14 iyul 2020 12:27
881

Azərbaycan Prezidentinin qlobal liderliyi dünyada qəbul edilir

Bəşəriyyət artıq bir neçə aydır “gözə görünməz” düşmənlə sözün əsl mənasında “ölüm və olum” mübarizəsi aparır. 21-ci əsrin - miqyasına görə ən böyük müharibəsi olaraq qəbul edilən pandemiyaya artıq dünyada 12 milyona yaxın insan yoluxmuşdur ki, bu rəqəm hər keçən dəqiqə fasiləsiz olaraq artmaqdadır. Ölkəmizdə də virusa qarşı mübarizə davam etdirilir və vurğulamaq lazımdır ki, mübarizə olduqca əhatəli aparılır. Belə ki, pandemiyanın həm iqtisadiyatta, həm vətəndaşların güzaranına, həm də səhiyyəmizə təsirləri nəzərə alınaraq böyük miqyaslı tədbirlər həyata keçirilir. Ancaq hər ölkənin öz daxilində tədbirlər həyata keçirməyi kifayət deyil. Tədbirlər beynəlxalq səviyyədə olmalıdır. Tarix hər zaman bir həqiqəti təsdiqləyib ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı qlobal əməkdaşlıq və səyləri birləşdirməklə qalib gəlmək mümkün olub. Bu mənada isə Azərbaycanın  öncüllüyü diqqət çəkir.

COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır. Bu mənada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilmiş Zirvə görüşləri xüsusi vurğulanmalıdır. Sadəcə bu faktları bilmək kifayətdir ki, bu zirvə görüşlərinə lazımi qiymət verilsin.  Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Bu əlbəttə ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün böyük bir addım idi. Qoşulmama Hərəkatı isə BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və  burada 120 dövlət təmsil olunur. Hər iki təşkilata da sədrlik edən Azərbaycan pandemiya dövründə qlobal həmrəyliyə xüsusi əhəmiyyət verərək aktiv siyasət yürütmüşdür. Ancaq bu 2 təşkilatdan fərqli olaraq BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının pandemiya dövründə rolu görünmürdü.  BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü də  fikir ayrılıqlarına görə baş tutmurdu. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. “Güc birlikdədir” məntiqindən çıxış edərək ölkə başçısı virusa qarşı bütün dövlətləri birgə mübarizəyə səslədi. Cənab Prezident vurğulayırdı ki, bu ümumbəşəri bəlaya qalib gəlmək üçün dünyanın ən böyük və universal təşkilatı olan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına ciddi ehtiyac var. Sessiyada isə gündəlikdə sadəcə bir məsələ olmalıdır, o da COVID 19-la mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, uzlaşdırılmış və əlaqələndirilmiş addımlar atmaqla bu bəlaya qalib gəlmək.  Bu təklif dünya birliyi tərəfindən – Qoşulmama Hərəkatı üzvləri, Avropa İttifaqı, Asiya, Latın Amerikası və Afrika qitəsi dövlətləri- yekdilliklə müdafiə edildi. Bu təklifin qısa müddətdə bu qədər dəstək görməsinin bir səbəbi də təbii  ki, ölkə başçısının beynəlxalq nüfuzu və hörmətidir. Bu hər kəs tərəfindən qəbul olunan reallıqdır ki, Azərbaycan Prezidentinin reytinqi dünyada ən yüksək səviyyədədir. Beləliklə əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin qlobal liderliyi dünyada qəbul edilir və qeyd-şərtsiz dəstəklənir.

Tənzilə Şıxıyeva,

YAP Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri