15 yanvar 2020 20:42
1336

“Azərbaycançılığın qalibiyyət gecəsi”

Dövlətçiliklə bağlı hadisələri yaşatmaq da, tarixləşdirmək də azərbaycançılıqdır.

1990-cı ilin 19 yanvar gecəsi iki tarixi mahiyyəti yaşadır - imperiya xislətinin sonuncu çalarının tarixinin mahiyyətini və milli-xəlqi ruhun imperiyanı diz çökdürən qüdrətinin tarixinin mahiyyətini; 1990-cı ilin 19 yanvar gecəsi rus imperiyasının ilhaqı yaşatma istəyi ilə müstəqillik mübarizəsinin son gecəsi oldu. Bu dönməz mübarizənin son gecəsini boğan dan yeri azərbaycançılığın qalibiyyət səhərinə açıldı...

30 il əvvəlin 19 yanvarında Bakıya qar yağmamışdı. Qarsız gecənin şaxtası vardı, sazağı vardı. Müstəqillik müşahidələrinin yaşı min illərdən böyük olan milli-xəlqi ruhun cazibəsində Vətən sevgisi isidirdi...

O gecəyəcən bəşəriyyət belə qarşıdurma görməmişdi...

Polkovnik Elşad Əbilov ön xətdə bu mövzuda disput keçirilməsini şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm vasitələrdən biri kimi dəyərləndirir:

Vətənpərvərlik mahiyyətli hər tədbir əsgərlərin mənəvi zənginliyi deməkdir. Belə bir mövzu haqqında fikir mübadiləsi həmişə səmərəlidir. Faciənin 30 illiyi ərəfəsində ön xətdə “Azərbaycançılığın qalibiyyət gecəsi” disputu daha təsirli olacaq, yəni, əsgərin Vətən sevgisi daha da möhtəşəmləşəcək. Belə möhtəşəmlikdə qələbəyə çağırış olur. Bu çağırışı əsgərlər Vətənin səsi bilir...

Bir daha əmin oluruq ki, vətənpərvərlik Azərbaycan əsgərinə duyğu kimi, hiss kimi deyil, xarakter kimi aşılanır.

Bu fikirlər ön xətdəki “N” saylı hərbi hissədə azərbaycançılığın qalibiyyət gecəsini tarixdə də, yaddaşlarda da yaşatma istəyiylə keçirilən “Azərbaycançılığın qalibiyyət gecəsi” disputunda əsgərlərin baxışlarını bir ürək tutumunca da tündləşdirir, yumruqlarını sərtləşdirir. Bu tündləşmə, bu sərtləşmə ürəyimizi dağa döndərir:

Müstəqilliyimizi qoruyacağıq! Şəhidliklə qazanılan müstəqilliyimizi şəhidliklə qorumaq vətəndaşlıq borcumuzdu!

Zabit Neymət Rəhimov böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir tarixi kəlamını xatırladır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”

Əsgərlərin düşüncələrində tərpəniş yarandığını hiss etmək çətin deyil.

1990-cı ilin 19 yanvar gecəsinin səhərisi dünya gördü, əmin oldu ki, rus imperiyasının müharibədə istifadə edilməli döyüş texnikalarının qarşısına ruhunun qətiyyətiylə, dönməzliyiylə çıxan xalqın müstəqillik mücahidləri dövlətçilik naminə şəhid olmağı da bacarır. “Şəhidlərimizin istəyini siz yaşadacaqsınız” - ədəbiyyat müəllimimiz belə deyirdi, - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunu əsgər Sabir Nurməmmədli xatırlatması disputun mahiyyətini arzulanan məcraya yönəldir.

Bizdən 12-13 yaş böyük olan bu faciə haqqında müəyyən məlumatlarımız var. Biz də bilirik ki, 19 yanvar gecəsi nə qədər insan qətlə yetirilib, güllə, qəlpə yarası alıb. Bu, vəhşilik idi, - əsgər Ruslan Vəlizadə belə deyir və zamanında müəllimlərindən eşitdiklərini də xatırladır:

Xalq müstəqillik istəyirdi. 70 il gah gizlin, gah aşkar apardığı müstəqillik mübarizəsi imperiyanın əsarəti...

Əsgər Sabir Nurməmmədli əsgər dostunun dediklərinə müdaxilə edir:

Həm də millətçilik...

...zəncirini qırdı. İmperiya dərk etdi ki, “azadlığı zərrə-zərrə, qram-qram istəməyən” bu xalq qolundakı zəncirləri qırmaq qüdrətindədi.

Zabit Neymət Rəhimov dövlət səviyyəsində həyata keçirilən 19 yanvar gecəsində törədilmiş vəhşiliklərin mahiyyətindən, “niyəsindən”, “niyələrindən” danışaraq deyir:

Dediklərimin, deyəcəklərimin əksəriyyətini müxtəlif vaxtlarda ailənizdə, məktəbinizdə eşidibsiniz. Bildiyiniz faktlar haqqında deyilənləri, bu faktlarla bağlı fikirləri yenə maraqla, heysiyyətlə, bir qədər hiddətlə, hiddətqarışıq təəssüflə dinləyirsiniz. Nədən belədi?

Bunu sual deyil, fikrin davamına başlanğıc bilirik:

Siz dövlətçilik tariximizi vətəndaşlıq borcu kimi öyrənibsiniz, öyrənirsiniz. 1990-cı ilin 19 yanvar gecəsi rus imperiyasının törətdiyi qətliam da tarixdi. O gecə rus imperiyası dərk etdi ki, bu xalqın mübarizəsinin qarşısını nə siyasi, nə də hərbi yolla kəsə bilməyəcək. Müstəqilliyimiz dağılan, tarixdən silinən imperiyaya necə görk oldusa, sizin ərazi bütövlüyümüzü bərpa edəcək qələbəniz də dünyaya elə görk olacaq.

Rus imperiyası Azərbaycanda milli-xəl

qi ruhun kükrəyişini görürdü. 1989-cu ilin 17 noyabrından  başlayan bu kükrəyişin necə nəticələnə biləcəyini duyurdu. Dərk edirdi ki, bu kükrəyişin üstündə xof yeli, Lefortovo yeli, Sibir  yeli əsdirə bilməyəcək, dünyanın neçə-neçə dövlətinə ağalıq etsə də, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını kəsə bilməyəcək. Bunu dərk etdiyinə görə Bakıya qoşun yeritdi, - deyirəm.

20 Yanvar faciəsinə Ulu Öndərin fövqəladə və kəskin münasibətini xatırladan zabit Neymət Rəhimov deyir:

Böyük tarixi şəxsiyyətlərin bu və ya digər  hadisəyə istər bəşəri, istər milli-xəlqi, istərsə də dövlətçiliyə sədaqət baxımından münasibəti həmişə ədalət işığı kimi dəyərləndirilib. 1990-cı il yanvarın 21-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin çox geniş şəbəkəli təqiblərindən” ağıla gələn-gəlməyən təhlükələrdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciənin təşkilatçılarının və günahkarlarının cəzalandırılmasını tələb etdi: “...məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün  əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə Sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə  yeridilmişdir. ...Belə qərar qəbul etmiş adamların hərəkətlərini siyasi qəbahət sayıram. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır...”, - Ulu Öndər bu fikirləri Azərbaycanın adından demişdi. Xalqın təkidli tələbiylə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər bu faciəyə siyasi qiymət verilməsinə də nail oldu...

Ulu Öndərin 20 Yanvar faciəsini törədənlərin məkanında nə ilə nəticələnə biləcəyini güman etmək belə mümkün olmayan təqibləri, təhlükələri “qıc edən” qətiyyəti, dövlətçiliyə, dövlətçilik üçün yaşanılan azərbaycançılığa sədaqəti əsgərlərin düşüncələrinin mahiyyətini bir daha nizama salır. Ulu  Öndərin bu fikirləri 20 Yanvar faciəsi haqqında nəsə danışmaq istəyi kimi deyil, nə danışmaq istəyi kimi yaşanılır. Əsgər Kənan Hüseynov deyir:

Sabir Nurməmmədli kimi, Ruslan Vəlizadə kimi mən də müəllimlərimdən eşitdiklərimi xatırlatmaq istəyirəm: Xalqımız müstəqillik mübarizəsi aparırdı. Xalqımızın təfəkkürünün yaratdığı bir deyim var: “Gec edər,  güc edər”. Rus imperiyası Bakıda faciə törətdi, həmin gecə özünün özülü dağıldı, həmin gecə azərbaycançılığın qalibiyyət gecəsi oldu.

Əsgər Elvin Abbaslının fikirləri də maraqla dinlənilir:

19 yanvar gecəsi Bakıda törədilənlər insanlığa sığmayan vəhşiliyiydi, dövlətin vətəndaşlarına qarşı görünməmiş qəddarlığıydı, həm də xalqın mübarizəsindən qorxmağın təzahürüydü.

Əsgərin fikrini başqa bir əsgər tamamlayır:

Tarixən imperiyaların varlığını çəkindiyi, qorxduğu amil sonlandırır. SSRİ Azərbaycanda milli-azadlıq hərəkatından çəkinirdi, onun imperiyalığına da bu son qoydu.

Ramil Abdullazadə onların sözünə qüvvət kimi deyir:

Özünü demokratik dövlət kimi göstərən, əslində, ideologiyasına boyun əyməyənləri müxtəlif bəhanələrlə məhv edən, çıxılmaz vəziyyətə salan imperiyanı azərbaycançılıq məhv etdi.

Əsgər Pərviz Xanatlı deyir ki, dünya azərbaycançılığın qüdrətini dərk etdi. Bu qüdrət Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tezləşdirdi, rus imperiyası azərbaycançılığa məğlub oldu...

Ön xətdə, səngərlərdə əsgərlərimizlə vaxtaşırı söhbətləşirik, Vətəndən, dövlətdən, dövlətçilikdən, qələbədən, şəhidlikdən, şəhidlərdən danışırıq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimizin geniş dünyagörüşündən qürurlandığım kimi, dövlətçiliyimizlə bağlı olan bu faciəyə bu səviyyədə həssas, bu səviyyədə heysiyyətli münasibəti mənəvi kamillik bilirəm.

Əsgər Kənan Hüseynov deyir ki, mənəvi kamillik həm də milli ruha sədaqətdi. Hərbi xidmət əsgərləri daha mətinliklə formalaşdırır. Xalqın tarixi ilə, dövlətçiliklə bağlı hadisələri yaşatmaq da kamillikdi. Əsgər yoldaşlarım kimi mən də bilirəm ki, SSRİ hökuməti 1990-cı ilin 19 yanvar gecəsində faciə törətsə də, xalqın müstəqillik mübarizəsini boğa bilmədi. Bu faciə bizim məktəbdə də qeyd olunurdu, hərbi hissəmizdə də qeyd ediləcək. Komandirimiz deyirdi ki, 19 yanvar gecəsini həm rus imperiyasının törətdiyi faciə gecəsi kimi, həm də azərbaycançılığın qalibiyyət gecəsi kimi qeyd edilir, həmişə də belə olacaq.

Disputun mövzusu əsgərləri fəallaşdırıb. Onların mükalimələşməsi maraqla dinlənilir:

1990-cı ilin 19 yanvar gecəsi xalqın birliyinin...

...həm də mübarizə əzminin...

...təsdiqi oldu. Bu birlik, bu əzm yenilməz, məğlubedilməz güc idi.

Bu güc, disput üçün seçilən mövzunun - “Azərbaycançılığın qalibiyyət gecəsi” kimi tarixləşdi.

O da təsdiqləndi ki, bir atalar sözündə deyildiyi kimi, “El gücü, sel gücü”.

20 Yanvar faciəsində şəhid olanları milyonlar sonralar Azadlıq meydanı adlandırılacaq meydandan Dağüstü Parka - əbədiyyən ehtiram ünvanı kimi ziyarət ediləcək Şəhidlər Xiyabanına çiyinində apardı...

Mövzunun mahiyyəti baxımından gərəkli, gərəkli olduğu qədər də düşündürücü mükalimələşməni mayor Neymət Rəhimov yekunlaşdırır:

Dünya bir daha gördü, bir daha əmin oldu ki, müstəqilliyi uğrunda dönməz mübarizə aparan xalq şəhid olmağı da bacarır... 19 yanvar gecəsi 70 illik mübarizədən sonra azərbaycançılıq 70 yaşlı rus imperiyasına qalib gəldi...

19 yanvar gecəsi də dövlətçilik tariximizdi.

Yüksək döyüş əzmiylə, qələbə ruhuyla, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edən Azərbaycan əsgəri dövlətçilik tariximizi vətəndaş heysiyyətiylə sevə-sevə öyrənir, öyrənə-öyrənə sevir. Döyüş növbətçiliyini Vətən sevgisiylə qoşa aparan Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığından da, dünyagörüşünün genişliyindən də qürurlanırıq. Bu qürurda azərbaycançılığın qalibiyyət gecəsində sökülən dan yerinin işığını görürük. Bu işıq əbədiyyət işığıdı...

Rəşid Faxralı