Ölkəmizin İSESCO və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə möhkəmlənən əlaqələri müsəlman ölkələrinin birlik və həmrəyliyini gücləndirir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Qırğızıstanda keçirilən Zirvə Görüşündə «2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» söyləyən Prezident İlham Əliyev sədrlik etdiyi müddətdə TDƏŞ-də təmsil olunan ölkələrin birgə səyi ilə İslami dəyərlərin təbliği, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımların atılacağını bildirdi. BMT, ATƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin davam etdiriləcəyi diqqətə çatdırıldı.
Ənənəvi olaraq keçirilən Zirvə görüşlərində iqtisadi əlaqələri genişlənən müsəlman ölkələrinin islami dəyərlərin təbliği istiqamətində birgə fəaliyyəti ilə bağlı təşəbbüslər irəli sürülür. Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclası müsəlman ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından əhəmiyyətli idi. Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə ölkəmizin ədalətli mövqeyini dəstəkləyən, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanın işğal etdiyi torpaqlarımızda apardığı etnik təmizləmə siyasətini pisləyərək, xalqımıza məxsus tarixi-mədəni irsin, İslam abidələri və məscidlərimizin dağıdılmasını bəşəri cinayət adlandıraraq mövqelərini Zirvə görüşlərinin yekun bəyanatlarında rəsmən təsdiqləyən TDƏŞ-in üzvləri Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bəyan edirlər.
Dünyanı bürüyən pandemiya dövründə TDƏŞ-in üzvlərinin iştirakı ilə keçirilən birgə videokonfransda COVID-19-a qarşı mübarizə istiqamətində görülən işlərdən bəhs edən Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən təşəbbüsləri humanizmə əsaslanan islami dəyərlərə verilən qiymətdir.
Prezident İlham Əliyev İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdikdən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş direktoru Bağdad Amreyev ilə videoformatda görüşünün keçirilməsi bir daha göstərdi ki, İslam aləminin ayrılmaz parçası olan Azərbaycana maraq və dəstək hər zaman aktualdır.
Müsəlman dövlətlərinin təmsil olunduğu təşkilatların yüksək səviyyəli nümayəndələri ilə söhbətində 30 illik danışıqlar prosesinin heç bir nəticə vermədiyini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi , 44 gün davam edən müharibədə bölgədə yeni reallıqların təməlini qoyan Azərbaycan erməni faşizmini də çökdürdü, yeni səhifələr açdı. Beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə reallaşdıran Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə, XXI əsrin müharibə salnaməsinə yeni səhifələr yazdı. İşğal olunmuş ərazilərdə 70 məscidi dağıdan, islami dəyərlərə, müsəlman mədəniyyətinə zərbə vuran ermənilər vəhşiliklərini gizlətməyə çalışsalar da, buna nail ola bilmədilər. Dağıdılımış ərazilərdə olan, erməni silahlılarının törətdikləri cinayətlərdən dəhşətə gələn xarici qonaqlar Azərbaycanın işğal edilmiş ərazilərində heç yerdə görmədikləri faciənin, vəhşiliklərin şahidi olduqlarını etiraf etdilər.
Bugünlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən Prezident İlham Əliyev 44 gün davam edən, 30 illik işğala son qoyulan müharibədə Azərbaycan Ordusunun şücaəti, erməni vandallarının dağıtdıqları şəhər və kəndlərdə viran qoyulan tarixi abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız haqqında ətraflı danışdı. «Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı «Qafqazın Xirosiması»” adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar. Zəngilan da, Cəbrayıl da, Qubadlı da praktiki olaraq tamamilə dağıdılıb. Təkcə şəhərlər yox, kəndlər də. Siz Füzuliyə, Ağdama gedəndə yol boyunca yəqin ki, tamamilə dağıdılmış kəndləri görmüsünüz» söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, insanlara qarşı törətdikləri cinayətləri ilə faşist xislətlərini həyata keçirən, Azərbaycanın mədəni irsinin izlərini məhv edən erməni quldurları evləri dağıdaraq aparılması mümkün olan nə varsa hamısını daşıyıblar. İşğal etdikləri ərazilərdə süni məskunlaşdırma siyasəti aparan ermənilərin Cenevrə konvensiyalarını ən kobud şəkildə pozmaları isə hərbi cinayətdir. Erməni vəhşiliklərinin KİV-lərdə, sosial şəbəkələrdə yayımlanması ilə dünya ictimaiyyəti erməniliyin mahiyyətini gördü. «Lakin noyabrın 10-da imzalanmış Bəyanata müvafiq olaraq, işğalçılar həmin əraziləri tərk edəndə, onlara təxminən 20 gün vaxt verilmişdi, bu müddətdə onlar özlərinin tikmədiyi, qanunsuz olaraq soxulduqları evləri yandırır, meşələri qırır, bütün infrastrukturu məhv edirdilər. Laçın və Kəlbəcər rayonlarında 10-dan çox su elektrik stansiyası vardı, onlar hamısı dağıdılıb, yəni bu, barbarlıqdır. Bütün dünyanın gözü qarşısında buna sadəcə, başqa ad vermək mümkün deyil. Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib» söyləyən Prezident İlham Əliyev bildirdi ki, Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa tamamilə boşalıb, məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətlərin yaşadıqları evlər tanınmaz hala salınıb, büstləri güllələnib. «Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq» söyləyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı öz gücü ilə dağıdılmış əraziləri bərpa edəcək. Görüşdə vurğulandığı kimi TDƏŞ-ə daxil olan müsəlman dövlətlərinin, TÜRKSOY-un Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi illərdə, döyüşlərin davam etdiyi zaman Azərbaycanı dəstəkləməsi, müsəlman dövlətlərinin birlik və həmrəyliyi islamofobiya yaradan erməni havadarlarına zərbədir. İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində Türk Şurasının Baş katibi adından 4 rəsmi bəyanatın verilməsi ölkəmizin haqq işinə dəstək, İslam həmrəyliyinin nümunəsidir.
«Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək» söyləyən Prezident İlham Əliyev işğaldan azad olunmuş bölgələrdə TÜRKSOY-un iştirak edəcəyini bildirdi. «Buna görə də düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi irsin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsində bizə kömək də TÜRKSOY-un diqqət mərkəzində olacaq» söyləyən dövlət başçımız vurğulayıb ki, bu proses artıq başlanıb.
Bu yerlərin əvvəlki şöhrəti, siması çox tezliklə bərpa olunacaq. Bərpa işlərində müsəlman ölkələrinin iştirakına dair böyük biznes forum keçiriləcək. Dini abidələr müsəlman ölkələrinin iştirakı ilə daha möhtəşəm görkəm alacaq. Ötən illərdə İslam Mədəniyyətinin Paytaxtı elan olunan Bakı və
Naxçıvandan sonra bu dəyər yenə də Azərbaycana nəsib olacaq. «Biz hər il türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar» söyləyən TDƏŞ Baş katibinin Türk Şurasının cari gündəliyi barədə söylədikləri də Azərbaycana verilən dəstək, göstərilən diqqətdir. Bakı Sammiti zamanı 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənəd artıq hazırdır. Bu sənəddə türk dünyasının gələcəyi, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdəki əməkdaşlığın perspektivləri əks olunub. Diqqətçəkən başlıca məqam isə Prezident İlham Əliyevin Zirvə görüşündə Zəngəzurla bağlı söylədiklərinin reallaşması, Azərbaycanın tarixi torpaqlarının həqiqi sahiblərinə qayıtmasıdır.
Xuraman İsmayılqızı, «İki sahil»