14 iyun 2019 17:57
204

Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı - FOTO

15 İyun  - Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər həyata keçirilir.

"Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri İlqam Əskərov qeyd edib ki, Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir: “Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, respublikanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə  isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi. Ölkədə səriştəsiz idarəetmə nəticəsində bütün sahələri böhran bürümüşdü. Belə bir vaxtda dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın xilaskarı missiyasını yerinə yetirdi.”

YAP Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün Ulu Öndərin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir: "Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xətti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb.”

Orxan Vahidoğlu, “İki sahil”