hər ay beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bu istəyimizi reallaşdırmağa dəstəkdir. Yazının əvvəlində qeyd etdiyimiz tədbir də bu silsilədəndir. Həmin tədbirdə “Hamımız azad medianın tərəfdarıyıq” sözləri ilə konqres iştirakçılarına çağırış edən, səslənən çağırışları ölkəmizlə bağlı informasiyaların obyektivliyini şərtləndirəcəyinə inamını ifadə edən ölkə Prezidenti İlham Əliyev bu əminliyi də diqqətə çatdırmışdır ki, belə tədbirlər bu sahədə mühüm addım olacaq.
Yeganə Əliyeva, “İki sahil”