09 yanvar 2020 20:46
197

Azərbaycan xalqına qarşı törədilən hərbi təcavüz, mürtəce əməliyyat idi

30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhifələrindəndir. Həmin gün Azərbaycan xalqının azadlıq istəyini boğmağa çalışan qırmızı imperiyası günahsız insanları tankların tırtılları altında əzsə də, milyonların haqq səsini boğa bilmədi. Xalqların milli oyanış istəyini susdurmaq üçün Alma-Atıda, Vilnüsdə, Tbilisidə “demokratiyasını” sınaqdan keçirən imperiyanın Bakıda davam etdirdiyi “təcrübəsi” daha qanlı oldu. Qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş “ xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. Həmin gün imperiyanın “Parçala, hökm sür” siyasəti təkrarlandı. Sonradan bəlli oldu ki, bu hərbi təcavüz ermənilərin “Böyük Ermənistan” iddialarını gerçəkləşdirmək üçün hazırladıqları separatçılıq siyasətinin bir həlqəsi idi.

Sumqayıt hadisələrini daşnak ideologiyasının tərkib hissəsi kimi həyata keçirən ermənilərin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycandan qoparılması ssenarilərinə reallıq donu geyindirmək idi. 1989-cu ildə Naxçıvandan başlanan “Sərhəd hərəkatı”nın qarşısını bilərəkdən almayıb, kənardan seyr edən sovet sərhədçilərinin məqsədi azadlıq arzusunda olan azərbaycanlıları dünyaya narkoman, başıpozuq dəstə kimi tanıtmaq idi. Yəni zaman-zaman 20 Yanvar üçün zəmin hazırlanırdı.

... Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayar. Tarix dərsliklərinin “9 Yanvar -qanlı bazar günü”nə həsr olunmuş səhifəsində qeyd olunurdu ki, çar hökuməti zamanında Rusiyada haqsızlıq, ədalətsizlik, hüquqsuzluq, zülm və istibdad hökm sürürdü. Hakim sinfin qəddarlığı, məmurların özbaşınalığı, aclıq, səfalət və xəstəliklər minlərlə insanın həyatına son qoyurdu, savadsızlıq, nadanlıq və cəhalət ölkəni başdan-başa bürümüşdü. Müharibələr, üsyanlar ölkəni taqətdən salmış, iqtisadiyyat tənəzzülə uğramış, həyat demək olar ki, iflic vəziyyət düşmüşdü. Bu vəziyyətə etirazını bildirən, imperiyanın süqutunu tələb edən xalqı susdurmaq üçün 1905-ci il yanvarın 9-da, bazar günü keşiş Qaponun vədinə inanaraq Peterburq şəhərinin meydanına axışan insanları gülləbaran edən imperiya cəlladlarının törətdikləri qırğınlar minlərlə insanın həyatına son qoydu. “9 yanvar, qanlı bazar günü” tarixə çevrildi. Kommunist ideologiyasının hökm sürdüyü illərdə sovet tarixçiləri ictimaiyyətə, şagirdlərə həmin hadisəni başqa cür təbliğ edirdilər. Məqsəd Sovet hökumətini, Kommunist Partiyasını humanist, haqqın, ədalətin qoruyucusu, demokratiyanın, sülhün carçısı, millətlərin birliyi kimi şüurlara yerləşdirmək, təlqin etmək idi. 20 Yanvar faciəsi bu saxta ideologiyanın iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan edildi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq” deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla ölümləri ilə də əbədi yaşadılar. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. O zaman yalnız böyük şəxsiyyət, qəlbi hər zaman Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev xalqına təsəlli verdi. O ağır günlərdə Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev xalqımıza səbr, mətanət, dəyanətli olmağı arzuladı.

O günləri xatırlayan Prezident İlham Əliyevin sözlərindən: “Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi - Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.”

Həmin günlərdə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi. “Qızıl ordu”nun hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Böyük Vətən müharibəsində təcili yardım maşınlarına toxunmayan faşistlərdən də qəddar olan imperiya əsgərləri yaralıları xəstəxanalara daşıyan maşınları belə gülləbaran etdilər. Paytaxtın küçələri qan gölünə çevrildi.

20 Yanvar faciəsinə ilk siyasi qiymət verən də Ulu Öndər oldu. 1990-cı il 22 iyulda Naxçıvana gələn fərdi pensiyaçı, Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi sessiyada müzakirəyə çıxarıldı. Ulu Öndərin nüfuzu sayəsində qəbul olunmuş, beş bənddən ibarət sənəddə qeyd olunurdu ki, 1990-cı il yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq hərbi təcavüz kimi ittiham edilsin.  Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

Naxçıvan MR Ali Məclisinin sessiyasında xalq deputatı kimi 20 Yanvar faciəsinin yaranma səbəbləri barədə fikirlərini “Mən belə hesab edirəm ki, 19-20 Yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir” sözləri ilə bildirən ulu öndər Heydər Əliyev onu da vurğulayırdı ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində heç bir yerdə , heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet Ordusu.

“Və bunun nə qədər böyük miqyasda olmağını onunla ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ Müdafiə naziri Yazov, SSRİ Daxili İşlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər fikirlər veriblər, bunun miqyası nə qədər böyük olubdur ki, marşal Yazov gəlib Bakıda oturub və əməliyyata rəhbərlik edibdir” söyləyən Ulu Öndər bildirirdi ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, demokratiyanın əleyhinə olan mürtəce əməliyyatdır.

O günə qədər heç kimin ağlına gəlməzdi ki, Sovetlərin tərkibində, yaşadığımız İttifaqda müqəddəs bilib, hər göstərişinə kor-korənə baş əydiyimiz, sözdə demokratik dəyərlərə istinad etdiyi görüntüsü yaradan SSRİ, Kommunist Partiyası başçılıq etdikləri “ ailənin üzvlərini” xristian, müsəlman təbəqələrinə ayıraraq, onlara ögey-doğma münasibətlərini də dini mənsubiyyətlərinə görə müəyyənləşdirir.

Bu rejimin ikili siyasəti nəticəsində 1948- 1953 -cü illərdə baş verən deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı ata-baba yurdu Qərbi Azərbaycandan məcburi köçürüldü. İqlim dəyişikliyinə, yurd həsrətinə dözməyən insanlar tələf oldular. 1988-ci ildə Dağlıq Qarabağda SSRİ-nin xeyir-duası ilə aksiyalar, mitinqlər keçirən ermənilər vilayətdən, yaxınlıqdakı rayonlardan, Qərbi Azərbaycandan sonuncu azərbaycanlını belə çıxardılar. Sovetlərin “qızıl ordusu”nun köməyi ilə işğal olunan torpaqlarımız uğrunda həlak olanlara etinasız yanaşan, çar dövrünün Qaponu rolunu oynayan, ermənipərəst Mixail Qorbaçovun dəstəyi ilə erməni-sovet hərbi birləşmələri soydaşlarımıza zülm verdilər. “Zalımın zülmü varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır” məsəlinə uyğun azadlıq mübarizəsini davam etdirən Azərbaycan xalqı tökülən qanlar bahasına azadlığına nail oldu. Müstəqilliyini əbədiləşdirdi. Bu yolda da bələdçisi, komandanı, xilaskarı ulu öndər Heydər Əliyev oldu.

30 il bundan əvvəl törədilən faciədən Azərbaycan xalqına qalan müqəddəs məkan Şəhidlər xiyabanı oldu. Azadlıq uğrunda qurban gedən həmin şəhidlər xalqımıza əbədi müstəqillik qazandırdı.

Bu müstəqillik nəticəsində Azərbaycan dünyanın ən qüdrətli ölkəsinə çevrildi, qüdrətləndi.

Xuraman İsmayılqızı, “İki sahil”