21 fevral 2019 17:02
627

Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Avstraliyaya işgüzar səfəri davam edir.

Nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə daxildir.

Fevralın 21-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri, qanunverici orqanların əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq və Xocalı soyqırımı barədə onları ətraflı məlumatlandırmaq olub.

Parlamentin kənd təsərrüfatı üzrə daimi komitəsinin sədri Rik Vilson ilə görüş zamanı əsas diqqət Azərbaycan və Avstraliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı məsələlərinə yönəldilib. O cümlədən suvarma və pambıq istehsalı sahəsində Avstraliyanın qabaqcıl texnologiyasının öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Avstraliya tərəfinin bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu qeyd edilib. Eyni zamanda, dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanları, nou-hau sahələrində Avstraliyanın təcrübəsinin öyrənilməsi və Azərbaycan üçün mütəxəssislərin hazırlanması barədə də fikir mübadiləsi aparılıb. Rik Vilson gələcəkdə Azərbaycana səfəri zamanı aidiyyəti qurumlarla həmin istiqamətlər ətrafında danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Deputat, kölgə hökumətində multikulturalizm və ətraf mühit məsələləri üzrə nazir Töni Börk ilə görüşdə etnik və dini radikalizmin artmaqda olduğu müasir dünyada multikulturalizm dəyərlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, həm Azərbaycan, həm də Avstraliya multikulturalizm və dini dözümlülük kimi dəyərləri bütün dünya ilə bölüşürlər və bu müsbət bir nümunə olaraq yüksək qiymətləndirilməlidir. Dünyada radikal meyillərin artdığı indiki dövrdə Azərbaycanın həyata keçirdiyi multikulturalizm və tolerantlıq ideyalarının təqdirəlayiq olduğu bildirilib. Azərbaycanın bu sahədə təcrübəsinin bir sıra dövlətlər üçün əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, ölkəmizin mehriban və dinc yanaşı yaşama prinsiplərinə sadiqliyi qeyd edilib. Azərbaycanın əldə etdiyi uğurlar müsbət qiymətləndirilib.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına töhfələr verdiyi qeyd edilib.

Avstraliyanın ilk astronavtı Pol Skalli-Pauer ilə söhbət zamanı isə Azərbaycanın son illər kosmosun mənimsənilməsi istiqamətində qazandığı uğurlardan danışılıb. Pol Skalli-Pauer artıq kosmos ölkələri ailəsinə qoşulmuş Azərbaycanın uğurlarını təqdir etdiyini bildirib.

Nümayəndə heyətinin keçirdiyi görüşlərdə qarşı tərəf 27 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində Ermənistan qoşunları tərəfindən törədilən faciə barədə də məlumatlandırılıb. Avstraliyalı deputatlar Azərbaycanın kədərini bölüşdüklərini deyib, bu cür faciələrin gələcəkdə bir daha təkrarlanmamasının vacibliyini qeyd ediblər.

Görüşlərdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də iştirak edib.