11 avqust 2020 10:25
606

Azərbaycan neft və qaz sənayesinin qüdrətini nümayiş etdirir

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi

Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasını bir neçə aspektdən mühüm hadisə kimi dəyərləndirmək olar. Əvvəla bu hadisə Azərbaycanın neft və qaz sənayesinin qüdrətini, azərbaycanlı mütəxəssislərin yüksək peşəkarlığını və proqnozlarının dəqiqliyini, ölkənin siyasi rəhbərliyinin yerli mütəxəssislərə olan inamını, etimadını nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində “Qarabağ” yatağı ilə bağlı bir sıra məqamlara diqqət çəkdi. Dövlətimizin başçısı yataqda 3 quyunun qazıldığını, lakin xarici tərəfdaşların yatağın səmərəliliyinə inanmadığını xatırlatdı və qeyd etdi ki, Azərbaycan mütəxəssisləri yatağın çox böyük potensialının olduğuna əmin olduqlarını bildiriblər və onların bu əminliyi reallıqda da öz təsdiqini tapıb. Əgər nəzərə alsaq ki, Azərbaycanın neft, qaz sektorundakı tərəfdaşları dünyanın ən nəhəng şirkətləridir və bu şirkətlər neft sənayesi tarixində olduqca mürəkkəb layihələrin icrasına nail olublar, o zaman onların səmərəliliyinə inanmadığı bir yataqla bağlı daha dəqiq, daha uzaqgörən proqnoz verməyi bacaran azərbaycanlı mütəxəssislərin nə qədər üstün zəkaya və yüksək peşəkarlığa malik olduqlarını, mübaliğəsiz şəkildə söyləmək mümkündür.

O bildirib ki, hadisənin önəmini artıran digər məqam texnoloji və mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiya olan dayaq blokunun Azərbaycan mütəxəssisləri tərəfindən inşa edilməsidir. Həmçinin diqqətə almaq lazımdır ki, hazırda koronavirus pandemiyası bütün dünyada iqtisadi böhrana səbəb olub, bir çox ölkələrdə, xüsusilə də enerji sektorunda irimiqyaslı layihələrinin icrası dayandırılıb. Azərbaycan isə yoluna davam edir, bütün digər sahələrdə olduğu kimi, enerji sektorunda da nəzərdə tutulan layihələr ardıcıllıqla, təxirə salınmadan həyata keçirilir. Təbii ki, bu, ölkəmizin iqtisadi gücünün göstəricisidir, amma, eyni zamanda, dövlətimizin, xalqımızın gələcəyə olan inamını nümayiş etdirir ki, bu da olduqca mühüm mənəvi, dərin motivasiyası olan bir faktor kimi daha böyük önəm kəsb edir.

Elçin Mirzəbəyli qeyd edib ki, “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması vaxtilə başqalarının səmərəliliyinə inanmadığı “Qarabağ” yatağına qayıdışdır: “Öz gücümüzə, öz potensialımıza, öz mütəxəssislərimizin peşəkarlığına inamımız bizim “Qarabağ” yatağına qayıdışımızı təmin etdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu hadisə böyük rəmzi məna daşıyır. Məhz bu özünəinam, israrlı və qətiyyətli mövqe, hədəflərimizə çatmaq üçün yorulmadan, usanmadan çalışmaq, mənəvi bütövlüyümüz, milli həmrəyliyimiz bizim Qarabağa qayıdışımızı da təmin edəcək. Başqaları inanmasa da olar, yetər ki, biz özümüzə güvənək və yolumuzdan, məqsədimizdən bircə an da olsa sapmayaq, daim irəliyə, gələcəyə baxaq. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqı öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”