26 iyun 2020 11:22
314

Azərbaycan Ordusu bölgənin ən güclüsüdür

Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək

“Öz ordusunu qurmayan, onu bəsləməyən xalq özgə ordularını bəsləyəcək.” Bu tarixi deyim hər bir dövlətin güclü orduya sahib olmasını şərtləndirməklə bərabər, həm də güclü ordunu sülhün, əmin-amanlığın qarantı hesab edir. Yəni güclü ordu düşməni işğaldan çəkindirən ən mühüm amildir. Bu anlamda Azərbaycanın da güclü ordusunun yaradılması milli dövlətimizin ən böyük tarixi uğurlarından biridir. Bu tarixi uğurun əldə edilməsində ən böyük əmək sərf edən insan isə ümummilli lider Heydər Əliyev olub. XX əsrin sonlarında yenidən müstəqilliyini qazanmış Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı ilə bərabər, güclü ordu yaratmaq da Heydər Əliyevin əsas məqsədi idi.

Ona görə də qısa müddət ərzində Ulu Öndər xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Bu dahi insan respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dini inanclı insanlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən neqativ halların qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ilin mayında imzaladığı Fərmanla 1918-ci il iyun ayının 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixi ölkədə bayram olaraq qeyd edilməyə başlandı. Azərbaycan Ordusunun güclənməsində cənab İlham Əliyev mərhələsi...

XXI əsrin ikinci onilliyinin əvvəlindən başlayaraq Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır. Çünki Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən aydın siyasət, konkret tədbirlər ordumuzu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevirməklə, dünya miqyasında ön sıralardan birinə çıxarıb.

Prezident İlham Əliyev çıxışlarında bəyan edir ki, Azərbaycanda nizami ordu formalaşıb və güclənib. O, Azərbaycan Ordusunu nəinki bölgənin, bəlkə, dünyanın ən güclü ordularından biri kimi dəyərləndirir: “Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilib. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Atəşkəs rejimi var. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda da bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur.”

Prezident İlham Əliyevin 2005-ci ilin 16 dekabr Fərmanı ilə yaradılan Azərbaycan Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə ordumuz üçün ən modern silahlar istehsal etməyə başladı. Bu gün Azərbaycanda 20-dən çox hərbi təyinatlı zavod və istehsalat birlikləri yaradılıb və 1000-dən çox müxtəlif adda hərbi təyinatlı məmulat istehsal edilir. Məhz 2016-cı ildən başlayaraq hər il keçirilən müdafiə sənayesi sərgilərində Azərbaycan istehsalı müasir silahlar və hərbi texnikalar da nümayiş etdirilir.

Aprel qələbəsi ordumuzun yenilməz gücünün nümayişi idi

2016-cı il noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan ordusunun işğalından azad edilimiş Lələtəpə yüksəkliyində oldu, ön cəbhədəki bölmələrin xidmət qayğıları ilə tanış oldu və müşahidə etdiklərindən razı qaldığını bəyan etdi. Ölkə Prezidenti burada xidmət çəkən əsgər və zabitlərlə görüşdü və onların qarşısında çıxış etdi. Həmin çıxış həm bölgədə formalaşan hərbi vəziyyətin dəyərləndirilməsi, həm də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gücünün qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir çıxış idi. Prezident çıxışında dedi: “Bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Qəhrəman Azərbaycan Ordusu-xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab verib. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurub və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlayıb. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik.”

Ölkəmizin başçısı bu tarixi hücum dövrünün Azərbaycan Ordusunun tarixində şanlı bir səhifə olduğunu vurğulayaraq demişdir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

Düşmənii kabusuna çevrilən ən müasir silahlara sahibik

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, Azərbaycan Ordusunun ixtiyarında ən müasir döyüş sistemləri var. Bu da ordunun döyüş qabiliyyətini xeyli artırıb. O cümlədən 152 mm-lik “Msta-C”, 120 mmlik “Vena” özüyeriyən artilleriya qurğuları, 120 mm-lik “Sani2 minaatan kompleksi, 220 mm-lik TOS-1A reaktiv qurğuları, 122 mm-lik T-122 “Sakariya”, 300 mm-lik “Qasırğa”, 300 mm-lik “Smerç” yaylım atəşli reaktiv artilleriya sistemləri, “Maşina-M” markalı özüyeriyən artilleriya divizionunun atəşi avtomatik idarəetmə kompleksi, PRTMK-1 radiopelenqasiya meteoroloji kompleksi, “Mersedes-Benz” avtomobilinin şassisi üzərində yığılmış 120 mm-lik “CORDOM-M3” markalı özüyeriyən minaatan sistemləri, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda-müşahidə maşınları, T-72, T-72M1, müasir T-90S tank ları, BMP-3, BTR-82 zirehli texnikaları, BTS-4, BTS-5 markalı dartıcılar, səyyar təmir emalatxanaları, ən müasir hərbi təyyarələr və vertolyotlar, hava hücumundan müdafiə sistemləri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 60, 82 və 120 mm-lik minaatanlar, müxtəlif növ atıcı silahlar, elektro-optik, termal, gecə nişangahları, müşahidə sistemləri və s. silah və texnikalar. Azərbaycan Ordusunun döyüş və müdafiə imkanlarını yeni və daha yüksək səviyyəyə qaldırıb.

Elçin Zaman,

“İki sahil”