25 iyul 2020 11:31
456

Azərbaycan icması aqressiv əhval-ruhiyyəli erməniləri “qarşılayıblar”

Praqadakı Azərbaycan icması erməni nümayişçiləri ölkəmizin səfirliyinin binası yanında “qarşılayıb”

Çexiyadakı erməni diasporunun üzvü olan ekstremistlər dünyanın başqa şəhərlərində olduğu kimi Praqada da “dinc aksiya” bəhanəsi ilə dünən Azərbaycan səfirliyinin qarşısında növbəti alçaq provokasiyalar keçirmək üçün toplaşıblar.

Azərbaycan diasporunun nümayəndələri xalqımızın birliyini və sarsılmazlığını nümayiş etdirmək üçün səfirliyin binası yanına gəlib və aqressiv əhval-ruhiyyəli erməniləri “qarşılayıblar”. Bu aksiyaya ciddi hazırlıq nəticəsində səfirliyin qarşısında vəziyyət regional polis və çevik dəstələr tərəfindən tam nəzarətə götürülmüşdü. Fransa, Polşa, İngiltərə, ABŞ, Belçika, Moldova və digər ölkələrdə olduğu kimi Çexiyada da Azərbaycan vətəndaşlarına qarşı vəhşilik, diplomatik nümayəndəliyin binasına münasibətdə vandalizm törədilməsinə yol verməmək üçün bütün zəruri tədbirlər görülmüşdü. Erməni nümayişçilər polislərin arxasında gizlənərək özlərini eybəcər hala salmaqla kifayətlənməli oldular. Beləliklə, onların istəyi ürəyində qaldı, heç bir provokasiya törədə bilmədilər.

Ermənilər çıxıb gedəndən sonra azərbaycanlılar asayiş keşikçilərinin peşəkar işinə görə onları alqışladılar. “Səfirliyin müdafiəsi”nin iştirakçılarını əvvəlcədən sifariş edilmiş avtobuslarla metro stansiyalarına çatdırdılar.