25 yanvar 2021 12:37
907

Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix

Daşaltı əməliyyatından 29 il ötür

Azərbaycan Ordusunun 1992-ci il yanvarın 25-də həyata keçirdiyi və uğursuzluqla başa çatan Daşaltı əməliyyatından 29 il ötür. Ötən illərdən fərqli olaraq, Daşaltı əməliyyatının ildönümünü bu il qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik.

Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Daşaltı nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.

"İki sahil" xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Ordusunun 2020-ci il noyabrında işğaldan azad etdiyi Şuşa rayonunun Daşaltı kəndində olub, həm 29 il əvvəlki uğursuz, həm də ötən ilin noyabrında həyata keçirilən və hərb tariximizə qızıl hərflərlə yazılan əməliyyatların iştirakçıları, eləcə də hərbi ekspertlərin fikirlərini öyrənib.

Qısa məlumat: 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Erməni ordusu Şuşa–Laçın magistral yolunun kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlandı və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatdı. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu 90-dan artıq şəhid verdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etmişdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşdü, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkildi. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirdi.

Ehtiyatda olan mayor: Pərakəndəlik, hakimiyyət uğrunda mübarizə 1992-ci ildəki məğlubiyyətin əsas səbəbləridir

1992-ci il Daşaltı əməliyyatının iştirakçısı, ehtiyatda olan mayor Əmrah Cabbarov 29 il əvvəl həyata keçirilən əməliyyatın uğursuzluqla başa çatmasının səbəbini ordudakı kadr çatışmazlığı, silah-sursatla təminatın zəif olması və ölkədə siyasi hakimiyyət uğrunda mübarizə ilə əlaqələndirib: "1992-ci ildə ölkə iqtisadiyyatı çox ağır vəziyyətdə idi. Silah-sursatla təminatımız zəif idi. Hərbi kadrlarımız çatışmırdı. Ordu təzə yaranmağa başlayırdı. Pərakəndəlik, siyasi hakimiyyət, hərbi rəhbərlik uğrunda mübarizə 1992-ci ildəki məğlubiyyətin əsas səbəbləridir. O zaman Şuşa şəhəri işğal edilməmişdi. Bizim ordumuz yüksəklikdə, əlverişli mövqedə idi. Coğrafi baxımdan üstünlük bizdə olsa da, əməliyyat uğursuz oldu. İki ay bundan qabaq başa çatan Vətən müharibəsində isə Azərbaycan Ordusu tarix yazdı. Dünya ölkələrinin hərbi qərargahları bizim ordunun hərbi taktikasını öyrənir. Xüsusən də Şuşa şəhərinin azad olunması dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq bir əməliyyatdır".

Vətən Müharibəsi Veteranları İB-nin sədri: Bizə deyilmişdi ki, Daşaltı alınıb, lakin kəndə girəndə tam əksini gördük

Daşaltı əməliyyatının digər iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev isə deyib: "İndi vahid bir komandanlıq var. Xalqımız qələbə üçün birləşib. O vaxt isə başqa cür idi. Bölmələr arasında adi rabitə əlaqələri yox idi. Bizim tabora deyilmişdi ki, kənd alınıb. Tapşırığa görə biz yaralıları və ölüləri çıxartmalı, ordakı hərbçilərimizə silah verməli idik. Lakin biz kəndə girəndə tam əksini gördük. Hər tərəfdən atəş altına düşdük. Şəhid və yaralananlarımız oldu. Geri çəkildikdə əməliyyatı idarə edənlərdən heç kimi tapmadıq. Bu gün qürur hissi keçiririk ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu torpaqları işğaldan azad etdi. Biz artıq şəhidlərimizi alnıaçıq, üzü ağ ziyarət edirik. Şükürlər olsun bu günə. Ali Baş Komandana, ordumuza minnətdarıq".

Əsgər Murad Əzizov: Həm hərbçi yoldaşlarımızın, həm də 1992-ci il Daşaltı əməliyyatındakı şəhidlərimizin qisasını aldıq

Ötən ilin noyabrında Şuşanın azad olunmasında iştirak etmiş əsgər Murad Əzizov döyüş təəssüratlarını və qələbə sevincini bölüşərək deyib: "Şuşa əməliyyatı çətin əməliyyat idi. Düşmən yüksəklikdə, biz isə aşağıda idik. Lakin Vətən sevgisi və düşmənə nifrət hissi sayəsində biz əməliyyatı uğurla yerinə yetirə bildik. Biz Muxtarkənd və Sığnaq istiqamətindən Daşaltı kəndinə giriş etdik. Çətin olsa da, dağlara, qayalara dırmaşa-dırmaşa, erməni silahlıları ilə döyüşə-döyüşə qalib gəldik. Düşmən evlərdən atıcı silahlardan və yuxardan minaatanlardan bizi atəşə tuturdu. Şükür ki, qələbə qazandıq, Daşaltını, sonra isə Şuşanı azad etdik. Daşaltı əməliyyatının iştirakçısı olduğum, bugünkü gün Şuşa şəhərində xidmət etdiyim üçün fəxr edirəm. Şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Həm hərbçi yoldaşlarımızın, həm də 1992-ci il Daşaltı əməliyyatındakı şəhidlərimizin qisasını aldıq. Bununla qürur duyuram".

Əsgər Vüqar Səfərov: Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız uğrunda döyüşdük və qalib gəldik

Xocavənd rayonundan məcburi köçkün, əsgər Vüqar Səfərov Füzulidən Şuşayadək keçən döyüş yolundan qürurla danışıb. "1992-ci ildə körpə uşaq olarkən düşmən bizi yurdumuzdan didərgin salmışdı. Bu gün isə əlimdə silah torpaqlarımızın azad edilməsində iştirak etdim. Sentyabrın 27-dən Füzuli istiqamətində əks-hücum əməliyyatına başladıq. Döyüşləri davam etdirərək Daşaltıya qədər irəlilədik. Əməliyyatın çətin olacağını bilirdik. 1992-ci ildə hərbçilərimiz Şuşadan Daşaltıya enərək hücuma keçmişdilərsə, biz Daşaltını azad edib aşağıdan yuxarıya Şuşaya çıxdıq. Bu mənada indiki əməliyyat çətin idi. Ancaq indi müasir silahlarımız, bacarıqlı zabitlərimizin sayəsində, tərtib edilən düzgün döyüş planı ilə Daşaltını və Şuşanı azad etdik. Əməliyyat bir neçə istiqamətdən başlandı və Daşaltıya hücum edib, düşməni məhv etdik. Daşaltını azad edib Şuşaya qalxdıq. Şuşa-Xankəndi yolunu tutduq, köməyə gələn düşmən qüvvələrini orda məhv etdik. Çox sevinirəm. Allah Ali Baş Komandanımızın canın sağ eləsin. Onun komandanlığı ilə döyüşdük, torpaqlarımız uğrunda mübarizə apardıq və qalib gəldik”, - deyə o bildirib.

Hərbi ekspert Ruslan İmamquluyev: Biz zəfərimizi sıldırım qayalara yalın əllə dırmanaraq, əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazandıq

Hərbi ekspert Ruslan İmamquluyev 1992-ci ildəki Daşaltı əməliyyatı ilə ötən ilin noyabrında həyata keçirilən əməliyyatı müqayisə edərək deyib: "Vətən müharibəsində qələbənin əldə edilməsinin əsas səbəbi Azərbaycanın 30 il ərzində istər iqtisadi, diplomatik sahələrdə, istərsə də hərbi-sənaye və ordu quruculuğunda əldə etdiyi müvəffəqiyyətlərdir. Həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə yaranan xalq-ordu həmrəyliyidir. Biz zəfərimizi bu sıldırım qayalara yalın əllə dırmanmaq, görünməyən istiqamətlərdən düşmənin dərinliyinə sızmaq, fərdi silahlarla əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazandıq. Bir zamanlar biz o qayaların üstündə, yüksəklikdə idik. O zaman biz xəyanət nəticəsində məğlub olmuşduq. Bu gün biz o yüksəkliyi heç bir texnoloji vasitədən istifadə etmədən azad etdik. Demək ki, bu xalq hər şeyə qadirdir. Yetər ki, onun başında doğru lider olsun. Yetər ki, xalq, ordu yumruq kimi həmrəy olmağı bacarsın".

Hərbi ekspert Ədalət Verdiyev: Bu gün Azərbaycan həm müasir silahı, həm də qəhrəman əsgəri ilə tanınır

Hərbi ekspert Ədalət Verdiyev: “Azərbaycan 25 il ərzində ordunu gücləndirdi, müdafiə sənayesini qurdu. Müharibədə istifadə etdiyimiz bir çox silahları Azərbaycan mühəndisləri hazırladı. Pilotsuz sistemdən yararlandıq. Dünya bizim haqq işimizi tanıdı. Bu gün Azərbaycan həm müasir silahı, həm də qəhrəman əsgəri ilə tanınır. Əgər bu nailiyyətlər olmasa idi, sıldırım qayalarda savaşmaq mümkünsüz idi. Bunun üçün əsgərin cəsarəti, peşəkarlığı, hazırlığı lazımdır. Əvvəl yüksəkliklər bizdə ikən məğlub olduq. İndi isə Daşaltını da, yüksəklikdəki Şuşanı da azad etdik. 25 il ərzində biz güc nisbətini həm siyasi, həm də milli məsələlərdə birləşmə anlamlarında tərsinə çevirdik. Biz anladıq ki, milli məsələdə bir olmaq nə deməkdir".