13 yanvar 2021 18:13
968

Azərbaycan mətbuatının qarşısında yeni üfüqlər açılır

Dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində  islahatların dərinləşdirilməsi haqqında» Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması hədəflərə hesablanmış addımdır

Dünyada, o cümlədən ölkəmizdə  koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin davam etdirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin bütün sahələri, o cümlədən mətbuatı diqqətdə saxlaması,  bu istiqamətdə  islahatların dərinləşdirilməsini vacib amil kimi önə çəkməsi media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında»  Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması   Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açacaq.

Fərmanda da qeyd edildiyi kimi, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan məlum Fərman bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan hər dövrün, zamanın tələblərini yüksək səviyyədə cavablandırır, eyni zamanda, yeniləşmə, təkmilləşmə həyata keçirir. Təbii ki, islahatlar olmadan inkişafa, tərəqqiyə nail olmaq qeyri-mümkündür. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə  mətbuatın da bu təkmilləşmədən kənarda qalmaması dövrün əsas çağırışlarındandır.

  Göründüyü kimi, dövlətimiz   müasir medianın inkişafına bu qədər önəm  verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti  deməkdir. Atılan hər bir addım ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Yuxarıda da qeyd etdiyimiz kimi, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Son 17 ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Mətbuat sahəsində atılan davamlı addımlar  təsdiqləyir ki,  Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar da mətbuata göstərilən  qayğının tərkib hissəsidir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində  təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib.  Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da  böyük rəğbətlə qarşılanır.  Atılan hər bir  addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, son 17 ildə cənab  İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Dövlətimizin başçısı, həmçinin  «Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir» fikirləri ilə   Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri  diqqətə çatdırır.

  Azad medianın səviyyəsi hər bir ölkənin inkişaf  səviyyəsini göstərir. Qarşıdakı illər üçün əsas hədəflərimizdən biri inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Məhz elə bu hədəfimizin özü digər sahələr kimi, mətbuatda da təkmilləşməni, yeniləşməni bir zərurətə çevirir. Nəzərə alsaq ki, bu gün  yüzlərlə   kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir,  internet istifadəçilərinin sayı  85  faizdən çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını artırmasını, bundan öncə məsuliyyət amilini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamasını bir tələb kimi ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 17 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıb. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini formalaşdırır. Peşəkarlıq və məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın  əqidəsinə, tutduğu yola, məqsəd və məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın   prinsiplərinə hansı səviyyədə yanaşmasını da ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin  bu çağırışını da xatırlatmaq istərdik: «Hesab edirəm ki,  peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də  aradan qaldırılacaqdır.  Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan  başqa məqamlar da aradan  qaldırılacaqdır.  Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır.»  Günümüzün əsas tələblərindən olan  informasiya təhlükəsizliyinin təmin edilməsi də  jurnalist məsuliyyəti və peşəkarlığını  aktuallaşdırır.  Siyasi  mənsubiyyətindən, əqidəsindən  asılı olmayaraq, hər bir mətbu  orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri  əsas tutmalıdır.

Yeni texnologiyaların tətbiqi, çoxsaylı internet resurslarının yaradılması fonunda ortaya çıxan müəyyən problemlər qeyd edilən Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində öz müsbət həllini tapacaq. Bir sözlə, Medianın İnkişafı Agentliyi hədəflərin gerçəkləşməsində vacib  icra mexanizmini ortaya qoymaqla, azad medianın inkişafını daha da sürətləndirəcək.

Yeganə Əliyeva, «İki sahil»