05 fevral 2019 19:11
279

Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi

Müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq Azərbaycan nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşına çevrilib. Prezidentimizin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksəldilməsinə yönəlib. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, hərbi, sosial, idman, mədəni sahələrdə davamlı şəkildə və dinamik inkişaf edir. İnfrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verir. On dörd il əvvəl qəbul edilmiş birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Azərbaycanın beynəlxalq nüfuzu artıb, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan reytinqdə 35-ci yerdədir. Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi dəyərləndirilib. Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ümummilli lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqlik, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Qeyd etmək lazımdır ki, bu uğurlarda digər dövlət qurumları ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də mühüm töhfələri olub. Bu da bizim həm iş yükümüzü, həm də məsuliyyətimizi artırır. Demək olar ki, qəbul olunan bütün qanunvericilik aktlarında, dövlət proqramlarında komitənin üzərinə düşən öhdəliklər var. Bu, o deməkdir ki, komitənin fəaliyyətinə xüsusi önəm verilir. Əlbəttə ki, biz də öz işimizlə bunu bir daha təsdiqləməliyik.

AZƏRTAC Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran HüseynovanınAzərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər” sərlövhəli məqaləsini təqdim edir.

Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Dövlətimizin başçısının sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından, 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol xəritəsindən irəli gələrək ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.

Ölkə rəhbərliyinin ciddi dəstəyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ailə, qadın və uşaqlarla bağlı bir çox məsələlər öz real həllini tapıb. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilib. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və bu maraqları təmin etmək üçün bütün imkanlar səfərbər olunur. Çox önəmli faktdır ki, hər il dövlət başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bu isə insanların bütövlükdə Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirir. Nəticədə xalqla hökumətin sıx birliyi yaranıb.

Əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslanıb. Azərbaycanda hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdə layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. Qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə də geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Bu isə Azərbaycan hökuməti və Prezident İlham Əliyev tərəfindən aparılan güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

Bu gün qarşımızda dayanan əsas məqsədlərdən biri qadın sahibkarlığının inkişafıdır. Bununla əlaqədar olaraq bir sıra mühüm tədbirlər keçirildi, memorandumlar imzalandı. 2018-ci ilin iyul ayında Bakıda “İşgüzar Qadınlar” Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb. Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Həmin ilin sentyabrında Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda da əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabr ayında isə Rusiya Federasiyasının Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” biznes forumu keçirilib. Otuzadək azərbaycanlı sahibkar qadın iki dövlət arasında biznes və işgüzar əlaqələrin qurulmasına yönəldilmiş bu Forumda iştirak edib. Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər, yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxalq səviyyədə əlaqələr qurulsun, şəbəkələr yaradılsın. Bu məsələləri biz bütün səviyyələrdə qaldırırıq. Azərbaycan 2012-ci ildən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupuna sədrlik edir. 2018-ci ildə Qazaxıstanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə SPECA İqtisadi Forumunda da bu məsələlər müzakirə olunub. Bir sıra layihələrimiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşır. Nə üçün qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı bu qədər önəmlidir? İlk növbədə, qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir. Bunun üçün isə qadın “işaxtaran” statusdan “iş yerləri yaradan” statusa keçməlidir. İkincisi, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. Üçüncüsü, ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil alması və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs mərkəzləri, eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək mərkəzi buna əyani misaldır. Qeyd etmək lazımdır ki, 2018-ci ildə biz Qadın Resurs mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Ümumiyyətlə, 2011-2018-ci illər ərzində təlim və tədbirlərdə iştirak edən qadınların və gənclərin sayı 5500 nəfər olub. Keçən dövrdə 102 qadın sahibkarlıq fəaliyyətə başlayıb, 50-yə yaxın qadın əlavə işlə təmin edilib. Regional Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində mərkəzlərin fəaliyyətindən 20 min 748 vətəndaş bəhrələnib. Ümumilikdə 6 il ərzində mərkəzin fəaliyyətindən 11 min 385 nəfər faydalanıb. Buna görə də mərkəzlərin fəaliyyətini təkmilləşdirmək məqsədilə əməkdaşların peşəkarlığının artırılması ilə yanaşı, maddi-texniki bazası da intensiv şəkildə möhkəmləndirilir. 2018-ci ildə daha bir mərkəzin Zaqataladakı yeni binasının açılışı olub. Bu il investisiya layihəsi çərçivəsində Goranboydakı mərkəzin yenidən inşası nəzərdə tutulur. Mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi göstərilən xidmətlərin keyfiyyətini daha da artırır. Bu şərait yaratdıqlarına görə ölkə rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə xüsusi olaraq təşəkkür edirik.

Bu gün qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadır. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30 faizi dövlət, 70 faizə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Dövlət Gömrük Komitəsində ikinci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20 faizə qədər yüksəlib. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu müsbət diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq.

Digər aktual məsələlərdən biri də məişət zorakılığı və gender əsaslı zorakılıq hallarının qarşısının alınmasıdır. Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Məlum olduğu kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların icra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb. Qrup üzvləri ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Onlar daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.

Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir.

Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qısqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin.

Son onillik ərzində mütəxəssislər, tədqiqatçılar və ictimai fəallar arasında gender bərabərliyinin təşviqində kişilərin rolunun əhəmiyyəti daha çox vurğulanır. Digər tərəfdən, kişilərin gender bərabərliyinin təşviqində tərəf-müqabili və müttəfiq kimi cəlb olunmaması qadınların və qızların bununla əlaqədar olan yükünü daha da artır. Bunu nəzərə alaraq, 2017-ci ildə BMT-nin Əhali Fondunun dəstəyi ilə ölkədə “Kişilərin gender bərabərliyinə münasibətinə dair” Tədqiqat (IMAGES) aparıldı. Bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Bu tədqiqatın nəticələri aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Bu sahədə həyata keçirilən layihələrdən biri də “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”dir. Layihə çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Ağdam rayon icra hakimiyyətləri yanındakı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları nəzdində operativ işçi qrupları (şəbəkələr) yaradılıb.

Hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artmış və əhali arasında cins nisbəti demək olar ki bərabərləşib. Belə ki, hazırda əhalinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir. BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə üçillik yeni layihənin icrasına başlanılıb. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilmiş, sosial çarxlar hazırlanıb. 11 oktyabr - Beynəlxalq Qızları Müdafiə Günü ilə bağlı “Atalar və Qızlar” adlı fotosərgi, festival keçirilib, “Qız yükü” tamaşasının ictimai baxışı olub. Nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycan Hökumətinin və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanmasıdır. Bununla əlaqədar olaraq, 2017-ci ilin dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Merilənd Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib. O, bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət qurumlarına göndərilib. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin iştirakı ilə aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Hazırda sənəd üzrə son işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur.

Yeni qanun layihələri ilə yanaşı, mövcud qanunların ekspertizası aparılır, yeni təkliflər hazırlanır. Məsələn, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərar layihəsi 11 nəfərdən ibarət yeni tərkibdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli, 81 saylı Qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın Tədbirlər Planının 4.1.5-ci bəndində nəzərdə tutulan “Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi” ilə bağlı komitə tərəfindən “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə göndərilib. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi aidiyyəti dövlət qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərir. Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Belə ki, dünyada son 53 ildə boşanmaların sayı iki dəfə artıb, nikahların sayı da bir o qədər azalıb. Biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq 9 milyon 900 mini ötüb. Bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var.

Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu mənfi tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün “Ailə Psixoloqu” İnstitutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin gürünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir. Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılıb. Lakin bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəslə gənc nəslin dialoqunu təşkil edirik. Bizim maraqlı və uzunömürlü layihələrimizdən biri də “Ailə bayramı” və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur. Festivalın əsas məqsədi kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir. Eyni zamanda, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun inkişafına töhfə verməkdir. Bu filmlərdən maarifləndirici tədbirlərdə əyani vəsait kimi istifadə edilir. Bəzən məruzə ilə, təlimlə izah olunmayan məqamlar, ekran dili ilə daha effektiv və emosional formada çatdırılır ki, bu da insanda dərin psixoloji iz qoyur.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülüb. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, komitə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Keçən il “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanmış və hökumətə təqdim edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün uşaqlar üçün, xüsusilə də cəmiyyətdəki daha həssas uşaqlar–xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr keçirilir. Bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılıb. Onlar üçün təhsil, tibb, istirahət və digər xidmətlər əlçatandır. Ədalətli, inklüziv çıxış imkanları var. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi yaradılıb. Mütəmadi olaraq uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır, tövsiyələr hazırlanır, sənədlər Nazirlər Kabinetində toplanır və Prezidentə hesabat verilir. Bu, müvafiq dövlət qurumlarının uşaq məsələlərini daha çox diqqətdə saxlamalarına səbəb olur. Ölkəmiz “Uşaq hüquqları haqqında” Konvensiyadan irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər 4 ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən yüksək qiymətlər alırıq. Bu, onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib. Mühüm qanunlar, dövlət proqramları qəbul olunur, vacib layihələr həyata keçirilir. Bir çox ölkələrdən, hətta inkişaf etmiş ölkələrdən bu sahədə biz öndəyik. 2009-cu il “Uşaq ili” elan olunub. Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı 350-dək artıb. Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak edə bilsinlər. Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. Prezident İlham Əliyev öz çıxışlarında könüllülərin fəaliyyətini xüsusi olaraq vurğulayır: “Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir”. Qeyd etmək istərdik ki, Forumun iştirakçılarından formalaşan çevik və fəal könüllülərimiz var. Onlar bütün layihələrdə çox həvəslə iştirak edirlər. Hər iki ildən bir UNICEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq forumları keçirilir. BMT Uşaq Fondunun da qeyd etdiyi kimi, Azərbaycanın bu təcrübəsi uşaq liderliyinin reallaşması sahəsində digər ölkələr üçün yaxşı nümunələrdən biridir. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb.

Müxtəlif dövlət qurumları çox vacib layihələr həyata keçirir. Bunlardan “Uşaq qayğı sistemində islahatlar”, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”, “Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması”, “Ana südü ilə qidalandırma həftəsi”, “Uşaq hüquqlarına dair elektron məlumat bankı”nın yaradılması, Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mövcud elektron məlumat bazasının yenidən qurulması və başqa layihələrin adlarını çəkmək olar. Mərkəzlərdə hesabatlılıq sisteminin təkmilləşdirilməsi məqsədilə UNICEF-in dəstəyi ilə keys menecment üzrə yeni elektron CES məlumat bazasının qurulması istiqamətində birgə iş aparılır. Burada, həmçinin yeni təqdim olunan SİB-R sistemi 0-90 arası şəxsin davranışı haqqında qrafiklər əsasında ətraflı informasiya əldə etməyə imkan yaradacaq. Qeyd edək ki, bu elektron məlumat bazası MDB ölkələri arasında yalnız Azərbaycanda mövcuddur. Belə önəmli layihələr maarifləndirmə uşaq hüquqlarının müdafiəsi işini daha da gücləndirir, həm də yaxşı nəticələr verməkdədir.

KİV-lə əməkdaşlıq çox vacib məsələdir. Biz ildə 4 dəfə monitorinq keçiririk. Həmin monitorinqlər zamanı jurnalistlərin bu sahədə bilik və bacarıqlarının kifayət qədər olmadığı üçün bir neçə maarifləndirici təlimlər keçirmişik. Komitə jurnalistlər üçün yerli ekspertlərin iştirakı ilə 2014-cü ildə “Azərbaycan ailə modelinin KİV-də düzgün tanıdılmasının əhəmiyyəti”, 2015- ci ildə “Məişət zorakılığı KİV-də necə işıqlandırılmalıdır”, 2016-cı ildə “Gender məsələləri və selektiv abort problemi KİV-də”, həmçinin Komitə və Avropa İttifaqının TAIEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2017-ci ildə “Gender problemləri və media” mövzusunda ikigünlük beynəlxalq seminar keçirib. Seminar çərçivəsində “Avropa İttifaqında gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa İttifaqı ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçirilib. 2019-cu ilin yanvar ayında Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mediada gender bərabərliyi” mövzusunda üçgünlük təlim keçirilib. Eyni zamanda, gender stereotiplərin aradan qaldırılması üzrə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərən jurnalistlərin stimullaşdırılması üçün ildə bir dəfə müsabiqə keçirir və fərqlənən jurnalistləri mükafatlandırırıq.

Bizim əsas istiqamətimiz əhalini maarifləndirməkdir. Bu çox vacib məsələdir. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, həmçinin bu prosesin neqativ tendensiyaları insanların düşüncəsinə təsir edir, yad elementlər yaranır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar yaradılır. İmkan vermək olmaz ki, bu boşluqlar ailələrimizə, gənclərimizə mənfi təsir göstərsin. Bu baxımdan maarifləndirmə layihələri müxtəlif mövzulara həsr edilir, cəmiyyətdə gənclərin və qadınların rolu qabardılır. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Uşaqlar və gəncləri isə bizim gələcəyimizdir. Onlar sosial həyatda daha fəal iştirak etməli, ölkəmizin inkişafına, gələcəyinə öz töhfələrini verməlidirlər.

Prezident İlham Əliyev öz çıxışlarında vurğulayıb ki, “Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil, bu, reallıqdır”. İnsan kapitalının inkişafı hər bir ölkənin, o cümlədən Azərbaycanın qarşısında dayanan əsas məqsəddir. Çünki insan kapitalına qoyulan investisiya bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir. Məhz bu baxımdan Azərbaycan Respublikasında dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcəkdə də davam etdiriləcək.