18 yanvar 2021 17:58
886

Azərbaycan xalqı antimilli ünsürləri çoxdan tarixin zibilliyinə yollayıb

44 günlük İkinci Qarabağ müharibəsi  şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan, müxalifətçilik anlayışının mahiyyətini hələ də dərk etməyən daxili bədxahlarımızın əsl simasının təqdimatında  yardımçı oldu. Ölkə ictimaiyyəti bir daha  «düşmən dəyirmanına su tökən» Ə.Kərimli-C.Həsənli cütlüyünün hansı məqsədlər uğrunda mübarizə apardığının şahidi oldu. 44 günlük Vətən  müharibəsi səbəbsiz olaraq  həqiqət anı kimi dəyərləndirilmir. Müharibə  kimin haqqın-ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğunu  bir daha açıqladı. Bu Qələbə nəinki Azərbaycan, eləcə də dost ölkələrin xalqlarının sevincinə səbəb oldu. Qardaş Türkiyədə ölkə rəsmilərindən tutmuş sadə vətəndaşlara qədər hər kəs 44  günün Azərbaycan tarixinə yazdığı Zəfərin hər anını izlədi, böyük coşqu ilə qeyd etdi. Diqqət çəkən məqam daxili bədxahlarımızın  Azərbaycanı istəməyən xarici anti-Azərbaycan ünsürlərlə əməkdaşlıqlarını, onların ssenarisi əsasında hərəkət etmələrini qabarıq şəkildə büruzə vermələri,  ictimai diqqəti özlərinin əsassız, məntiqsiz fikirlərinə yönəltmək cəhdləridir. Bu da başadüşüləndir. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına səbəb olan AXC-Müsavat cütlüyünün bu gün anti-milli şurada təmsil olunan tör-töküntüləri Azərbaycanın İkinci Qarabağ müharibəsindən Qələbə ilə çıxmasını qısqanclıqla qarşılamaya bilməzdi. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu reallığı diqqətə çatdırır ki, torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsidir. Həmin dövrdə  ordumuzun torpaqların deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi   torpaqlarımızın işğalına səbəb oldu. Eyni zamanda, həmin dövrdə ölkədə idarəçiliyin zəifliyinin yol açdığı  problemlər də hər kəsin yaddaşındadır. Nəzərə alsaq ki, gələcəyə keçmişimizlə addımlayırıq, bu halda əli kərimlilərin, cəmil həsənlilərin özlərini xalqa yaxın göstərmələrinə heç bir ehtiyac yoxdur.

Anti-milli şuraçıların   fəaliyyətlərinin təhlili belə bir fikir söyləməyə əsas verir ki, bu qurum xəyanətkarların  antimilli düşərgəsidir. 2013-cü ildə xəyanət və satqınlıq simvolu kimi yaradılan “Milli Şura”nın atdığı qərəzli addımları izləyən hər kəs bu fikri təsdiqləyəcək. “Milli Şura” bir anti-Azərbaycan layihəsidir. O, xalqın deyil, ermənipərəst dairələrin, Azərbaycanın uğurlarını həzm etməyən xarici dairələrin sifarişi əsasında fəaliyyət göstərən, onların ssenarisinə uyğun addımlar atan bir dərnəkdir.  2013-cü ildə keçirilən prezident seçkilərində xalqın bu quruma yerini göstərməsi bundan nəticə çıxarmağı bacaran  bəzi siyasi partiyaların və təşkilatların  antimilli şuranı tərk etmələrinə səbəb oldu.  Çünki qurumun  xəyanətkar imici yaxşı heç nə vəd etmirdi. Amma bəlli səbəblərdən antimilli şuranın yalnız Əli Kərimli və Cəmil Həsənli kimi xəyanətkarları  xəyanət yoluna “sadiq” qaldılar.

Pandemiya dövründə  antimilli şuranın ictimailəşən onlayn iclaslarında səslənən fikirlər, edilən qeybətlər və atılan şər-böhtanlar da qurumun xəyanətkar mahiyyətini bir daha  ortaya qoydu. Artıq antimilli şuranın «rəhbərləri»  o qədər mənəviyyatlarını itirmişdilər ki,  xalqı ələ salmaqdan, onun ağır gününə sevinməkdən belə çəkinmədilər.  Xatırlasaq,  antimilli şuranın onlayn iclasında Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsinə görə çox sevinərək  "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin" söyləyəndə Cəmil Həsənli kimi xəyanətkarlar bir qədər də irəli gedərək riyakarcasına  "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm" bildirmişdi.  Budur, anti-milli şuraçıların özlərinə gizli, xalqa bəlli olan simaları. Ölkənin, bunun fonunda isə xalqın güzəranının pisləşəcəyindən sevinc hissi keçirənlərdən bugünkü addımlar  gözləniləndir.  Xalqın, ölkənin çətinliklərinə düşmənlər– ermənilər sevinər ki,  əli kərimlilər, cəmil həsənlilər  onlardan geri qalmır.  Bu kimi ikrah doğuran əməllər  onu sübut edir ki, antimilli şurada yer alanlar xalqımızın və dövlətimizin ancaq pis gününü arzulayanlardır.  Onlar üçün hər bir uğurumuz narahatlıq, problem isə sevincdir. İndi kim deyə bilər ki, antimilli şuradakılar xalqımızı düşünürlər?

Azərbaycan xalqı  antimilli ünsürləri  tarixin zibilliyinə axıb. 1992-ci ildə xalqın iradəsinin əksinə olaraq  silah gücünə hakimiyyəti  ələ keçirən   AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövründə ölkəni hansı çətinliklərlə üz-üzə qoyduqları yaddaşlardadır.   Dağlıq Qarabağın işğalına səbəb olan,  ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan belə  antimilli hakimiyyətin əməllərində sabaha ümidlərini itirən xalq üzünü ulu öndər Heydər Əliyevə tutmaqla bugünkü qələbəmizin əsasını qoydu. Zəfərimizi həzm etməyən belələrinin isə dəyişməz adı var-milli xəyanətkarlar.

Dövlətimizin başçısı İlham Əliyev  videoformat şəklində keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirmişdir ki, antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıb. Cənab İlham Əliyev «Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər.. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir» fikirləri ilə bir daha bu çağırışı edir ki, tariximizin hər bir səhifəsi barədə gənclərimiz dolğun məlumata malik olmalı, kimin hansı məqsədlə naminə çalışdığını bilməlidir. Tarixi paralellər fonunda müstəqillik yolumuzun heç də hamar olmadığı gənclərimizə çatdırılmalıdır: « Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.»

Yeganə Cəlilqızı, «İki sahil»