21 fevral 2019 11:36
1734

Azərbaycan-Polşa münasibətləri: tarixin sınağından çıxmış strateji əməkdaşlıq

Azərbaycan-Polşa siyasi, iqtisadi və   mədəni əlaqələri uzaq tarixə söykənir. Tarixə nəzər salsaq, hələ XV əsrdə Azərbaycanın Ağqoyunlu və Polşanın Rec Rospolita dovlətləri arasında diplomatik əlaqələrin yaradıldığı haqqında faktlara rast gələrik.  İki ölkə arasında münasibətlərin başlanğıc tarixini 1472-ci ildən hesablasaq,  547 illik möhtəşəm bir dövrü əhatə edən zaman kəsimindən söhbət getdiyini anlamaq çətin deyil.

Azərbaycan-Polşa münasibətlərinin yenidən bərpası ölkəmizin  dövlət müstəqilliyinin  1991-ci il dekabrın 27-də Polşa tərəfindən tanınması ilə gerçəkləşib. İki olkə arasında diplomatik əlaqələrin yenidən bərpası  tarixi isə  1992-ci il fevralın 21-nə təsadüf edir. Xatırladaq ki, Polşanın Azərbaycandakı səfirliyi 2001-ci il avqustun 23-də, Azərbaycanın Polşadakı səfirliyi isə 2004-cü il avqustun 30-da fəaliyyətə başlayıb.

Azərbaycan-Polşa  münasibətlərinin  araşdırıcısı, siyasi  şərhçi  Nurlan Əliyev öz məqalələrində həmişə Avropa İttifaqı və NATO ilə yüksək münasibətlərə malik olan, əlverişli strateji coğrafi mövqedə yerləşən və Şərqi Avropanın iqtisadi potensialına gorə əsas dovlətlərindən biri sayılan Polşa ilə munasibətlərin inkişafının  yeni müstəqillik qazanmış Azərbaycan üçün əhəmiyyətli olduğunu diqqətə çatdırır. Müəllif yazılarında, həmçinin  Polşanın mühüm beynəlxalq nəqliyyat dəhlizləri qovşağında yerləşən,  neft və qaz ehtiyatlarına malik olan  ölkəmizlə  münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu da  vurğulayır.

Diplomatik əlaqələrin yaradılmasından sonrakı dövrdə yüksəksəviyyəli hökumət numayəndələrinin qarşılıqlı səfərləri baş tutub, ikitərəfli əlaqələrin inkişafında əsas kimi cıxış edən huquqi sənədlər imzalanıb. Yeni dövrdə əsası Ulu Öndər tərəfindən qoyulan bu münasibətlər  cənab İlham Əliyevin Prezidentliyi dövründə də uğurla davam etdirilib.  Bu faktı xatırlatmaq yerinə düşər ki, Ümummilli Liderin  Polşaya rəsmi səfəri zamanı Polşa-Azərbaycan Ticarət-Sənaye Palatası təsis olunub.  Azərbaycan  Prezidenti İlham Əliyev də  2004-cü ildən başlayaraq müxtəlif vaxtlarda  Polşaya səfərlər edib.

Prezident İlham Əliyevin 26-27 fevral 2008-ci il tarixlərində Polşaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq sənədlər və siyasi bəyannamə imzalanıb.

Polşanın  sabiq Prezidenti Lex Kacinski də Azərbaycanın ölkəsinin strateji müttəfiqi olduğunu və Polşanın oz xarici siyasətində Azərbaycanın Avratlantik strukturlarla munasibətlərinin inkişaf etdirilməsində yardım gostərməyi vacib saydığını çıxışlarında dəfələrlə diqqətə çatdırıb.

Xatırladaq ki, 2009-cu ildə Polşa-Azərbaycan parlamentlərarası işçi qrupu da yaradılıb.  Azərbaycan və Polşa arasında həm də uğurlu iqtisadi munasibətlər təşəkkül tapıb.

Nurlan Əlyev öz araşdırmalarında yekun nəticə olaraq hesab edir ki, bütün bu amilləri nəzərə alaraq iki dovlət arasında əlaqələrin gələcəkdə də inkişafı üçün ümumi maraq və potensial imkanlar var. Azərbaycan və Polşanın öz regionlarında iqtisadi sahədə lider kimi cıxış etmələri, münasibətlərinin inkişafı Qafqaz və Mərkəzi Avropa ölkələri arasında əlaqələrin möhkəmlənməsinə güclü təsir edə bilər.

2017-ci ilin iyun ayında Polşaya rəsmi səfərində  Prezident İlham Əliyev Azərbaycan və Polşa prezidentlərinin  mətbuata birgə bəyanatlarla çıxışları zamanı  iki ölkə arasında münasibətlərin müxtəlif sferalarda yüksək səviyyəli inkişafını qeyd edərək bəyan edib:  “Mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir. Əminəm ki, biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.

Sevinc Abdullayeva, “İki sahil”