03 dekabr 2019 20:00
1090

Azərbaycan ilə Rusiya arasında tarixən dərin dostluq əlaqələri mövcuddur

Azərbaycan və Rusiya regionda sabitləşdirici bir mövqe sərgiləyiblər və təhlükəsizliyinin qorunmasında mühüm addımlar atıblar. Hər iki dövlətin yaxından əməkdaşlığı xalqların və dövlətlərin marağına uyğundur. Eyni zamanda, bu, həm də regionda bütövlükdə təhlükəsizliyin qorunub saxlanmasına xidmət edir.

Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Ölkəmiz münaqişənin həlli istiqamətində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi göstərdiyi səyləri dəstəkləyir. Həmçinin son zamanlar bu münasibətlərin daha da inkişaf etdirilməsinin bariz nümunəsi kimi Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı səfərlərini misal göstərmək olar.

Belə ki, dekabrın 2-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri və dövlətimizin başçısı İlham Əliyevlə görüşü də mühüm məqamlarla yadda qaldı. Görüşdə siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm aspektləri konstruktiv şəkildə müzakirə olunub. Regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə dair ənənəvi qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev sözügedən görüşdə 2019-cu ilin Rusiya-Azərbaycan ticarət əlaqələri baxımından uğurlu olduğunu ifadə edib: “Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur...”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da öz növbəsində bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsi sürətlə artır: “Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir”.

Göründüyü kimi, hazırda hər iki ölkə arasında bütün sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycan rəsmilərinin Rusiyaya, həm də Rusiya rəsmilərinin ölkəmizə səfərləri bunun bariz sübutudur. Heç şübhəsiz ki, 2019-cu il Azərbaycan-Rusiya münasibətlərinin inkişafında daha məhsuldar bir il kimi yadda qalacaq.

Prezident İlham Əliyev görüşdə həmçinin bildirib ki, Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə Rusiya ilə danışıqlarımız davam edəcək: “Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz”.

Belə ki, ikitərəfli münasibətlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də vacib rol oynayır. Rusiyadakı erməni diasporu tərəfindən maliyyələşən müxtəlif qrupların ikitərəfli münasibətlərə xələl gətirmək üçün apardıqları siyasət də göz qabağındadır. Bütün bunları nəzərə alaraq şimal qonşumuzla bağlı siyasətimizdə yumşaq güc, xalq diplomatiyası istiqamətində müəyyən gedişlər etməyimiz gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə imkan verən amil olacaq.

Azərbaycanın geosiyasi cəhətdən çətin bir regionda yerləşməsinə baxmayaraq rəsmi Bakının yürütdüyü rasional və balanslaşdırılmış siyasət nəticəsində bütün vektorlarla sahib olduğumuz isti münasibətlər bu illər ərzində ölkəmizin maraqlarının nəzərə alınmasına gətirib çıxarıb. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib. 2019-cu il ərzində tərəflər arasında bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Hər iki dövlət rəsmilərinin Moskvaya və Bakıya qarşılıqlı səfərləri, onların arasında bir neçə dəfə ən yüksək səviyyədə görüşlərin keçirilməsi buna misaldır. Çünki ikitərəfli münasibətlərdə aparıcı rolu ölkələrin liderləri tuturlar. Ölkə başçısı cənab İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən yüksək qiymət dövlətimizin başçısının yürütdüyü düsünülmüş siyasətin nəticəsidir.

Bunlardan əlavə, Azərbaycan və Rusiyanın ayrı-ayrı regionları arasında inkisaf etməkdə olan əlaqələr nəticəsində şimal qonşumuzun bir çox subyektlərində ölkəmizin ticarət evləri açılıb. Bu da təkcə tərəflər arasındakı iqtisadi dövriyyənin çoxalmasına deyil, həm də siyasi cəhətdən yerlərdəki elitaların bizə daha da yaxın olmalarına gətirib çıxarıb. Buna misal olaraq Həştərxan şəhərini göstərmək olar. 2019-cu il ikitərəfli münasibətlərdə həyata keçirilən uğurlu siyasətin davamlı olması üçün çox vacibdir.

Yeri gəlmişkən, noyabrın 20-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının daha bir bariz sübutudur. Bu səfər regionun gələcək mənzərəsi, ölkəmizin daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi bunu bir daha sübut edir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dövlət başçısı İlham Əliyevlə görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu ölkəyə rəsmi səfərini yüksək dəyərləndirib: “Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu - innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək”.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri, xüsusilə də onun Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüş böyük əhəmiyyət kəsb edir. Sözsüz ki, bu görüş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında böyük təsirə malik olacaq. Xüsusilə də, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi islahatlar kursuna Rusiyanın dəstəyi vacibdir və prosesin uğurunun təminatlarından biridir. Mehriban xanım Əliyevanın Rusiyanın baş naziri Dmitri Medvedevlə ikitərəfli rəsmi görüşü, habelə X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirakı da diqqət mərkəzindədir.

Belə ki, Mehriban xanım Əliyeva Rusiya siyasi elitası ilə Birinci vitse-prezident qismində ilk dəfə görüşsə də, onun uzun illər ərzində Rusiyanın siyasi-mədəni dairələri ilə formalaşmış yaxşı münasibətləri var. Mehriban xanım Əliyeva, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dəfələrlə bu ölkənin orden və medalları ilə təltif olunublar. Mehriban xanım Əliyevanın fəaliyyəti Rusiyada hər zaman yüksək səviyyədə qiymətləndirilib. Əvvəllər bu, daha çox mədəni-humanitar istiqamətləri əhatə edirdisə, artıq bu, iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlər sferasını da əhatə edəcək. Beləliklə, səfər iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından da çox əhəmiyyətlidir.

Cavid Əkbərov, “İki sahil”