28 fevral 2020 19:11
2017

Azərbaycan Şərq ölkələrini Avropa ilə birləşdirən əsas nəqliyyat qovşağıdır

Bir neçə gün bundan əvvəl Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC ilə  “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının  və iş avadanlıqlarının satınalınması barədə müqavilə imzalandı. Forumda, həmçinin ADY-nin təqdim etdiyi son logistik məhsullar və Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirlər barədə məlumat verilib.

Qeyd etməliyik ki, Azərbaycan dəmir yolunda uzun müddət  aparılan işlərdən sonra, daha doğrusu 2015-ci ildən bu yana əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş  verməkdədir. Keyfiyyət dəyişikliklərinə parkın yenilənməsi, infrastrukturun inkişaf etdirilməsi, ən müasir texnoloji yeniliklərin tətbiqi və s. daxildir. Bu gün bazar qaydaları texnoloji tərəqqi ilə ayaqlaşmanı, yeni rəqəmsal həllərin tətbiqini, rəqabətqabiliyyətliliyi mühüm amillərindən birinə çevirib. Görünən odur ki, ADY də bu trenddən geri qalmamağı prioritet olaraq müəyyən edib. Bu isə nəticə etibarilə bir sıra digər müsbət nəticələrlə bərabər, infrastrukturun rentabelliyinin və səmərəliliyinin artırılmasına gətirib çıxarıb.

Şərq-Qərb dəhlizi üzrə əsasən Cənubi, Mərkəzi və Şərqi Avropa ölkələrinə yükdaşımalar nəzərdə tutulub. O ki qaldı Azərbaycan-Avropa istiqamətində yükdaşımaların perspektivlərinə, vurğulamaq lazımdır ki, bizim dəmiryolçuların məqsədi eyni anda fərqli limanlara çıxış imkanı verməkdir. Yəni, ADY tərəfdaşlarına  eyni anda multimodal daşınmanı və ya daha çox alternativləri təklif edir. Bu, öz növbəsində müsbət mənada birbaşa olaraq daşınma qiymətlərinə təsir edərək dəhlizin cəlbediciliyini artıra biləcək. Çünki Avropa ölkələri üçün Şərq-Qərb dəhlizi dəniz yolu ilə müqayisədə ən qısa yol sayılır. Ona görə də bu, həmin istiqamətlərdə daha rəqabətqabiliyyətli fəaliyyət təşkil etməyə imkan yaradır.

Xatırladaq ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və oradan isə əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Konsorsiumun üzvləri: Çində-Çin Dəmir Yolları, Qazaxıstanda-”KTZ Ekspress”, Xəzər dənizi üzrə Xəzər Dənizi Gəmiçiliyi, Azərbaycanda-”ADY Express”, Gürcüstanda-”Trans Qafqasus Terminals” şirkətləridir. Bu dəhliz üzrə hərəkət edən “Nomad Ekspress” blok qatarı təxminən 10-12 günə Çindən Avropaya daşınmalı olan yükləri çatdırır. Qısa yolla ucuz daşımalar hər bir ölkə üçün sərfəlidir ki, bu da nəqliyyat dəhlizinin ən əsas üstünlüklərindən biridir.

Göründüyü kimi, Azərbaycan Şərq ölkələrini Avropa ölkələri ilə birləşdirən əsas nəqliyyat qovşağıdır. Bu qovşaqdan həm Azərbaycan, həm də onun Şərqi Asiyadakı partnyorları iqtisadi gəlir əldə edir. Eyni zamanda ucuz yükdaşımalar Avropa ölkələrinin büdcələrinə də xeyli miqdarda vəsait gətirir. Azərbaycan bu əməkdaşlıqdan az qala dünyanın yarısının möhkəm iqtisadi dəstəyini qazanmaqla siyasi dividend də qazanmış olur.

Vəli İlyasov, “İki sahil”