30 yanvar 2019 10:34
496

Azərbaycan yeni hesabatda 7 pillə irəliləyib

Ölkəmiz hansı kateqoriyalar üzrə mövqeyini daha da möhkəmləndirib?


Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar aparılır, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunur, beynəlxalq əlaqələrimiz genişləndirilir, regionda geniş və uzunmüddətli enerji layihələrin həyata keçirilir. Sözsüz ki, bu islahatların həyata keçirilməsində məqsəd bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, vətəndaşların sosial rifahının yüksəldilməsi və nəticə etibarilə Azərbaycanın ümumi inkişafına nail olmaqdır. Təqdirəlayiq haldır ki, həyata keçirilən hərtərəfli islahatlar vətəndaşların sosial rifahını yaxşılaşdırmaqla, ölkəmizi inkişaf etdirdirməklə yanaşı beynəlxalq təşkilatların da diqqətindən yayınmır. Yadınızdadırsa, ötən ilin sonlarına doğru Azərbaycan Dünya Bankı tərəfindən yayımlanan “Doing Business” hesabatında ən çox islahat aparan ölkə elan olunmuşdu. Ölkəmizə beynəlxalq miqyasda növbəti belə yüksək qiymət isə bu dəfə ABŞ-da fəaliyyət göstərən mərkəz tərəfindən verilib.

Belə ki, iki gün öncə ABŞ-ın beynəlxalq “The Heritage Foundation” Analitik Mərkəzinin tərtib etdiyi 2019-cu il üzrə İqtisadi Azadlıq İndeksində Azərbaycan 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Hesabata əsasən yeni tərtib olunmuş indeksdə ölkəmiz 65,4 bal toplamaqla 180 ölkə arasında 60-cı yeri tutub.

İndeksdə bildirilir ki, Azərbaycan “əmlak hüququ”, “investisiya azadlığı”, “dövlət xərcləri”, “məhkəmə sisteminin effektivliyi” və “hökumət bütövlüyü” kimi kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb. Hesabatda diqqətçəkən məqamlardan biri də Azərbaycanın MDB ölkələri arasında ilk yerdə olmasıdır. Siyahıya əsasən, Rusiya 98-ci, Belarus 104-cü, Özbəkistan 140-cı, Ukrayna 147-ci, Türkmənistan isə 164-cü pillədə qərarlaşıb.

Təbii ki, bütün bunlar Azərbaycanın növbəti uğurudur və əldə edilən bütün nailiyyətlər gələcəyə daha böyük nikbinliklə baxmağa imkan verir, eyni zamanda dövlətin həyata keçirdiyi sosial-iqtisadi islahatların nə qədər doğru olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün bunların təməlində isə şübhəsiz ki, ölkəmizdəki mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi və Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti dayanır. Bu baxımdan tam əminliklə demək olar ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan növbəti hesabatlarda daha yüksək pillələrdə qərarlaşacaq. 

Taleh Bağırov, “İki sahil”