13 yanvar 2020 20:54
1146

Azərbaycan neft sənayesinin canlı ensiklopediyası

İllərə biri-birindən əhəmiyyətli izlər vuran tanınmış neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, ilk dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur


Keçilən yol,   bəxş olunan   ömür payının sadə, yaxud zəngin olması hər bir insanın təqdimatında əhəmiyyətli rol oynayır.  İnsanın ən böyük sərvəti cəmiyyətdə qazandığı nüfuz, dövləti, xalqı üçün etdikləri, bir sözlə, illərə vurduğu izlərdir.  Bu gün 90 illik yubileyini daxilində onu  müşayiət edən “məni” qarşısında  xalqı, dövləti üçün etdiklərinin hesabatına  böyük fəxrlə və qətiyyətlə  vermək imkanında olan, hər kəsin tanıdığı, şəxsiyyətinə və tutduğu vəzifəsinə böyük hörmətlə yanaşdığı  Xoşbəxt Yusifzadə kimi...

Xoşbəxt müəllimin  geniş təqdimata ehtiyacı yoxdur. Hər zaman bu və ya digər sahədə  uğur qazanan, həmçinin  elmi fəaliyyətlə  məşğul olan  şəxslərdən   musahibə hazırlayarkən bir sual daim məni düşündürüb- Görəsən təqdimatsız ( hörmətsizlik kimi dəyərləndirilməzsə),  sadəcə ad və soyad  həmin şəxsi ümumilikdə ifadə etmək imkanında deyilmi?

Çünki  düşünürəm ki,  elə şəxslər  var ki, onların xalqı, dövləti qarşısında xidmətlərinin miqyası o qədər böyükdür ki, protokol qaydalarına uyğun olaraq əməyinə verilən qiymətlər, qazandığı titullar sadalansa da bir ad və soyad onun portretinin  yaranmasına bəs edir. Xoşbəxt müəllim belə tanınmışlardan, ən əsası məktəb yaradan şəxsiyyətlərdəndir.  Əbəs yerə,  onu Azərbaycan neft sənayesinin canlı ensiklopediyası adlandırmırlar.

Dövlətimizin başçısı İlham Əliyevin  19 dekabr 2019-cu il tarixli “  Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında”  Sərəncamında da qeyd olunduğu kimi, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.  Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilib.  Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilib.

Xoşbəxt müəllimin  Azərbaycanın neft-qaz sənayesinin inkişafına mühüm töhfələri nəzərə alınaraq,  anadan olmasının 90-cı ildönümünün dövlət səviyyəsində qeyd olunması  Xoşbəxt Yusifzadə məktəbinin öyrənilməsinin günümüzün çağırışları sırasında olduğuna bir işarədir.

Doğum günü bir hesabatdır. Bu əlamətdar günlə bağlı Xoşbəxt müəllimlə görüşməsək də,   “İki sahil” qəzetinin yubliyarın    80 illiyinə  töhfə olaraq hazırladığı jurnal, eyni zamanda, ayrı-ayrı mətbu orqanlara  müsahibələri, “Ömrümün illəri və izləri”, “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya” kitabları 90 illik yolu  vərəqləməyimizə yardımçı oldu.   Səhifələri vərəqlədikcə bu yolun  nə qədər zəngin olduğunu, bugünkü uğurlara atılan imzaların asanlıqla başa gəldmədiyini, ən əsası özünün də etiraf etdiyi kimi, bütün uğurlarının əsasında  təsadüflərin dayandığını görürük. Belə ki, orta məktəb illərində  həkim olmaq istəyən Xoşbəxt müəllimdə neftçi  peşəsinə  marağın yaranması təsadüflərin nəticəsi olub. Məhz bu təsadüf istər Xoşbəxt müəllimin özünün, istərsə də Azərbaycanın və onun neft sənayesinin uğurlarına yol açıb, stimulverici amil rolunu oynayıb. 

Xoşbəxt Yusifzadənin 2018-ci ildə AZƏRTAC-a müsahibəsində söylədiyi bu fikri bir daha  yada salmaq istərdik:  “Xoşbəxtəm ki, həm bir milyardıncı, həm də iki milyardıncı ton neftin çıxarılmasında iştirak etmişəm.”  2017-ci il Azərbaycan neft sənayesi üçün iki əlamətdar hadisə ilə yadda qalmışdı. “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı və Azərbaycanda iki milyardıncı ton neft çıxarıldı. Görkəmli geoloq Xoşbəxt müəllim nadir insanlardandır ki, həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. Həmin  müsahibəsində də Azərbaycan neft sənayesi tarixinin unudulmaz səhifələrini vərəqləyərək, bu mürəkkəb, şərəfli yolda qarşıya çıxan çətinliklərdən və əldə olunan uğurlardan geniş bəhs edib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,  neft strategiyasının müəllifi ulu öndər Heydər Əliyevin   12 iyul 1999-cu ildə  “Şahdəniz” yatağında  əldə edilmiş nəticələrin təqdimat mərasimində söylədiyi “Bu gün şəxsən mənim üçün  böyük bir bayramdır. Çünki hörmətli  Xoşbəxt Yusifzadə  burada xatırlatdı.  1969-cu ildə mən Azərbaycana  başçılıq etdiyim zamandan- 70-80-cı illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim.  Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə  biz Xəzərin dərinliklərində olan neft və  qaz yataqlarından  istifadə edilməsi üçün lazımi maddi-texniki baza  yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bizməzdik... Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki,  400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər  çata bilər. Bizim çox hörmətli geoloqumuz isə,- demək olar ki, Azərbaycanda  Xəzər dənizini Yusifzadə kimi bilən  ikinci adam yoxdur, - deyir ki, orada  bir trilyon kubmetrə qədər qaz olacaqdır” fikirlər neftçi-alimin öz peşəsini sevməklə  bilicisi olduğuna bələdçilik etmişdir. 

Xoşbəxt müəllim  “Özünüzü xoşbəxt sanırsınızmı” sualını cavablandırarkən də bu mühüm məqamı xüsusi qeyd edir ki, ulu öndər Heydər Əliyev “Xəzər dənizini Xoşbəxt Yusifzadə qədər bilən ikinci adam yoxdur” deyəndə özümü xoşbəxt sanmışam. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyeva və qızı Arzu xanım Əliyeva ilə birlikdə mənim 80 illik yubileyimə həsr olunmuş mərasimdə iştirak edəndə və orada mənim barəmdə olduqca hərarətli sözlər söyləyəndə, şərəfimə badə qaldıranda sanki mənə dünyanı verdilər...

Xoşbəxt müəllim onu xoşbəxt edən anları açıqlamaqla yanaşı, gerçək olan bu məqamı da qeyd etmişdir  ki,  xoşbəxtlik  nisbi anlayışdır.    İnsan çox qəribə varlıqdır. Bəzən quruca bir söz də onu xoşbəxt, yaxud bədbəxt edə bilər. Əlində  heç vaxt xoşbəxtlik açarı olmadığını, həmçinin  xoşbəxtliyə aparan ən qısa yolu da tanımadığını bildirən netçi-alim  dövlətimizin  başçısı İlham Əliyevin Sərəncamı ilə 80 illik yubileyinin keçirilməsi  mərasimindəki çıxışında keçdiyi ömür yolunun mənalılığını, uğurlarını və gələcəyə böyük inamla irəliləməyini şərtləndirən  üç amili qeyd etmişdir: “Birinci, xoşbəxtliyim onda olub ki, işlədiyim adamların hamısı yaxşı insanlar olublar. İstəyir “Neft daşları”nda, istəyir birliklərdə insanlar ilə münasibətim həmişə  yaxşı olub.  Rəhbərlərin- cənab Heydər Əliyevin, cənab İlham Əliyevin də mənə  münasibəti həmişə yaxşı olub. Bu, əlbəttə, mənim 80 yaş yaşamağıma (bu gün 90 yaşını qeyd edir), iş görməyimə böyük kömək olub. İkincisi, Bakıxanovun 103 nəsihəti vardır. Onun biri belədir: “Heç vaxt öz halından şikayət etmə. Minlərlə insan var ki,  sənin vəziyyətində olsalar özlərini xoşbəxt hesab edərlər.” Bunun mənası odur ki,  yuxarı çox baxma, aşağı da bax hərdən. Üçüncüsü də zəhmətdir.  Leninin bir sözü var: “Oxumaq, oxumaq, yenə də oxumaq!”. Mən də deyirəm ki, işləmək, işləmək, yenə işləmək. ... Əgər əziyyət çəkirsənsə, həmişə nəticəsini görəcəksən.”

Xoşbəxt müəllim  Azərbaycan neft sənayesi üçün mühüm hadisələri qeyd edərkən bu  müqayisəni də aparır  ki,  həyat belə gətirdi ki, milyardıncı ton Azərbaycan nefti ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, iki milyardıncı ton neft isə Prezident İlham Əliyevin rəhbərliyi dövründə və bilavasitə onun özünün iştirakı ilə çıxarıldı. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də,  2 milyardıncı  Azərbaycan nefti isə 2017-ci il noyabrın 8-də çıxarılıb. Xoşbəxt müəllim bu xatırlatmanı da edir ki,  neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçmişdilər. Neftin ikinci milyard tonunu çıxarmaq üçünsə bizə yarım əsrdən də az bir vaxt - cəmi 46 il lazım gəldi. İki milyardıncı ton neftin çıxarılması münasibətilə neftçilərin böyük bir qrupu müstəqil Azərbaycanın orden və medalları ilə təltif olundu, fəxri adlara, Prezidentin fərdi təqaüdünə layiq görüldülər.

Qeyd edək ki, 2017-ci ildə dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdu. Dövlətimizin başçısı Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə ordeni   Xoşbəxt Yusifzadəyə təqdim etmişdir.

Eyni müqayisəni aparsaq 1994-cü il 20 sentyabrda tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması ulu öndər Heydər Əliyevin, “Yeni əsrin müqaviəsi” isə cənab İlham Əliyevin adı ilə bağlıdır.  Cənab İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində bildirmişdir:  “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”   

Xoşbəxt müəllim “Əsrin müqaviləsi”nin işlənib hazırlanmasında, imzalanmasında,  ümummilli lider Heydər Əliyevin  neft strategiyasının həyata keçirilməsində cənab  İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edir. Bildirir ki, vaxtilə cənab İlham Əliyev də bizim böyük neftçilər ailəsinin üzvü idi. 1994-cü ilin aprelində o, Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti təyin edilmiş, sonra şirkətin birinci vitse-prezidenti olmuşdu. Bu vəzifədə 2003-cü ilin avqust ayınadək çalışmışdı.

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük siyasi və iqtisadi əhəmiyyəti olduğunu bildirən Xoşbəxt Yusifzadə vurğulayır ki, əvvəla, dünyanın aparıcı dövlətləri və şirkətləri əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Bu, müqavilənin siyasi əhəmiyyətidir. Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı.

Xoşbəxt müəllim “Yeni əsrin müqaviləsi”nin imzalanmasını da onda böyük sevinc yaratdığını qeyd edərək bildirir ki, ona görə sevindirdi ki, bizim “Azəri”, “Çıraq”, “Günəşli” kimi unikal neft yataqlarımızla bağlı işlərimiz yeni mərhələyə qədəm qoydu. “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılması və xarici neft şirkətlərinin bundan sonra da respublikamızda qalıb işləmək barədə qərarı belə bir həqiqəti də dünyaya nümayiş etdirdi ki, Azərbaycanda siyasi sabitliyə  təhlükə yoxdur və bu ölkə etibarlı tərəfdaş olaraq qalır. Azərbaycandakı sabitlik Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətinin ən mühüm göstəricisidir və xarici şirkətlər üçün olduqca cəzbedicidir.

Xoşbəxt müəllim onu da bildirir ki,  “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək imkanlarına malik bir ölkə kimi tanıtdı.  “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz Avropa ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsilə nəql ediləcək.

Yubilyar müsahibələrində asudə vaxtını necə keçirdiyinə, hobbisinin nə olduğuna da aydınlıq gətirir. Bildirir ki, ömür boyu asudə vaxtlarının böyük hissəsini mütaliəyə, futbola və fotoqrafiyaya həsr edib. Onun  gənclərə çağırış kimi də dəyərləndiriləcək  bu fikirlərini qeyd etməmək  mümkünsüzdür. “Dostlar, qohumlar tez-tez görüşməlidirlər, görüşməyəndə yadlaşırlar. Bu isə təkcə qohumluq, dostluq əlaqələrini itirmək deyil, həm də adət-ənənələri, mənəvi dəyərləri, eləcə də ürəklərdə xatirələri itirməkdir. Buna isə yol vermək olmaz. Dünyanın ən gözəl hobbisi insanların bir-birləri ilə görüşləridir. Digər hobbilər isə sadəcə olaraq, məşğuliyyətdir” söyləyən Xoşbəxt müəllim  bu fikirləri ilə bütün dövrlər üçün öz aktuallığını qoruyan  milli-mənəvi dəyərlərimizə bağlılığın   vacibliyini diqqətə çatdırır.

Belə ümumiləşdirmə apara bilərik ki, ömrünün 90 ilinin  68 ilini  Azərbaycanın neft sənayesinə həsr edən Xoşbəxt müəllimi illər  tanınmış alim,  neftçi kimi məşhurlaşdırdı.  Amma akademikin də etiraf etdiyi kimi, irəlidə hələ o qədər iş var ki! 

Xoşbəxt Yusifzadənin  “Ömrümün illəri və izləri” kitabında qeyd etdiyi bu fikirlər görkəmli neftçi-alimin mənalı ömür yoluna bir baxışdır: “Xəyalən dönüb ömrümün arxada qalan illərinə baxdım. O illərin aylarını, günlərini, istisini-soyuğunu, sevincini-kədərini yenidən yaşaya-yaşaya xatirələrimi kağız üzərinə köçürub son nöqtəni qoydum. Amma hiss etdim ki, son nöqtə son söz deyil. Bu dünyada sözün söz yeri, nöqtənin nöqtə yeri var... Söz ömürdür. Son nöqtəni qoymaq səlahiyyəti də İlahinin əlindədir. Bu nöqtəni O, nə vaxt qoyacaq, bilmirəm. Hələ ki, yaşayır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: “Biz əlimizdən gələni, bacardığımızı etdik, Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!””  Xoşbəxt müəllimin bugünkü və gələcək nəsillərə mesaj kimi dəyərləndirdiyimiz bu fikirləri, eyni zamanda, Azərbaycanımız üçün gördüyü işlərin ümumiləşdirilmiş ifadəsidir. 

Xoşbəxt Yusifzadə  daim  öyrəniləsi,  bu peşəni sevənlərə örnək olan təcrübə məktəbidir. Bizlərə yardımçı olan “vikipediya”  onun əmək və elmi fəaliyyətinin nə qədər zəngin olduğunu, hələ bundan sonra yeni əlavələr olunacağını təsdiqləyir. Neft Daşlarında işləyərkən neft geologiyasının əsasını öz fəaliyyəti, elmi kəşfləri, düşüncəsi ilə formalaşdıran    Xoşbəxt müəllim möcüzələr adasının zəngin sərvətlərinin öyrənilməsi, sirlərinin açılması üçün əsl alim-geoloq kimi çalışıb, fədakarlıq göstərib. Kəşfiyyat işlərinin miqyasının genişlənməsi,  dənizdə ilk dəfə olaraq neft yataqlarının tapılmasında,  ən müasir qazma  üsullarının, müasir neft avadanlıq və texnologiyalarının tətbiqində böyük xidmətləri olan bu insanı əbəs yerə yenilikçi adlandırmırlar.  Neft sənayesində ən müasir  geofiziki texnologiyaların tətbiqi, proqram və  geofiziki tədqiqatların öyrənilməsi, uğurla başa çatdırılması ömrünü neft sənayesinin inikşafına həsr etmiş bu cəfakeş insanın adı ilə bağlıdır.

Xoşbəxt müəllim 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən Xəzər dənizinin Azərbaycan sektoru və quru sahələri üzrə bugünədək bağlanmış 35 neft sazişinin hazırlanmasında və imzalanmasında bilavasitə iştirak edib.

Xoşbəxt müəllimin  elmi fəaliyyəti də təqdirəlayiqdir. O, tutduğu vəzifədən asılı olmayaraq, elmi işdən ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların, ali məktəblərin müvafiq fakültələrində mühazirə oxuyan müəllimlərin və təhsil alan tələbələrin stolüstü kitablarıdır. Yubilyarın rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri onun 200-dən çox elmi əsərində, o cümlədən 18 monoqrafiyasında və ixtirasında öz əksini tapıb. X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib, milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin daim böyük maraq doğuran nailiyyətlərini uğurla nümayiş etdirib.

O da məlumdur ki, ötən ilin iyununda “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya” kitabının yeni nəşri çapdan çıxdı. SOCAR-ın birinci vitse-prezidenti, AMEA-nın akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xoşbəxt Yusifzadənin biblioqrafiyası SOCAR tərəfindən 2007-ci və 2012-ci illərdə Bakıda Azərbaycan, rus və ingilis dillərində, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2009-cu ildə Ankarada türk, ingilis, rus və Azərbaycan dillərində nəşr olunmuş “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya”ları əsasında yenidən işlənmiş və əlavələr edilmiş dördüncü nəşrdir.

Alimin əməyi dövlət tərəfindən hər zaman layiqincə qiymətləndirilib. O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, bir sıra medallar və fəxri fərmanları ilə təltif edilib, iki dəfə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Ona “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı”, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın “Əməkdar mühəndisi” fəxri adları verilib. Müstəqillik illərində Azərbaycanın “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

Xoşbəxt Yusifzadənin xidmətləri xaricdə də yüksək qiymətləndirilib. Vyetnam Sosialist Respublikası üçün yüksəkixtisaslı neft mütəxəssislərinin hazırlanmasında böyük xidmətlərinə görə 2011-ci ildə həmin ölkənin “Dostluq” ordeni ilə təltif olunub. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə X.Yusifzadə 2008-ci ildə bu akademiyanın beynəlxalq “Qızıl Ulduz Medalı” ilə təltif edilib, “İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk dünyasının fəxri alimi” adına layiq görülüb.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilib.

Ötən ilin yanvarında  İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UN Council for Public Awards (UNCOPA) təşkilatı özünün 2018-ci il 27 dekabr tarixli qərarı ilə Azərbaycanın məşhur neftçi-alimi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə “Avropa xidmət” ordeni ilə təltif etmişdir.

Dövlət başçısı İlham Əliyevin X.Yusifzadənin 80 illik yubileyi mərasimindəki çıxışında söylədiyi “Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki,  yubileyinizin  ölkə miqyasında  keçirilməsi üçün mən bir müddət bundan əvvəl  müvafiq sərəncam imzalamışam. Bu onu göstərir ki,  Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir.  Siz həqiqətən də buna layiqsiniz” fikirləri bir daha onun xidmətlərinə verilən yüksək dəyərin təsdiqidir.

Ömrünün 9-cu onilliyini arxada qoyan, 68 il neft sənayesinin inkişafına davamlı töhfələr verən Xoşbəxt Yusifzadəni bir daha doğum günü münasibətilə təbrik edir, “İrəlidə hələ o qədər görüləsi iş var ki!” etirafının  fonunda cansağlığı, uğurlar arzulayırıq.  

Yeganə Əliyeva, “İki sahil”