28 fevral 2020 19:13
2217

Azərbaycan Ticarət evləri ölkəmizə nələr vəd edir?

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə istehsal edilən məhsulların ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması məqsədilə müxtəlif ölkələrdə ticarət evlərinin açılması prosesi sürətlə davam etdirilir.

Xaricdə ticarət evlərinin yaradılması həm təbliğat, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq bir sıra ölkələrdə Azərbaycan Ticarət Evi yaradılıb. Azərbaycan Ticarət Evi ilk olaraq Rusiyada yaradılıb. Daha sonra bu iş MDB məkanındakı bir sıra ölkələrdə də həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Asiya qitəsi və Körfəz ölkələrində də Ticarət evlərinin yaradılması istiqamətində işlər aparılır. Azərbaycanın istehsal etdiyi məhsulların ixracında irəliləyişə nail olmaq məqsədilə, həmçinin Aİ və digər MDB ölkələrində də ticarət evləri açmağı planlaşdırır. Hətta ölkəmizin Çinin Lucou şəhərində də Ticarət Evi fəaliyyət göstərir.

Əhalinin sayına görə ilk sırada olan Çində Azərbaycan Ticarət Evinin fəaliyyət göstərməsi, əlbəttə ki, təqdirəlayiq haldır. Belə ki, belə bir məkanın Çinin digər şəhərlərində də yaradılması planlaşdırılır. Şübhəsiz, Çindəki Azərbaycan Ticarət Evi iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının yerli alıcılara tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq.

Ticarət evlərinin yaradılması, həmçinin imkan verəcək ki, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar xarici ölkələrin bazarlarına çıxış imkanlarını artırsınlar. Bu, bazarlarla bağlı məlumatların əldə olunmasına, yerli ixracatçılarla Azərbaycan ixracatçılarının informasiya mübadiləsinə imkan verəcək. Belə addımlar, şübhəsiz ki, qeyri-neft sektorunda istehsal olunan məhsulların həcminin artmasına da səbəb olacaq.

İqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, xaricdə Azərbaycan Ticarət evlərinin açılması “Made in Azerbaijan” brendinin tanıdılması, ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin edilməsi baxımından əhəmiyyətli addımdır: “Artıq Çində Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Eyni zamanda, MDB məkanında artıq belə ticarət evləri var. Ticarət evlərinin açılması prakitiki olaraq Azərbaycan məhsullarının daha geniş coğrafiyaya ixrac edilməsi və sözügedən ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir. Bu, ondan xəbər verir ki, Azərbaycan xüsusən də qeyri-neft məhsullarının fərqli məkanlara ixrac edilməsində maraqlıdır. Sözsüz ki, bu kontekstdən bizim üçün yeni bazarlar əhəmiyyətlidir.”

V.Bayramov qeyd etdi ki, Azərbaycan ənənəvi bazarlarla yanaşı, yeni bazarlara çıxış imkanları əldə etməyə çalışır: “Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi göstərişlər var. Ticarət evlərinin yaradılması da Azərbaycanın qeyri-neft məhsullarının yeni bazarlara ixrac edilməsi məqsədi daşıyır. Gözlənilir ki, Azərbaycan yaxın dövrdə Ticarət evlərinin sayını artıracaq. Ticarət evləri vasitəsilə sahibkarlarımız həmin ölkələrdə həm fərqli sektorlardakı vəziyyəti, eləcə də bazarlarda marketinq araşdırmaları aparılmasını təmin edəcəklər. Bundan əlavə, Ticarət evləri həmin ölkələrdə Azərbaycan məhsullarının tanıdılması, birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşlarının reallaşdırılmasına xidmət edəcək. Bu baxımdan Ticarət evləri hətta ölkədən kənarda - xaricdə yaradılsa da belə, məqsəd Azərbaycanın qeyri-neft sektorunda istehsal etdiyi məhsulların həmin ölkələrə ixracının təmin edilməsi, bu sektora sərmayələrin cəlb edilməsi olduğu üçün təbii ki, bu da iqtisadiyyatın diversifikasiyasına müsbət təsir göstərir.”

Cavid Əkbərov, “İki sahil”