21 fevral 2020 20:11
2070

Azərbaycan-İtaliya siyasi əlaqələrinin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına töhfədir

İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliyanın Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunəsi kimi bu ölkənin Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana etdiyi ilk rəsmi səfəri xüsusilə qeyd etmək olar. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermiş və səfər zamanı əldə edilmiş bütün razılaşmalar ardıcıl şəkildə həyata keçirilmişdir. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir. Xüsusilə, İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkədir.

“Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”

Prezident İlham Əliyevin İtaliyaya dövlət  səfəri çərçivəsində əməkdaşlığın inkişafına xidmət edən görüşlər, imzalanan sənədlər,  müzakirə olunan məsələlər, qəbul olunan Birgə Bəyannamədə əksini tapan müddəalar   xarici siyasətdə ikitərəfli əməkdaşlığın xüsusi önəmini açıqlamaqla yanaşı, əlaqələrin inkişafı istiqamətində müəyyənləşdirilən  yeni istiqamətlərə işıq salır. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanmışdır. Onlardan 17-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra onların iştirakı ilə imzalanmış və mübadilə olunmuşdur. Digər sənədlər səfərin ikinci günündə baş tutmuş biznes forum çərçivəsində imzalanmışdır. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edir.

Səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Birgə Bəyannamə Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni yüksək səviyyəyə qədəm qoymasını şərtləndirən bir sənəddir. Sənəd Azərbaycanın digər ölkələrlə belə bir adda imzaladığı ilk sənəd olması, o cümlədən “Böyük Yeddiliyin” üzvü olan ilk ölkə ilə imzalanması nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Sənədin adından da göründüyü kimi, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün sahələrdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Bu səbəbdən də sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə - siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət, xalqlararası təmaslar və sair sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir. Birgə Bəyannamədə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasına birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.

Keçən həftə baş tutmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Prezidentinin tarixi çıxışı ilə Ermənistana vurulmuş diplomatik zərbədən sonra Avropa İttifaqının aparıcı üzv ölkəsinin Baş Naziri ilə imzaladığı strateji sənəddə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi dövlət başçısının növbəti  böyük nailiyyətidir. Bu mənada, Azərbaycan onun ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyə görə İtaliyanın səylərini yüksək qiymətləndirir. Birgə Bəyannamə eləcə də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da inkişaf etdirilməsinə, habelə müdafiə, enerji, nəqliyyat, logistika və sair kimi strateji sahələrdə Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsinə münasibətdə ən böyük ticarət tərəfdaşımız olan İtaliyanın maraq və səylərini də ortaya qoyur. Belə ki,  rəsmi Roma Azərbaycan və İtaliya arasında yüksək səviyyəli münasibətləri nəzərə alaraq, ölkəmizlə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığı və tərəfdaşlığı nəzərdə tutan, hazırda müzakirə olunan yeni sazişin tezliklə imzalanmasına dəstəyini ifadə edir.

Bu baxımdan, İtaliya ilə imzalanmış Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər. Birgə Bəyannamənin digər vacib məqamlarından biri də sənədin icrası üçün müvafiq məsələlərin əlaqələndirilməsi və müzakirəsi məqsədilə Azərbaycan və İtaliya Xarici İşlər Nazirliklərinin rəhbərliyi altında iki ölkə arasında mütəmadi Strateji Dialoqun keçiriləcəyinin qeyd olunmasıdır. Bu məqam tərəflərə müvafiq rəsmi səfərlərdən məhz Strateji Dialoqun iclaslarının keçirilməsi üçün də fürsət kimi istifadə etmək imkanı verəcəkdir. Eyni zamanda, Birgə Bəyannamədə tərəflər Cənub Qaz Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsinə və Azərbaycan qazının Avropaya daşınmasına imkan yaradacaq, bununla da təbii qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi ilə Avropa enerji təhlükəsizliyini gücləndirəcək Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin vaxtında tamamlanması üçün səylər göstərəcəklərini bəyan edirlər.

İqtisadi-ticarət münasibətləri

Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Ümumiyyətlə, italyan şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanması nəzərdə tutulur. İtaliyada istehlak olunan neftin 17%-i ölkəmizin payına düşür. TAP layihəsinin icrası ilə bağlı Azərbaycan qazı İtaliya bazarına ixrac olunduqdan sonra bu rəqəm daha da artacaqdır. Cənub Qaz Dəhlizində Azərbaycan başlanğıc nöqtəsi, İtaliya isə yekun nöqtədir. Bununla belə Azərbaycan və İtaliya bu layihə vasitəsilə 5 ölkəni, nəticə etibarilə ümumilikdə 7 ölkəni,  Xəzər dənizi ilə Aralıq dənizi və Adriatik dənizi birləşdirirlər. Bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Onu da qeyd edək ki,  Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Prezident İlham Əliyev biznes forumun açılışında çıxış etmişdir. Qeyd olunmalıdır ki, 2018-ci ilin iyul ayında İtaliya Prezidenti S.Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda biznes forum baş tutmuşdur. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

Mədəni-humanitar sahədə əməkdaşlıq

Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və  təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir. Artıq ənənə halını almış İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları da ölkəmizin mədəniyyətinin təbliğinə əlavə imkanlar açmışdır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən göstərilən dəstək də İtaliyada ölkəmizin nüfuzunun daha da artmasına təsir göstərmişdir.

Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli” elan olunmuşdur. Bu münasibətlə səfər çərçivəsində fevralın 20-də Romadakı Kuirinale Sarayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı konsert proqramı təqdim olunub. Bu münasibətlə İtaliyanın müxtəlif şəhərlərində təşkil olunacaq çoxsaylı tədbirlər ölkələrimizin mədəniyyətinin İtaliyada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hal-hazırda Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisası tədris olunur və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində - Roma Sapienza Universiteti və Venesiya Ka Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Habelə son illərdə İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayı da artmışdır. İtaliyada 1500 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Müdafiə sahəsində əməkdaşlıq

Səfər çərçivəsində Azərbaycan və İtaliya müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində də işbirliyi həyata keçirmək barədə razılığa gəlmiş, müvafiq ikitərəfli sənəd imzalamışlar. Bu, dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın müdafiə sahəsində əməkdaşlıq etdiyi ölkələrin coğrafiyasının durmadan genişləndiyini, Azərbaycan Ordusunun əməliyyat və texniki imkanlarının  artmasını göstərir.

Yaqut Ağaşahqızı, “İki sahil”