13 may 2019 15:16
110

Azərbaycana qarşı başlayan qarayaxma kampaniyalarının arxasında nə dayanır?

Hər dəfə ölkəmizdə hər hansı bir Beynəlxalq yarış keçiriləndə dərhal müəyyən antiazərbaycançı dairələr qarayaxma kampaniyalarına başlayırlar. Artıq ictimaiyyətimiz bu kampaniyalara öyrəşib. Bilir ki, bütün bunlar şüurlu sürətdə həyata keçirilir. Avroviziya mahnı müsabiqəsində, Avropa Oyunlarında, İslam oyunlarında da  eyni hal baş verdi. Gah ölkədə guya insan hüquq və azadlıqlarının pozulması dilə gətirildi, gah Bakıda itlərin güllələnməsi faktı əsas gətirilərək ölkəmiz etibarsızlaşdırılmağa çalışıldı. Bütün bunlar isə həmin Beynəlxalq yarışların keçirilməsinə əngəl təşkil etmədi. Ölkəmiz həmin tədbirləri haqqıyla yerinə yetirdi. İndi isə daha bir Beynəlxalq idman tədbirinə Azərbaycanımız ev sahibliyi edəcək və bəziləri israrla bu tədbirin yeni UEFA-nın seçmə oyunlarının Azərbaycanda keçirilməsinə etiraz edir.

Etiraz səbəbi isə olduqca gülməlidir. Guya rəsmi Bakı hansısa erməni futbolçusunun təhlükəsizliyini təmin etmir. Yalan olar, amma daha bu boyda  da yox da! Biz bilirik ki, ölkəmiz keçirilən bütün Beynəlxalq tədbirlərdə istər idman, istərsə də digər sferalarda qəbul olunan normalara uyğun bütün iştirakçıların təhlükəsizliyini təmin edir. Həmin o antiazərbaycançı dairələrdən bir soruşmaq lazımdır ki, görəsən Ermənistandan gələnlərə hansı vandalizmi nümayiş etdirmişik belə narahatdılar? Dəfələrlə Beynəlxalq tədbirlərdə yarışlarda yaratdıqları təxribatlara baxmayaraq, biz yenə də onlara qarşı  tolerant davranmışıq. Amma görünən odur ki, onlara qarşı göstərdiyimiz tolerantlıq belə əleyhimizə işləyir. Ölkəmizin imicini heçə endirməyi qarşılarına məqsəd qoyan həmin işbazlar bir yaxın tarixə nəzər salsınlar: işgal edilən torpaqlar kimindir? Bir milyon insan kimin işğalı nəticəsində öz doğma yurd yuvalarından qaçqın və məcburi köçkün durumuna düşüb? Tarixə baxsalar belə  onlar əl çəkməyəcəklər qarayaxmalarından, ancaq yenə də bir baxsınlar. Bir də Azərbaycanın regiondakı gücünü bir daha nəzərdən kecirsinlər, o zaman bəlkə anladılar bizim Ermənistanla sadəcə və sadəcə Beynəlxalq hüquq dilində danışmaq istədiyimizi. Əslində,bunu  bilirlər amma… Elə onları narahat edən ölkəmizin güclənməsidir.