20 avqust 2019 18:51
846

Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir

Son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Тbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialından real istifadəyə istiqamətlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Bakı-Тbilisi-Qars dəmir yolu xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb. Bu marşrut Asiya və Avropa ölkələrini birləşdirən ən qısa yoldur və tezliklə bu yolla daşınan yükün həcmi hər il 30 milyon tona çatacaq.

Yol xəritəsində nəzərdə tutulan əsas istiqamətlər logistika və liman xidmətləri də daxil olmaqla Azad Ticarət Zonasının fəaliyyətinin təşkili, Azərbaycanda 5 və ya 6 logistika və ticarət mərkəzinin yaradılmasıdır. Bu mərkəzlərdən dördü 2020-ci ilədək tamamlanmalıdır. Xatırladaq ki, üç il öncə, 2016-cı il mart ayının 17-də Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Hazırda mərkəzin təşkili istiqamətində ciddi işlər görülür. Azad İqtisadi Zonanın yaranması həm Bakının beynəlxalq qovşağa çevrilməsinə, həm də bir çox sənaye sahələrinin inkişafına mühüm təkan verəcək. Prezident İlham Əliyev bu mərkəzlə bağlı fikir səsləndirərkən qeyd edib: “Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək”.

Tarixi Böyük İpək Yolu da bir sıra ölkələrin ərazilərindən keçərək həmin dövlətlərin iqtisadi, mədəni inkişafında mühüm rol oynayıb. Bu yol təxminən 2 min il ərzində Qərblə Şərqi birləşdirən böyük ticarət marşrutu olub. Azərbaycan lap əvvəldən bu nəhəng ticarət və nəqliyyat qovşağının bir hissəsi olub. “Tarixi ipək yolu”nun bərpası əsas iqtisadi və strateji məqsədlər daşıyır və hazırda öz funksiyasını uğurla yerinə yetirir. İpək yolunun bərpasından sonra ölkəmizdən tranzit yüklərin daşınması ilbəil artır. Təkcə cari ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon  sərnişin daşınıb. Yüklərin 14 milyon tonu və ya 49,7 faizi avtomobil, 9,5 milyon tonu və ya 33,9 faizi dəmir yolu, 4,6 milyon tonu və ya 16,4 faizi dəniz nəqliyyatları ilə həyata keçirilib. Yük daşımaları fəaliyyətindən 242,5 milyon, sərnişin daşınmasından 52,3 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq  dövründəkindən müvafiq olaraq 7,1 və 12,6 faiz çoxdur. Eyni zamanda, Xəzəryanı ölkələrdən tranzit yolla Köhnə Dünya istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu bu dəhlizin payına düşür.

Bu il Ukrayna da Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşularaq Çinə 10 vaqon və 20 konteyner yük göndərib. Sınaq qatarı Qara dənizlə Gürcüstanın Poti limanına, sonra dəmiryolu ilə Bakıya, buradan isə Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau limanına və nəhayət, Çinə çatıb. Marşrutun uğurlu test sınağından sonra Ukrayna və Litva “Vikinq” konteyner qatarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıblar. Bu, ondan xəbər verir ki, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çinlə yanaşı, Avropa İttifaqı ölkələri də İpək Yoluna qoşulacaqlar. Heç şübhəsiz, tezliklə Koreya Respublikası da bu sərfəli nəqliyyat dəhlizindən bəhrələnəcək.

Ötən il Çinin Sian şəhərindən Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və digər ölkələrlə  əməkdaşlığı sürətlə genişləndirir. Bu yaxınlarda başa çatmış G20 sammitində görüşən Türkiyə və Çin rəhbərləri ölkələri arasında ticarətin dövriyyəsini 2 dəfə artıraraq 50 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyublar.  Bu 25 milyardlıq yükün daşınmasında Azərbaycanın iştirakı mütləqdir və bu, ölkəyə əlavə valyuta gətirəcək.

Sevinc Azadi, “İki sahil”