17 fevral 2020 20:58
1543

Azərbaycan xarici investorlar üçün ona görə cəlbedicidir ki...

Ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-cidir

Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amildən səmərəli istifadə edən dövlətlər bu gün iqtisadi göstəricilərinə görə, dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.

Azərbaycan dövləti də son 15 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, müasir iqtisadi inkişaf texnologiyaları tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, ötən 16 ildə ölkə iqtisadiyyatına 237 miyard dollardan çox sərmayə yatırılmışdır.

Qeyd edək ki, ölkəmizə investisiya yatırılması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin  inkişafı üçün təkmil hüquqi bazanın yaradılması olmuşdur. Xüsusilə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə “Bir pəncərə” sistemi təbiq edilərək ölkəmizdə biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir.

Məhz “Doing Business 2019” hesabatına görə 2009-2018-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon Qanunvericiliyə Yaxınlıq” indeksi 97,75  faiz təşkil etmişdir ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz  “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

Həmçinin fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi işlək vəziyyətdədir.  O cümlədən sərmayə yatıranlara vergilərdə 129 güzəşt və azadolma mövcuddur.

Belə ki, sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədi ilə hazırda sənaye, yaxud texnologiyalar parklarında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə mənfəət, əmlak, torpaq və əlavə dəyər vergilərindən, eyni zamanda, bəzi  gömrük rüsumlarından azad ediliblər.

Azərbaycan 53 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli müqavilələr imzalamışdır. Digər önəmli məsələ isə ölkəmizdə xarici investisiyaların qorunması məqsədilə “Xarici investisiyanın qorunması haqqında” Qanunun mövcudluğudur. Qanuna əsasən, xarici investorların hüquqlarının ciddi şəkildə müdafiəsi təmin edilir. Bu gün xarici və yerli sahibkarın investisiyasına hər hansı təhlükə mövcud deyildir.

Eyni zamanda, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində son dövrlərdə görülmüş önəmli işlərin sırasında qeyri-qanuni yoxlamaların  dayandırılması da var.  Məhz  bu və digər çox önəmli islahatlara və yenilənmiş hüquqi bazaya əsasən, ölkəmizə sərmayə qoyanların sayı artmaqdadır.

İqtisadiyyat Nazirliyinin KİV üçün açıqlamasında bildirilir ki, son 3 ildə xarici investorların ölkəmizə yatırım etməsi faktları 2 dəfə artıb. Onlar ictimai-siyasi sabitliyin bərqərar olduğu və sahibkarları hər növ qanunsuzluqlardan qoruyan qanunlara güvənərək  Azərbaycanda qazanmağa və ölkəmizə fayda verməyə çalışırlar.

Elçin Zaman, “İki sahil”