09 aprel 2020 12:08
1131

Azərbaycan şirkəti Rusiyada zavodun əsaslı təmirini həyata keçirəcək

“Prokon Construction and Engineering” şirkəti “LukOil Nijeqorodneftorqsintez” müəssisəsinin əsaslı təmiri üçün müqavilə imzalayıb.

“Report” xəbər verir ki, müqavilə çərçivəsində “Prokon” şirkəti 2020-2022-ci illərdə “LukOil Nijeqorodneftorqsintez” müəssisəsində dayanma və yenidənqurma işləri aparılan müddətdə mexaniki-montaj işlərini həyata keçirəcək.

İlk planlaşdırılmış dayanma 2020-ci ilin aprel və may aylarında baş tutacaq və “Prokon” şirkəti 60 gün ərzində boru materialının demontaj işlərini aparacaq və WDI borular quraşdıracaq. Layihəyə cəlb olunan işçi heyətinin 40%-i Azərbaycan vətəndaşlarıdır. “LukOil Nujneqorodneftorqsintez” 2020-2022-ci illərdəki növbəti əsaslı təmir işləri haqqında “Prokon” şirkətinə müqaviləyə əlavələr vasitəsilə ətraflı məlumat təqdim edəcək.

Rusiyadakı “Prokon Construction and Engineering” şirkətinin Baş Direktoru Özgür Karan bildirib ki, fəaliyyətini genişləndirən “Prokon” 2019-cu ildə Rusiyada “Prokon Construction and Engineering” şirkətini yaradıb: “Yeni bazara daxil olmaqla “Prokon” əhəmiyyətli təcrübəni ixrac etməyə və Azərbaycandan peşəkar işçi qüvvəsi cəlb etməklə Rusiya bazarına öz töhfəsini verməyə başladı. Bu müqavilə bazarda oturuşma və bazarın öyrənilməsi baxımından atılmış böyük bir addımdır”.

Qeyd edək ki, “Prokon” şirkəti Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılıb.