21 iyul 2020 19:17
2536

Azərbaycan mətbuatı düşmənlə mübarizədə dövlətinin və xalqının yanındadır

Prezident İlham Əliyev milli mətbuatın inkişafını demokratik islahatların təməl prinsipi hesab edilir

Dünyamızın bu qarmaqarışıq dövründə, yəni,  həm COVID-19-la mübarizə, həm beynəlxalq iqtisadi geriləmənin baş verdiyi, o cümlədən Ermənistanla sərhəddə və cəbhə xəttində gərginliyin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin «Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamı milli mətbuatımızın inkişafına, jurnalist peşəsinə verilən böyük dəyərdir. Həmçinin ölkəmizin başçısı bu Sərəncamla milli mətbuatımızın tarixi təkamül və inkişaf yoluna dərin ehtiram göstərmiş oldu.

Bu, bir həqiqətdir ki, mətbuatın bütün hallarda cəmiyyətin önündə olması zəruridir və bu prinsip harada bərqərar olubsa, orada dünyəvilik, demokratik dəyərlərin inkişafı mütləqdir. Eyni zamanda, mətbuat bütün inkişafların fövqündə duraraq bir önəmli funksiyasını da yerinə yetirməyə borcludur. Bu, milli-mənəvi dəyərlərin qorunması, xüsusən də  müasir dövrdə yad cərəyanlara və vərdişlərə seyrçi, bəzən də aludəçi olan  yeni nəsillərin öz soykökünə bağlılığına stimul verməyidir.

Burada bir zəruri qeydə də ehtiyac vardır ki, Azərbaycan dövləti də mətbuatı daim yüksək qiymətləndirərək onun cəmiyyətdəki yerini və nüfuzunu möhkəmlətməyə çalışıb. Xüsusən Prezident  İlham Əliyev  Azərbaycanın milli-mənəvi dəyərlərini  uca tutan, gənc nəslin həmin dəyərlərə sayğı göstərməklə  müasir dünyanın inkişaf meyarlarından yararlanmasını tövsiyə edən bir dövlət başçısıdır.Onun haqlı mövqeyi budur ki, Avropaya və digər qlobal  cəmiyyətlərə inteqrasiya bizi öz soykökümüzdən, tarixi qaynaqlarımızdan qoparmamalıdır. Düzdür, bu gün  Avropaya inteqrasiya edən Azərbaycanın «açıq qapı» siyasəti aparması, dünyada mövcud olan ən qabaqcıl təcrübənin Azərbaycana gətirilərək tətbiq edilməsi dövlət siyasətidir.

Həmin meyl, əlbəttə ki, milli xüsusiyyətlərin  tapdanması hesabına gerçəkləşmir. Bu barədə Prezident İlham Əliyev deyib: « Bizi millət kimi qoruyub saxlayan bizim ənənələrimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz və milli mətbuatımız olub. Ona görə bu sahələrə çox böyük diqqət göstərilməlidir. Bunlar Azərbaycanı əsrlər boyu assimilyasiyadan qoruyan amillərdir və bu sahəyə böyük diqqət yetirilməlidir. Mədəniyyət, ədəbiyyat, milli mətbuat, ana dilimiz, tarixi keçmişimiz-biz bu sahələrə böyük diqqət göstərməliyik. Ona görə ki, bəzi hallarda bu unudulur, bəzi hallarda xalqımıza xas olmayan əlamətlər üzə çıxır.»

Göründüyü kimi, cəmiyyətin saflaşmasında, ən mütərəqqi dəyərləri əxz etməsində mətbuatın da yeri danılmazdır. Bu mənada, qərəzsiz və obyektiv KİV-lər insanlarımza, Vətəni və onun tarixini qorumaq, milli adət və ənənələrimizə sahib çıxmaq üçün əlavə stimul verir. Təbii ki, indi ölkəmiz elə bir həssas tarixi dövrü yaşayır ki, KİV-lərimizin maarifləndirci, əxlaqi dəyərləri təbliğ edən verilişlərə və yazılara daha çox fikir verməsi zərurəti yaranır. O səbəbdən ki, bu  istiqamətdə  onların üzərinə daha böyük məsuliyyət düşür. Axı, onlar ictimai rəy formalaşdıran və ona  ciddi təsir edən  kütləvi təbliğat vasitəsidir.

Eyni zamanda, bu gün milli mətbuatımızın üzərinə düşən çox mühüm vəzifələrdən biri də liberal iqtisadiyyatda yəni bazar münasibətlərinin bərqərarlaşdığı dövrdə milli-mənəvi dəyərləri qorumaqdır. Bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi birmənalıdır və Prezident İlham Əliyev çıxışlarının birində demişdir: «Biz milli-mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verə bilmərik...»    

Təbii ki, mətbuat  yarandığı gündən insanları maarifləndirən ideoloji vasitədir. Həsən bəy Zərdabi  «Əkinci»ni,  Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin»i bu amalla yaratmışdılar və vəzifələrini də ləyaqətlə yerinə yetirdilər. Bu, artıq mətbuatın, o cümlədən, jurnalistlərin qızıl qanunudur ki, media bütün hallarda özünü bəşəri və hümanist ideyalara kökləməklə mədəni səviyyəsini yüksəltməlidir. İndi bizim məhz  belə KİV-lərə daha çox ehtiyacımız var.

Əslində, bu gün Azərbaycan dövləti güclü KİV-in olmasında maraqlıdır. Ona görə ki, nüfuzlu televiziya və mətbuatı olan ölkədə  dövlət mövcud nöqsanları görür və həllinə nail olur. Bu prinsipi ümummilli lider Heydər Əliyev cox yüksək qiymətləndirirərək bildirmişdi: «Mənə məlum olmayan nöqsanları araşdırıb göstərən jurnalistə minnətdar olaram.» Eyni prinsip Prezident İlham Əliyev və onun siyasi komandası tərəfindən əhəmiyyətli şəkildə dəyərləndirilir. Xüsusən,  Azərbaycan hökuməti  qərəzsiz və obyektiv tənqidə dərhal reaksiya göstərməklə mətbuatın cəmiyyətdəki nüfuzuna yeni stmul verir.

Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı olması onun bu sahəyə göstərdiyi qayğıdan daha aydın görünür. Son 20 ildə mətbuata göstərilən dövlət yardımı hər il davamlı olaraq artır. Hər il qəzet redaksiyalarına ayrılan maliyyə yardımı, o cümlədən Milli Mətbuat Günü ilə ələqədar peşəkar jurnalistlərin fəxri adlarla təltif edilməsi, ən nəhayət Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun xətti ilə qəzetlərin, hətta müxalifət mətbuatının belə eyni zamanda, fərdi jurnalist yazılarının qiymətləndirliməsi bu sahədə çox böyük hadisədir. KİV-ə göstərilən bu tip yüksək  dövlət dəstəyi heç bir ölkədə mövcud deyildir. Bununla da Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu bir daha göstərir. Həmçinin dövlət bu faktla mətbuatın cəmiyyətdəki yerini də yüksək dəyərləndirmiş olur. Təbii ki, Azərbaycan dövləti bu yardımları həyata keçirməklə qəzet redaksiyalarının başqalarından asılılığına son qoymağa çalışır ki, bu da nəticə etibarıilə qərəzsiz və obyektiv jurnalistikanın inkişafına şərait yaradır. Daha önəmli nüans odur ki, xalqımızın dilini, tarixini, milli- mənəvi dəyərlərini, əxlaqını qoruyan, eyni zamanda, ona yeniliyi, modern demokratik meyarları da aşılayan milli  mətbuatdır. Son bir neçə ildə Azərbaycanda demokratik dəyərlərin inkişafında, seçki maarifçiliyinin təbliğində  önəmli rol oynayan ölkə KİV-lərinin bundan sonra da vətəndaş cəmiyyəti quruculuğundakı yeri yüksəklərdə olacaqdır. Ona görə ki, ölkəmizdə peşəkar mətbuat işçiləri formalaşır və onların ictimai rəyə təsir imkanları artır.

2005-ci ildən başlayaraq 130, 135 və 140 illik yubileylərinin keçirdilməsi,  «Əməkdar jurnalist» fəxri adının bərpası, jurnalistlərin mükafatlandırılmasının xoş ənənəyə çevrilməsi, KİV əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar mediaya dövlət qayğısının əyani təzahürləridir. Medianın üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla, mətbuata davamlı diqqət və qayğı göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış «Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə» Sərəncama əsasən qəzetlərin «Azərbaycan» nəşriyyatına olan 450 min ABŞ dolları civarında borcu dövlət büdcəsindən ödənilib.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında», eləcə də «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında» sərəncamları, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması keyfiyyətcə yeni mərhələdə mediayanın ölkəmizin inkişaf potensialından səmərəli yararlanmaq imkanları yaradıb.

Bu diqqət və qayğının müqabilində dövlətin və ümumən cəmiyyətin media ilə bağlı gözləntiləri kifayət qədər sadədir: obyektivlik, peşə etikasına və qanunlara hörmət, vətənpərvərlik və milli mənafelərin nəzərə alınması, milli-mənəvi dəyərlərə sədaqət!

Digər mühüm məqam da bundan ibarətdir ki, media ciddi kommunikasiya platforması kimi ideoloji-siyasi baxımdan müharibə şəraitində yaşayan ölkənin həqiqətlərinin dünya müstəvisinə çıxmasında fəal iştirak etməlidir. Prezident İlham Əliyev 2020-ci il iyun ayının 25-də «N» saylı hərbi hissənin şəxsi heyəti ilə görüşündə bununla bağlı dəyərli fikirlərini bölüşüb, xüsusən də düşmənə qarşı səmərəli əks-hücumun təşkili baxımından gənclərin tariximizin yaxşı öyrənmələrinə ehtiyac olduğunu vurğulayıb: «Bizim gənclər bu tarixi bilməlidirlər, qədim tariximizi bilməlidirlər. Bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir».

Əlbəttə, ümumi düşmənə qarşı mübarizədə son illər medianın fəaliyyətində müsbət irəliləyişlər də özünü göstərir. Xüsüsən, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyulun 12-də Tovuzla sərhəddə başlayan döyüşlərdə Azərbaycan mediası düşmənlə mübarizədə həm peşəkarlıq, həm də əsl vətənpərvərlik nümayiş etdirdi. Məhz Müdafiə Nazirliyinin, media ilə işləyən ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının informasiya savaşında davranış məsələləri barədə ictimai müzakirələr açmaları, bu mövzuda tövsiyə xarakterli mülahizələrin çoxalması KİV-in informasiya savaşında ciddi dönüş yaradıb. KİV cəbhə xəttindən məlumat və yaxud foto-video görüntü yayarkən Azərbaycan Ordusunun həqiqi üstünlüyünü təbliğ edir, ermənilərin hərbi uğursuzluqlarına daha çox diqqət yetirir. Mediamız işğalçı dövlətin siyasi və hərbi böhran keçirdiyini onun öz dilindən alaraq operativ şəkildə yayır.

Jurnalistlərə ən böyük dəstəklərdən biri də onlar üçün son 7 ildə tikilən 3 çoxmənzilli binalardır. Evsiz jurnalistlərin mənzillə təmin olunması, onların sosial-məişət problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqətində olduğu üçün artıq üçüncü bina da sürətlə inşa edilərək hazır vəziyyətə gətirilib.

Bir sözlə, Bu gün yalnız bölgənin deyil, həm də  dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də azad mətbuatın formalaşması və onun ictimai həyatda dördüncü hakimiyyət missiyasını uğurla yerinə yetirməsidir.

Elçin Zaman, «İki sahil»