Dövlətimizin başçısı İlham Əliyevin hər bir sahənin inkişafı ilə bağlı dəqiq, düşünülmüş proqramının və inkişaf strategiyasının mövcudluğu yüksək beynəlxalq baxışın formalaşmasını şərtləndirir
Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğu ev sahibliyi etdiyi tədbirlərin əhatə etdiyi sahələrdən, mövzulardan, eyni zamanda, say tərkiblərindən də aydın görünür. Bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunur, dövrün əsas çağırışları dünya dövlətlərinə ölkəmizdən ünvanlanır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir imkanlarını artırır, söz sahibi kimi mövqeyini möhkəmləndirir.
Bu gün bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Nəzərə alsaq ki, Dünya İqtisadi Forumunun əsas məkanı Davosdur, 2013-cü ildə istisna hal kimi Forumun Bakıda keçirilməsi bir daha bu reallığa işıq saldı ki, Azərbaycan, eyni zamanda, iqtisadi mərkəz kimi də etimad qazanıb. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan sivilizasiyalararası dialoq məkanı olmaqla yanaşı, iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə yönəltdi. “Dayanıqlı dinamizm”in Azərbaycanda müzakirə olunması ölkəmizin davamlı inkişafına yol açan təkmil sosial-iqtisadi islahatlarına söykənirdi. Hər zaman vurğulandığı kimi, bütün sahələrdə dinamizm inkişafa səbəb olur. Dövlətimizin siyasətində təkmilləşmənin, yeniləşmənin prioritetliyi Azərbaycanın beynəlxalq aləmdə yenilikçi, islahatçı ölkə kimi tanınmasına və nüfuz qazanmasına səbəb olur. Məhz uğurlarımıza əsaslanaraq Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallaşdırmaq istiqamətində uğurlu addımlar atılır. Ölkəmizin Dünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruması da deyilənlərin təsdiqidir.
2012-ci ildə Azərbaycan “Eurovision” mahnı yarışmasına ev sahibliyi etdi. Ölkəmizə gələn qonaqlar paytaxtımızın dəyişən, müasirləşən simasından heyrətlənərək bildirmişdilər: “Bakı Moskva, Monte Karlo və Parisin sintezidir. Bakının müasir infrastrukturu, mədəniyyəti və sakinlərinin dinamikliyi xüsusilə vurğulanmalıdır. Keçmiş SSRİ-nin digər respublikalarından fərqli olaraq Azərbaycan sürətli inkişaf yolundadır.” “Eurovision-2012”nin təşkilini heyrətamiz adlandıran xarici qonaqlar Azərbaycanın sosial-iqtisadi inkişafını, beynəlxalq standartlara cavab verən infrastrukturunu, tarixi və mənzərəli guşələrini düşünülmüş siyasətin uğurlu nəticələri, təbiətin möcüzəsi adlandırmışdılar. Müasirliyi, gözəlliyi ilə qonaqların diqqətini çəkən “Baku Grustal Hall”da yaradılan şəraitdən məmnun qalan iştirakçılar kimi ölkəmizə gələnlərin hamısı bu möhtəşəmlikdən heyrətləndiklərini etiraf etmişdilər.
Çıxışlarında daim inkişaf tariximizə, tərəqqiyə aparan yolda görülən işlərə, həyata keçirilən islahatlara diqqət yönəldən ölkə Prezidenti İlham Əliyev vurğulayır ki, gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır: “ Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli hər şey olacaq, əgər yoxdursa heç nə kömək etməyəcək.”
Doğrudan da müasir, qloballaşan dünyanın siyasi-iqtisadi mənzərəsinin yeniləşməsi əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycanın həyatında əsaslı dəyişikliklərlə müşahidə olunur. Müstəqillik əldə etdikdən sonra dövlətçiliyin möhkəmlənməsi ilə siyasi -iqtisadi sahədə nəzərəçarpacaq dönüşün yaranması, demokratik proseslərin güclənməsi, qanunların aliliyi, insan hüquqlarının müdafiəsi və qorunması sahələrində çox önəmli islahatlar aparılır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, son on beş ildə ölkəmizdə inkişaf davamlı dinamikası ilə seçilir. İqtisadiyyatımız üç dəfədən çox artıb, sosial problemlərin həlli istiqamətində davamlı addımlar atılır. Ən əsası Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkədə aparılan islahatların nəticəsində yoxsulluq, işsizlik səviyyəsi 5 faizə enib. Beynəlxalq maliyyə qurumları bu proqnozu səsləndirirlər ki, Azərbaycanda inkişaf tempi belə davam edərsə, yaxın zamanlarda yoxsulluq səviyyəsi tamamilə heçə enəcək.
Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə yenidən dünyanın diqqətini özünə yönəltdi. Xatırlasaq, ölkə Prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarının ölkəmizin idman həyatında hansı izləri qoyacağını açıqlayarkən bu inamı ifadə etmişdi ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaq. Ölkəmiz çoxsaylı beynəlxalq və regional səviyyəli tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Azərbaycanın son illərdə dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürütdüyü müstəqil, fəal siyasət nüfuzunun artmasında, yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Birinci Avropa Oyunlarına 50 ölkədən 6 min idmançının qatılması bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan dünyanın diqqətini özünə yönəltməklə, malik olduğu imkanların təqdimatından çəkinmədiyini, əksinə reallıqlarımızla daha yaxından tanış olmağın tərəfdarı olduğunu nümayiş etdirdi. Çünki dövlət siyasətimizin önündə dayanan əsas məsələ ölkəmizin hərtərəfli inkişafı, müasirilyi, yeniliyi özündə ehtiva etməkdir. Daim irəliyə baxan, yeni-yeni hədəflərə çatmaq üçün səylər göstərən bir dövlətin davamlı inkişafı qaçılmazdır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, güclü dövlət bizim ümummilli fikrimiz, ideyamızdır ki, bu təməlin əsasını da insana qayğı təşkil edir. Belə məsuliyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın məqsədi idman bayramını sevinc, həmrəylik, birlik bayramına çevirmək, xalqlar arasında dostluq və əməkdaşlığın genişləndirilməsi, siyasi iqtisadi əlaqələrin möhkəmlənməsi üçün qarşılıqlı münasibətləri, mədəni dəyərləri bölüşməkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yalnız iqtisadi cəhətdən qüdrətli ölkələr belə mühüm tədbirlərə ev sahibliyi edə bilər. “Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası-bütün bunlar Azərbaycan reallıqlarıdır” söyləyən dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var.
“Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir. Bizim nümunəmiz öyrənilir” söyləyən cənab İlham Əliyev bu mühüm məqamı da qeyd edir ki, beynəlxalq tədbirlər tolerant ölkəmizin multikulturalizmin inkişafı istiqamətində əldə etdiyi uğurların bütün dünya xalqları üçün nümunə olduğuna da işıq salır.
Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İstər ilk Avropa Oyunlarının, istərsə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri Azərbaycan tarixinin, mədəniyyətinin, milli- mənəvi dəyərlərinin təqdimatında əhəmiyyətli rol oynadı. Bu mühüm tədbirlər Azərbaycanın tolerantlıq məkanı, xalqımızın multikultural ruhun daşıyıcısı olduğunu bir daha ortaya qoydu. Dünya Azərbaycanı mütərəqqi, müasir ölkə kimi gördü. Harada yaşamağımızdan asılı olmayaraq hər birimizin qürur mənbəyi olan Azərbaycanı dünya miqyasında yüksək etimada malik ölkəyə çevirən məhz bu vəhdətin qorunmasıdır. “Bakı-2017” tarixə həm böyük idman bayramı, həm də dostluğun təntənəsi kimi yazıldı. 54 ölkəni təmsil edən 3 mindən çox idmançı bu birliyin, həmrəyliyin təbliğatçısına çevrildi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə bir daha bu mesajı dünyaya ünvanladı ki, öz ekstremist, radikal düşüncələrini yaymaq, şəxsi maraqlarını təmin etmək üçün İslam üzərindən oynanılan “oyunların” bu dinlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki İslam dini sülh dinidir, barış və birgəyaşayış dinidir.
Bu günlərdə isə Bakıda UEFA Avropa Liqasının final oyunu keçirildi. Şərqlə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm tədbir Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilir. Belə tədbirlər onu sübut edir ki, Azərbaycan istənilən beynəlxalq tədbiri təşkil edə, bu sahədə nümunəvi standartlar və meyarlar müəyyənləşdirə bilər.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan reallıqlarının təbliğinə böyük töhfədir. İqtisadi imkanları günbəgün artan, demokratik islahatları dünyaya nümunə göstərilən, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 15 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində daha yüksək zirvələri fəth edir, inkişaf modelini zamanın tələbinə uyğun olaraq daha da təkmilləşdirir. Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğu inkaredilməzdir. İdmanın da bir siyasət olduğunu nəzərə alsaq, Azərbaycanın son illərdə mühüm idman tədbirlərinə ev sahibliyi etməsinin siyasi əhəmiyyəti daha aydın görünür. Sabitlik adası, məkanı kimi dəyərləndirilən ölkəmizə gələn hər bir xarici qonaq inkişafı, ən əsası bu inkişafa əsas verən xalq-iqtidar birliyinin möhkəmliyini böyük heyranlıqla qeyd edir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə böyük zərurət duyulurdusa, bu gün Azərbaycanın hər həftə, hər ay beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bu imkanları daha da artırır.
Təbii ki, bu günümüzün əsas çağırışı dünyaya səs salan, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticələri olan bu reallıqlarımızın təbliğində fəallığımızı artırmaqdır. 28 May- Respublika Günü münasibətilə rəsmi qəbulda “Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir: “Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik.” Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının uğurla həyata keçirilməsi qarşıdakı illərdə də ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyinin davamlı olacağına əminliyi artırır.
Yeganə Əliyeva, “İki sahil”