01 oktyabr 2020 17:24
602

Azərbaycan Ordusu Ermənistana layiq olduğu cavabı verir

Sentyabrın 27-də səhər saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söylədi ki, ermənilərin təcavüzkar və terrorçu xislətli millət olması bütün dünyaya məlumdur: “Satqınlıq, xəyanət və dinc əhaliyə qarşı vəhşilik törətmək kimi xüsusiyyətlər ermənilərin xislətində var. Son 200 ildə ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə xəyanəti və əliyalın mülki əhaliyə - uşaqlara, qadınlara, yaşlılara qarşı təcavüzləri tarixi faktlardır. Sentyabrın 27-dən başlayaraq ermənilər ənənəvi xislətlərinə sadiq qalaraq yenə Azərbaycanın mülki şəxslərinə qarşı təxribat törətdilər. Ermənistan silahlı qüvvələrinin bu hücumu, həmçinin yeni ərazilər işğal etmək cəhdidir. Azərbaycan Ordusu isə Ermənistana layiq olduğu cavabı verir.”

T.Abbaslı vurğuladı ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək və suverenliyini bərpa etmək haqqı var: “Odur ki, beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək öz doğma torpaqlarımızı işğaldan azad etməyə başladıq. Təbii ki, biz hər birimiz xalq olaraq ordumuzun yanında olmalıyıq. Bu, Vətən müharibəsidir. Burada heç bir fikir ayrılığı, siyasi baxışlar və yaxud digər maraqlar önə keçə bilməz. İnşallah, bütün ərazilərimiz işğaldan azad edilənədək, Azərbaycanın bayrağı işğal altında olan ən sonuncu kəndə sancılana qədər bu milli birlik və həmrəylik davam etdirilməlidir. Xalqımız cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Paytaxt Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu, həm qazanılmış hərbi uğurların sevinci, həm ordumuza dəstək, həm də daha böyük Qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”

Cavid Əkbərov, “İki sahil”