04 noyabr 2019 19:41
110

Azərbaycan-İran parlamentlərarası əlaqələri müzakirə edilib

Noyabrın 4-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Bünyad Hüseynov Azərbaycan ilə İran arasındakı əməkdaşlıq əlaqələrinin bir çox istiqamətlər üzrə inkişafından bəhs edib. Bildirib ki, iki ölkə arasındakı münasibətlər tarixi köklərə əsaslanır. Son 6 il ərzində ölkə prezidentləri 13 görüş keçirib. Bu görüşlərin səkkizi ölkələrimizin paytaxtlarında baş tutub. Prezidentlər arasındakı yüksək səviyyəli dialoq iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük töhfə verir. Azərbaycan və İran arasında əlaqələrin inkişafında parlamentlərin də böyük rolu var. Ölkə parlamentləri öz növbəsində imzalanan sənədləri təsdiq etməklə əməkdaşlıq əlaqələrinin daha sürətli inkişafına imkan yaradır. Azərbaycan daim iki ölkə arasında əməkdaşlığın genişlənməsini dəstəkləyir və əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan-İran əlaqələri tarixinin ən yaxşı dövrünü yaşayır. İki ölkə arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, yük daşımaları, dəmir yolu, kənd təsərrüfatı, İKT və gömrük kimi sahələrdə inkişaf edir. İqtisadi və sənaye sahələrində əməkdaşlıq genişlənir. Həmçinin ictimai və mədəni əlaqələrimiz dərinləşir.

Azərbaycan ilə İran arasında turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunan səfir qeyd edib ki, turizm sahəsində əlaqələrin inkişafı üçün yeni imkanlar yaranır. Azərbaycan tərəfi turizm əlaqələrinin gücləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir.

İki ölkə arasında səmimi və köklü əlaqələrin olduğuna toxunan parlament sədri Əli Laricani İran xalqının və dövlət rəsmilərinin daim Azərbaycan ilə əlaqələri və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Sədr hər iki ölkə rəsmilərinin münasibətlərin hərtərəfli inkişafı istiqamətində güclü iradə nümayiş etdirdiklərini bildirib. Qeyd olunub ki, iki ölkə parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir. İslam Şurası Məclisi İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında heç bir məhdudiyyət görmür. Bütün sahələrdə əlaqələrimiz daha da inkişaf etdirilməli və dərinləşdirilməlidir. Hazırda İran ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni, sosial sahələrdə münasibətlərin və əməkdaşlığın gücləndirilməsi üçün çox yaxşı mühit yaranıb. Buna görə də iki ölkə rəsmiləri bu potensialların reallaşdırılması istiqamətində səy göstərməlidirlər. Ölkələrimiz arasında iqtisadi və sənaye əlaqələrinin, o cümlədən kənd təsərrüfatı və yük daşınması sahəsində əməkdaşlığın inkişafı zəruridir və diqqət mərkəzində saxlanılmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.