06 avqust 2020 18:56
970

Azərbaycana təzyiq etmək qeyri-mümkün məsələdir

“İyulun 14-də Azərbaycan xaqlı orduya, Ali Baş Komandana öz dəstəklərini nümayiş etdirdilər. Ancaq bir qrup şəxs Milli Məclisin binasına daxil oldu, dağıntılar törətdi. Orada vətənpərvərlik yox, hakimiyyəti ələ almaq üçün şüarlar səsləndirildi”. 

Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat vurğulayıb ki, həmin insanlar Əli Kərimlinin tərəfdarları idi: “Onlar öz çirkin niyyətlərini həyata keçirməyə çalışırdılar. Araşdırmalar göstərir ki, həmin təxribatçılar heç bir halda orduya dəstək göstərmirdilər. Məqsəd ölkə daxilində qarışıqlıq yaratmaq, 1991–1993-cü illərin ab-havasını 2020-ci ilə gətirmək cəhdi idi. Cəmiyyət kifayət qədər müstəqilliyinin qədrini bilir və digər tərəfdən dövlətin öz vəzifəsini yerinə yetirən hüquq mühafizə orqanları var. Buna görə də onların bu təxribatı baş tutmadı”.

A.Mirzəzadə qeyd edib ki, onlar siyasi tapşırıq yerinə yetiriblər: “Ancaq Azərbaycana təzyiq etmək qeyri-mümkün məslədir. Artıq özləri də bunu çox yaxşı başa düşüblər”. 

Sərt karantin rejimin uzadılmasının radikal müxalifət tərəfindən sevinclə qarşılanması barədə yayılan videoya münasibət bildirən A.Mirzəzadə deyib: “Düzdür insanlar karantin rejimi dövründə həyat tərzlərini bir müddətinə dəyişmək məcburiyyətində qalıb. Karantin olmasaydı daha çox fəsadlarla qarşılaşacaqdıq. Ancaq bu qaydalarla biz cəmiyyətimizi qorumaq məcburiyyətindəyik. Biz bu qaydalara əməl etməsəydik, daha çox vətəndaşımızı itirə bilərdik. Əlbəttə radikal müxalifət də bunu istəyir. Onlar elə düşünür ki, karantin uzadılarsa, insanların həyat səviyyəsi aşağı düşərsə və gəlirləri azalarsa, bu onların xeyrinədir. Hesab edirəm ki, onlar öz fikirlərində yanılırlar. Azərbaycan dövləti öz vətəndaşını qorumaq üçün daim onun yanındadır”. 

Sərt karantin rejimin Azərbaycanın 13 bölgəsində tətbiq olunduğunu diqqətə çatdıran deputat bildirib ki, müsbət dinamika davam edərsə, məhdudiyyətlərin vaxtından öncə yumuşaldılması nəzərdən keçirilə bilər.