13 mart 2020 21:02
1316

Azərbaycan koronavirusa qarşı hazırlıq tədbirlərini artırır

Koronavirus  pandemiyasına qarşı mübarizə üzrə hazırlıq tədbirləri ölkəmizdə də  genişləndirilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin rəsmi səhifəsində məlumat yayılıb.

Belə ki, dərc olunan məqalədə Azərbaycanın koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlığı təqdir olunub. Qeyd olunub ki, hazırda ÜST-ün ekspertlərindən ibarət bir qrup şəxs Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün Bakıda səfərdədir. 5 günlük səfər müddətində ekspert qrupu Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində olan xəstəxanalara, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə baş çəkib. Həmçinin bildirilib ki, bu günə qədər Azərbaycan koronavirusun az sayda idxalını təsdiqləyib. Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqələli şəkildə koronavirusun yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verdiyi və ÜST-ün strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırdığı vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatı  artıq bir neçə aydır ki, dünyanı təşvişə salan koronavirusu pandemiya elan edib. Pandemiya insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Yunan dilindən tərcümədə “bütün xalq” mənasını verir.  Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda, onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınan rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Koronavirus artıq qlobal miqyasda yayıldığından, ÜST-ün onu pandemiya kimi müəyyən etməsi həqiqətin etirafı sayılır.

Azərbaycan da dünyanın bir parçası olduğundan xaricdə özünü göstərən virusun ölkəmizdə yayılmaması üçün müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyası nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib. Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərməyə başlayıb. Hansı ki, bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda, koronavirus infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilib. Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib. Bunlarla yanaşı, məhz Prezident İlham Əliyevin göstərişi ilə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Ölkə başçısının digər göstərişi ilə lazımi tədbirlərin görülməsi işinin daha sürətlə aparılması üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, ölkəyə giriş-çıxış ciddi nəzarətə götürülüb.

Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fevralın 29-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ÜST-lə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.

Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir. Fonddan mətbuata verilən məlumata görə, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir. Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.

Qeyd edək ki, təlim-tədris müəsisələrində tibbi-frofilaktik vəziyyətə nəzarət gücləndirilib,dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bütün təhsil müəsisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulub. Təhsil Nazirliyinin təlimatlarına əsasən məktəb kollektivi,şagirdlər və valideynlər arasında aktiv marifləndirmə işləri aparılıb,kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb. Məktəb həkimləri tərəfindən mövsümü respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlərin ərazi poliklinikalara gönləndirilməsinə nəzarət gücləndirilib.

Koronavirusla bağlı “Bakı Metropoliteni” sərnişinlərə müraciət edib.  Qurumdan verilən xəbərə görə, “Bakı Metropoliteni” QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır: “Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir. Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur”.

Koronavirus təhlükəsinə görə, paytaxtda və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki,  mütəxəssislərlə aparılan məsləhətləşmələrdən və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Yaqut Ağaşahqızı, “İki sahil”