06 sentyabr 2019 11:13
145

Azərbaycanda əməkçi miqrantların sayı artır

Dövlət başçısı İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, ölkəmizdə  stabil iqtisadi tərəqqi, yeni iş yerlərinin açılması prosesi sürətlə inkişaf edir. Dünya iqtisadiyyatında belə zaman-zaman çətinliklərin yaşandığı bir dövrdə ölkəmizin dinamik inkişafını davam etdirməsi, davamlı ictimai-siyasi sabitliyin, tolerantlıq mühitini qoruması əcnəbi işçi qüvvəsini cəlb edən başlıca faktordur.

BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasına uyğun olaraq, əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşılması  və sosial müdafiəsi yönündə aparılan işlər onu deməyə əsas verir ki, Azərbaycanda əmək miqrasiyasının beynəlxalq normalara uyğunlaşdırılması üçün bütün zəruri prinsiplər qorunur, xüsusən bu siyasət qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilir.

Son illərdə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə iş icazəsinin verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği də azaldılıb. Həmçinin əmək müqavilələrinin elektron qeydiyyat sistemində işləyən ölkə vətəndaşları kimi, respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlanan əmək müqavilələri də qeydiyyata götürülür. Eyni zamanda, Azərbaycan vətəndaşları kimi, onlara da fərdi uçot sistemində fərdi şəxsi hesab açılır ki, bu da həmin insanların gələcək əmək və digər sosial müdafiə hüquqlarına əsas yaradır. Milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması üçün əmək miqrasiyası kvotasının təkmilləşdirilməsi, ölkədə rəqabətədavamlı iqtisadiyyatın tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması  istiqamətində də işlər aparılır.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki,  Azərbaycanın əmək bazarında kifayət qədər ciddi rəqabət var: “Son dövrlərdə Azərbaycana müxtəlif ölkələrdən gələn miqrantların sayı artan xətt üzrə inkişaf edir. Eyni zamanda, Azərbaycandan miqrasiya edənlərin sayında əhəmiyyətli dərəcədə azalma qeydə alınır. Statistikaya əsasən, 2015-ci ildə Azərbaycana işləmək üçün gələn hindistanlıların sayı 624 olub. 2016-2017-ci illərdə isə bu rəqəm 2000-dən çox olub. Hindistanlılarla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya  vətəndaşları da ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olurlar. Bununla yanaşı, Özbəkistan və İran vətəndaşları qeydiyyatda olan əcnəbilər siyahısındadırlar. Onu da qeyd edək ki, Azərbaycanda 2018-ci ildə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı 30 mindən çox olub. 2019-cu ilin birinci yarısı üzrə statistika da 2018-ci illə müqayisədə sabitdir.”

A.Allahverənov onu da qeyd etdi ki, qanunvericiliyimiz ilk növbədə yerli mütəxəssislərin işlə təmin olunmasına şərait yaradır. Yerli bazarda bu və ya digər vakansiya yerinə mütəxəssis tapılmadığı halda əcnəbi  işçilərə üz tutulur. Məsələn, ölkəmizdə tibb sektorunun hansısa sahəsi üzrə yerli kadr olmayanda İran və ya Türkiyənin həkimlərinə müraciət edirlər. Azərbaycanda daha çox tikinti sektorunda, neft-qaz və xidmət sahəsində əcnəbilər əmək fəaliyyəti ilə məşğul olurlar. Amma son zamanlar kənd təsərrüfatı sahəsində də aqronom və digər vəzifələrdə işləyən əcnəbilərə də rast gəlmək mümkündür.

Ekspert onu da vurğuladı ki,  bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan siyasəti nəticəsində nail olunub: “Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin bütün sahələrinə olduğu kimi, qloballaşan dünyada əhəmiyyətinə görə ön cərgələrdə dayanan miqrasiya sahəsinə daim həssas yanaşması, xüsusi əhəmiyyət verməsi, diqqət və qayğısı bu sahədə qanunvericiliyin yüksək səviyyədə olmasını şərtləndirir. Miqrasiya sahəsindəki dövlət siyasətində də demokratiklik və modernlik öz xüsusiyyətlərini qoruyub saxlayır. Belə ki, yerli əmək ehtiyatlarından səmərəli şəkildə istifadə olunması və yüksək ixtisaslı əcnəbi mütəxəssislərin müvafiq işlərə cəlb edilməsi, əməkçi miqrantların da hüquq və azadlıqlarına hörmətlə yanaşılması prinsipləri dayanır.”

Yaqut Ağaşahqızı,

“İki sahil”