17 mart 2020 10:54
554

Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur

Bu gün epidemiyananın yayılması dünya iqtisadiyyatında yeni reallıqlar yaradıb.

"İki sahil" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda aktivliyin azalması, logistika, təhsil, turizm sahəsində yaranan vəziyyət  dünya iqtisadiyyatının yeni reallıqlarının göstəricisidir.

T.Mirkişili bildirib ki, artıq ABŞ iqtisadiyyatında 2%, Avropa Birliyi ölkələri 2,8 % azalma müşahidə olmaqdadır: "Bu bir daha göstərir ki, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. Azərbaycanda isə 2015-ci ildən etibarən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatının nəinki  bu günün və eyni zamanda bundan da çətin günlərə hazırlanmağa hesablanıb.”

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur: “Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz nəticəsini verir və bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır. Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neft qiymətinin indikindən də aşağı düşməsi ssenarisində Azərbaycan iqtisadiyyatını bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur”.