17 may 2020 13:04
455

Azərbaycan öz inkişafına görə regionun lider dövlətidir

Vüqar İskəndərov: Prezident İlham Əliyevin liderlik səylərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi yaradır

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan, eyni zamanda beynəlxalq aləmdə də etibarlı tərəfdaş və dünyada mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli üçün önə çıxan təşəbbüskar ölkə kimi tanınır. Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüslərinin təqdir olunması və dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi yaradır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, başa çatan həftə ərzində diqqəti cəlb edən iki mühüm məqam - həm ABŞ Prezidenti Donalt Trampın Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda əksini tapan fikirlər, həm də "CISCO" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfrans zamanı səsləndirilən fikirlər oldu. Bütün bunlar ölkəmizə və şəxsən Prezident İlham Əliyevə beynəlxalq aləmdə yüksək dəyər verildiyini bir daha təsdiqlədi:

"Əvvəla Birləşmiş Ştatlar Prezidenti Donald Tramp sözügedən məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir ki, bu da ABŞ-la Azərbaycanın dostluq münasibətlərinin çox mühüm təzahürüdür. Bu, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq sülh, sabitlik və qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələrə və dövlətimizin beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə ABŞ-ın dövlət başçısı tərəfindən verilən yüksək qiymətdir. Belə qiymətin verilməsi heç də təsadüfi deyil. Çünki bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol bütün dünyaya məlumdur.

Eyni zamanda, "CISCO" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfransda şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer Prezident İlham Əliyevin COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini nümayiş etdirməsini xüsusi olaraq vurğulayıb və bu addımın çox böyük təəssürat bağışladığını bildirməklə, işlərə rəhbərlik etdiyinə görə Azərbaycanın dövlət başçısına minnətdarlıq edib. Təbii ki, bütün bunlar ölkəmizin və dövlət başçımızın yüksək nüfuzundan xəbər verir".

Vüqar İskəndərov əlavə edib ki, "CISCO" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında keçirilən videokonfrans digər bir neçə mühüm məqama görə də diqqət mərkəzində olub:

"Əvvəla bu videokonfrans Azərbaycan üçün prioritet olan sahələr üzrə dünyanın aparıcı şirkətləri, o cümlədən "CISCO" şirkəti ilə ölkəmizin sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bir daha nümayiş etdirdi. Bu videokonfransın "CISCO" şirkətinin təşəbbüsü ilə baş tutması isə beynəlxalq maliyyə institularının, həmçinin dünyanın aparıcı şirkətlərinin də ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiyini növbəti dəfə təsdiqlədi.

Elə bu şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrounun videokonfrans zamanı "CISCO" şirkətinin Azərbaycan Respublikası ilə əməkdaşlığı fantastik olub və biz bu əməkdaşlığın davamlı olmasını arzulayırıq" sözləri də deyilənlərin sübutudur. Digər tərəfdən bu, Kelli Kramerin təbirincə desək, cənab Prezident İlham Əliyevin dünya çapında texnologiyaya dəstək verən liderlərdən biri olduğunu, bu işdə öndə getdiyini bir daha nümayiş etdirdi".