01 iyun 2020 13:48
834

Azərbaycanda 15 ağır koronaviruslu xəstəyə sağalan şəxslərdən qan köçürülüb

"Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə 9 donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent plazma infuziyası aparılıb". 

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd olunub ki, mütəxəssislər 4 xəstədə müsbət dinamika, 3 xəstədə isə yaxşılaşma müşahidə edib: "İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər".

TƏBİB bildirib ki, yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkədə aparılan çox ciddi ksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində, koronavirus xəstələrinin sayı artır. 

Xatırladaq ki, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatlı müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hal-hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.