22 sentyabr 2020 18:04
956

Azərbaycan Ordusu: Xalqımızın qürur mənbəyi

Bu gün ölkəmiz özünün inkişaf mərhələsindədir. Bu faktı beynəlxalq qurumlar, eləcə də dünyanın qüdrətli dövlətləri də etiraf edirlər. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordumuzun gücünə inanır,  ona güvənir. Bu mənada bu gün hər bir kəs əsl hərbi vətənpərvərlik notlarına köklənib desək, səhv etmərik.

Ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı orden”li,  Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün ordumuz quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək iqtidarındadır: “Cari ilin iyulunda baş vermiş Tovuz döyüşlərində Azərbaycan Ordusu öz peşəkarlığı ilə düşmənə sarsı­dıcı zərbələr endirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha göstərdi. Bununla da dünyanın 50 ən qüvvətli ordusu sırasında yer alan ordumuz hələ də faşist simasını dəyişməyən Ermənistana  2016-cı ilin aprelində və 2018-ci ilin mayında, əgər belə demək mümkünsə, verdiyi dərsləri bir daha yadına saldı. Bununla da Azərbaycanın heç vaxt erməni işğalı ilə barışmayacağını sözün həqiqi mənasında bəyan etdi. Başqa sözlə desək, Azərbaycan hərbçiləri yüksək  vətənpərvərlik nümayiş etdirərək gələcək nəsillərə örnək olacaq şücaət və qəhrəmanlıq salnaməsi yazdılar.   Yeri gəlmişkən onu da deyim ki, əsgər və zabitlərimizin hər cür qayğı ilə əhatə olunması, həmçinin xalqımızın ordumuzu dəstəkləməsi də bu prosesdə mühüm rol oynayır. Bu məqamda bir məsələni də vurğulamaq istərdim. Belə ki, əgər 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə 626, 2019-cu ildə 934 mənzil və ya fərdi ev verilmişdisə, cari ilin bu gününədək həmin göstərici 600-ü ötüb. Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu il rekord sayda, yəni  1500 mənzil və fərdi ev həmin kateqoriyadan olan insanlara veriləcək. Ümumilikdə, indiyədək bu ailələr üçün 8172-dən çox mənzil və fərdi ev tikilib. Bu həm də onu göstərir ki, hazırda ölkəmizdə xalq - Prezident, xalq - ordu birliyi özünün ən yüksək mərhələsindədir. Elə ordumuzun hər dəfə zəfər əldə etməsi də bu birliyin nəticəsidir. Bu mənada Azərbaycan Ordusunun gücünü onun xalqına, dövlətinə sədaqəti və Vətəninə sevgisi təşkil edir.”

“Hər bir azərbaycanlının qürur və fəxarət duyduğu ünvanlardan biri də ordumuzdur” sözləri ilə söhbətini davam etdirən müsahibimiz daha sonra bildirdi ki, son illər Azərbaycan Ordusunun hərbi təlimləri Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə keçirmələri onların peşəkarlıqlarının daha da artmasında, eləcə də döyüş imkanlarını mənimsəməsində böyük rol oynayıb: “Bu gün həqiqətən Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeridir. Təkcə bir faktı xatırladım ki, Tovuz hadisələri zamanı minlərlə könüllü vətənpərvər gənc müharibəyə getmək üçün səfərbərlik bölmələrinə, hətta ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanladı. Təbii ki, bu, fakt olduqca önəmlidir. Bu gün  isə gənclərimiz canla-başla hərbi təlimlərdə iştirak edirlər. Bu həm də onu göstərir ki, hazırda ölkəmizdə xalq - Prezident, xalq - ordu birliyi özünün ən yüksək mərhələsindədir. Bu mənada deyə bilərəm ki, Azərbaycan Ordusunun sayəsində xalqımızı xoş müjdələr gözləyir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”